“Lady Sharm”da satılan mallar təmizdir, yoxsa?

0
6

Paytaxtda fəaliyyət göstərən bir sıra geyim dükanlarında satılan məhsulların heç də hamısı keyfiyyətli deyil. Xüsusilə brend mallar satılan mağazalarda vəziyyət qənaətbəxş hesab olunmur. Geyim satan mağazalar da kampaniyalardan istifadə edirlər. Xüsusilə də özəl günlərdə məhsullara 30%, 50%, 70% endirim tətbiq edirlər. Belə dükanlardan biri də “Lady Sharm” geyim dükanıdır. Burada gündəlik və ziyafət geyimləri satılır.

Neftçilər metrosunun yaxınlığında yerləşən “Lady Sharm” geyim dükanının birinci mərtəbəsi gündəlik geyimlərin, ikinci mərtəbəsi isə sırf ziyafət geyimlərinin satışıyla məşğuldur. “Lady Sharm” geyim mağazasına məşhur brendlərin ziyafət, gündəlik, kokteyl, işgüzar geyimləri, kostyumlar, frençlər, paltolar, dəri və müxtəlif materiallardan kombinasiya olunmuş üst geyimləri, xəzlər, çantalar və ayaqqabılar əsasən Türkiyədən, Fransadan, İspaniyadan, İtaliyadan və dünyanın bir çox ölkələrindən gətirildiyi deyilsə də, bizdə olan məlumata görə, həmin mağazaya mallar Çindən gətirilir. Bildiyiniz kimi Çinin elə məhsulları var ki, həddindən artıq keyfiyyətsiz olurlar. Bizə verilən məlumata görə, Lady Sharmda satılan məhsullar da hədsiz dərəcədə keyfiyyətsizdir. Buna baxmayaraq sözügedən mağazada geyimlərin qiyməti adamı şoka salır. Xüsusilə də ziyafət geyimləri həddindən artıq baha qiymətə xanımlara satılır. Halbuki Binə ticarət mərkəzində fəaliyyət göstərən adi dükandan bu cür geyimləri yarı qiymətə almaq mümkündür. Sadəcə olaraq “Lady Sharm” mağazalar şəbəkəsi vətəndaşları aldatmaqla məşğuldur. Brend mal satırıq deyərək istehlakçıları aldadırlar. Təəssüf ki, bu cür işbazların toruna düşənlərin sayı-hesabı yoxdur. Əgər şəbəkə geyimləri İtaliyadan, İspaniyadan, Fransadan gətirirsə, hazırkı qiymətlər də buna uyğun deyil. Çünki hər kəsə bəllidir ki, məhsullar yuxarıda sadaladığımız ölkədən gətirilmiş olsaydı, sadə vətəndaşların bunu almağa imkanı çatmazdı. Gömrükdə gətirilən mallara qoyulan haqq, bəzi məmurlara verilən “şapka”lar onu deməyə əsas verir ki, sözügedən mağazalar şəbəkəsi satdığı məhsullar yalnız və yalnız Çindən gətirir.

Halbuki “Lady Sharm” mağazalar şəbəkəsində 50-60 manata da don almaq mümkündür. Ona görə də məhsulların yuxarıdakı ölkələrdən gətirilməsi inandırıcı deyil. Bu kimi vasitələrlə özünə müştəri toplamağı qarşısına məqsəd qoyan mağaza əslində tələyə düşən qurbanların sayəsində məqsədinə nail olub.

Mütəxəssislər də bildirirlər ki, ölkəmizdə istehsal olunan məhsulların üzərinə müxtəlif bahalı brendlərin etiketlərini yapışdırırlar, altından da yazırlar ki “Made in İtaly”, “Made in France”, “Made in Turkey” və yaxud Avropanın başqa bir ölkəsinin adı yazılır və baha qiymətə satılır. Hətta onu da bildirirlər ki, orta səviyyəli brendlərin malları əslində həmin şirkətlərin keyfiyyətsiz məhsullarıdır. Bu mallar həmin firmaların fabriklərində “düzgün tikilməyən mallar” adı altında toplanır və sonra da ucuz qiymətə istəyənlərə satılır. Bizim iş adamları gedib o malları ucuz qiymətə alırlar. Əksər paltarların üstündə həmin “defekt”i görmək mümkünsüzdür. Məsələn, tikişinin biri əyri olur, ya da parça bir az artıq işlədilir. Bu mallar xaricdə aşkar olunarsa, firmanın nüfuzuna xələl gətirə bilər. Bakıdakı mağazaların çoxunda məşhur brendlərin yararsız malları var. Kimsə bu “defekt”i aşkar edəndə deyirlər ki, dəb belədir.

Təəssüf ki, istehlakçılar da satıcıların fikirlərinə inanırlar. İstehlakçılar çox zaman mağazanın adına, orada satılan məhsulların brendlərinə aldanaraq işbazların toruna düşürlər. Çox zaman eşidirik ki, istehlakçı bildirir ki, bahalı dükandan almışdım. Amma keyfiyyətindən narazıyam. Bu zaman dediklərimiz öz əksini tapmış olur.

Əsasən də müştərilər endirimlərə daha çox inanırlar və saxta endirimlərin qurbanına çevrilirlər. İstehlakçılar hüquqlarından xəbərsiz olduqları üçün işbazların toruna düşürlər.

Düzdür, geyim insanın xarici imici üçün çox önəmlidir. Lakin geyimlərin keyfiyyətli olması ondan da önəmlidir. Ona görə də geyim alarkən diqqətli olmaq vacib şərtlərdən biridir.

Serhed.info