Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın onun barəsində Cinayət Məcəlləsinin (CM) 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi üzrə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Daha sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.