Prezident Elçibəyin şok müsahibəsi:“Kəlbəcərdən camaatı çıxarmaq üçün Türkiyədən helikopter istədim, vermədi” – VİDEO

0
6

İnternetdə Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin 1993- cü ilin aprelində Türkiyənin TRT kanalına verdiyi müsahibə yayılıb.

Strateq.az bildirir ki, Türkiyənin eks-prezidenti Turqut Özalın Azərbaycana səfəri ərəfəsində götürülmüş bu müsahibədə Əbülfəz Elçibəy rəsmi Ankarya qarşı bir sıra ittihamlar  irəli sürür.

Prezident Aparatındakı otağında müsahibə verən prezident Elçibəy Kəlbəcərin işğal olunması ilə bağlı danışaraq qeyd edir ki, ordunun məğlubiyyətində mənəvi ruhun aşağı düşməsindən danışmaq düz olmaz. “Ordunu qurmağa vaxt yoxdur. Düşmən üstümüzə gəlir. Bizim nizami ordumuz yoxdur. Bizə vaxt vermədilər. Azərbaycanın bütün kəndlərində şəhidlər xiyabanı var. Ruh yüksəkliyi olmasa bu olarmı?”-deyə prezident bildirir.

Jurnalistin “Ermənistanla atəşkəs mümkündürmü?” sualının cavabında Elçibəy deyir ki, Azərbaycan atəşin kəsilməsinə razıdır: “Atəşkəslə bağlı  danışıqlar yoxdur. Biz də atəşin kəsilməsini istəyirik. Amma bunun şərtləri var. Bu 3-4 kəlmə ilə danışılmaz. Biz ATƏT-in xətti ilə danışıqlar aparırıq. Həmin danışıqlarda Türkiyənin də nümayəndəsi iştirak edir. Biz hesab edirik ki, o xətlə gedilsə bir uğur qazanmaq olar. Başqa yolu qəbul etmirik”.

Daha sonra prezident Elçibəy Türkiyənin Azərbaycanla bağlı mövqeyini tənqid edir. Dövlət başçısı vurğulayır ki, Türkiyə siyasətdə həmişə bütün dünyaya Azərbaycanın yanında olduğunu bildirir. Amma daha sərt addımlar ata bilərdi. Bu addımlar atılmır.

“Türkiyədən nələr gözləyirsiniz? Bundan sonra Türkiyə nə etməlidir? Sizə necə kömək edə bilər?” sualının cavabı da maraqlıdır. Ə. Elçibəy bildirir ki, o yardımlar haqqında danışmaq istəmir: “Onu gərək türk hökuməti özü düşünsün. Türk hökuməti təcrübəli bir dövlətdir. Kəlbəcər hadisələrində çox çətin bur vəziyyət yaranmışdı. İnsanlar qırılırdı. Mən Türkiyəyə, İrana, Rusiyaya müraciət etdim ki, hərəsi 5-10 helikopter versinlər. Kəlbəcərdə qalan körpələri, qadınları, mülki əhalini atəşin altından çıxarmaq üçün. Heç kim vermədi. Heç bir dövlət vermədi. Nə Rusiya verdi, nə İran, nə də Türkiyə… Bunu humanitar bir addım kimi etmək olardı…”

Türk jurnalistinin “bütün günah başqalarındamı?  Anakaradamı? Sizdə yəni heç bir günah yoxdur?”-deyə prezident Elçibəydən soruşur. Elçibəy Kəlbəcərin işğalında çoxlu  insanların səhvi olduğunu etiraf edir: “Bizim də səhvimiz var. Yəni biz Kəlbəcərin işğalını gözləmiridk. Çünki Kəlbəcərin Dağlıq Qarabağa heç bir aiddiyatı yoxdur. Biz hesab edirdik ki, orada özümüzü müdafiə edə bilərik. O işğalda rus əsgərləri də iştirak etdi. Haradan gəliblər? Muzdululardımı? Bilmirik…”

Daha sonra jurnalist Turqut Özalın Bakıya səfəri zamanı hansı məsələnin müzakirə edilməsini soruşur. “Turqut Özalın Bakıya səfəri zamanı onunla nələri müzakirə edəcəksiniz? Bu səfərdən nə gözləyirsiniz?” sualının cavabında Elçibəyin əsəbi və bir az da ironik cavabı sezilir:

“Qardaşım, mən heç bir şey danışmıram. Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: “Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı… Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər.  Vermədilər… Daha nə istəmək olar ki?  Məndən soruşur “nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə bundan sonra nə istəyəcəyəm? İstəməyə bir luzum qalırmı?”

Hazırladı:

X.SƏFƏROĞLU