“Saakaşvili tərəfdarlarını küçələrə çıxarsa,…” –Ekspert qan töküləcəyini deyir

0
4
“Belə görünür ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyasi parlament seçkisində qələbə qazanıb. Bu partiya proqnozlaşdırıldığından çox səs toplayıb. Halbuki, aylardır keçirilən rəy sorğuları Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının “Gürcü arzusu” ilə başabaş səs toplayacağını göstərirdi, hətta bu nəticəyə görə eks-prezidentin vətəninə dönəcəyi ehtimalları səslənirdi. Olmadı”.

 

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstanda dünən baş tutan parlament seçkisinin ilkin nəticəsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bəzi məntəqələrdə seçki saxtakarlıq halları haqqında məlumatlar gəlir. Ancaq bunun seçki nəticəsinə ciddi təsir edəcəyini düşünmür:

elxan-sahinoglu-esas

“Yox, əgər “Vahid Milli Hərəkat” ölkə boyu müqavimət göstərməyə çalısa, hakim rejim küçələrə polisi tökəcək və qan töküləcək. Bu isə həm Rusiyanın işinə yarayacaq, həm də Gürcüstanın Cənubi Qafqazda demokratiya nümunəsi imicinə ciddi zərbə vuracaq”.

Ekspertin sözlərinə görə, açıq demək lazımdır ki, həm Azərbaycanda, həm də Gürcüstanda azərbaycanlıların mütləq əksəriyyətinin simpatiyası Mixail Saakaşvili və onun partiyasının tərəfində olub:

“Çünki onun siyasəti bizə bəllidir, Azərbaycanla strateji əməkdaşlığa önəm verir, “Gürcü arzusu” isə ikibaşlı oyun oynayır. Buna baxmayaraq, Gürcüstanda hakimiyyətdə hansı siyasi partiya üstün olursa-olsun, Azərbaycanla müttəfiqliyə sadiq qalmaq məcburiyyətindir. Bunu Gürcüstanın milli və təhlükəsizlik maraqları diqtə edir”.