Milli Məclisdən APA-ya verilən məlumata görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.9-cu maddəsinə yeni bəndlər əlavə edilir.
Azərbaycan prezidentinin təqdim etdiyi layihəyə əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-ə qədər) inşa edilmiş tikililərə dair” adlı maddəyə edilməsi nəzərdə tutulan əlavədə qeyd olunu ki, aşağıdakı sənədlər qeyd olunan tarixədək göstərilən evlərin qeydiyyata alınması üçün zəmin yaradacaq:
– icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;
– məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
Layihədə o da göstərilir ki, sənəd, 2013-cü il yanvarın 1-ə qədər inşa edilmiş hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyat məsələlərini asanlaşdırmaq üçün təqdim olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 14-də müzakirəyə çıxarılacaq.