“Müxalifət məqsədini və mahiyyətini bir daha büruzə verdi”

0
6

Ramiz Tağıyev:”Müşahidə etdiklərim daha çox sönük şouları xatırlatdı”

11 və 17 sentyabr tarixlərində Milli Şuranın və 18-də Müsavat partiyasının keçirdikləri mitinqlər reanimasiyada olan ölkə müxalifətini düşdüyü acınacaqlı durumdan çıxarmadı. Yenə köhnəlmiş bəhanələr, yersiz çəkişmələr, qarşılıqlı ittihamlar… Mitinqləri müşahidə etmiş Milli Azadlıq hərəkatının öndərlərindən olmuş Canımız Azərbaycan Naminə Partiyasının sədri (CANP) Ramiz Tağıyev keçirilmiş mitinqlərin müxalifətə yeni nəfəs vermədiyini, əksinə müxalifətdaxili münasibətləri daha da kəskinləşdirdiyini söylədi:

“Müşahidə etdiklərim daha çox sönük şouları xatırlatdı. Əsasən iqtidarı tənqid atəşinə tutan müxalifət yetkililəri ortaya yeni nə isə qoya bilmədilər. Təbii ki, tənqid etmək asandır. Xalq isə müxalifətdən yeni fikirlər, proqramlı, birgə hərəkət gözləntisində idi ki, ümidi növbəti dəfə puç oldu. Bunun fonunda ölkə prezidenti daha ümidverici, gələcəyə inam yaradan çıxışlar edir ki, ölkə əhalisi İlham Əliyevə dəstəyini açıq-aydın nümayiş etdirir.

Açıq söyləyim, ölkə iqtidarının gücü yalnız prezidentə bağlıdır. Bəzi iqtidar yetkililəri özlərini güclü, prezidentin müdafiəçiləri kimi göstərsələr də, görünən odur ki, İlham Əliyevin çevik, yorulmaz fəaliyyəti iqtidarın yarıtmaz məmurlarının fəaliyyətsizliyini sığortalıyır. Düşünürəm ki, ölkə prezidenti referendumdan sonra iqtidar komandasına özü ilə ayaqlaşa bilən kadrlar gətirməlidir. İşlərini görüntü yaratmaqla bitmiş hesab edən, zamanlarını xalqa xidmət etməkdən daha çox, öz şəxsi bizneslərinə sərf edən korrupsioner, rüşvətxor məmurların yola salınması prezidentə xeyli əlavə divident gətirə bilər.

 

Müxalifət düşərgəsində baş verənləri müşahidə etdikcə bir daha bu qənaətə gəldim ki, İlham Əliyevi hələlik əvəz edə biləcək namizəd görünmür. Əlbəttə, bu, iqtidara arxayınlaşmaq üçün əsas vermir. Ölkənin iqtisadi durumu göz qabağındadır. Məmurları qamarladıqları sərvət, zəbt etdikləri minlərlə hektar torpaq barədə xalq ətraflı bilgiyə malikdir.

 

Artıq söyləmək mümkündür ki, ölkə prezidenti xalqdan oğurlanmış sərvətləri xalqa qaytarmaq fikrində və əzmindədir. Əlbəttə, bu o qədər asan iş deyil. Ancaq etiraf etmək lazımdır ki, prezident kifayət qədər iradəli və cəsarətlidir. Atdığı addımlar da xalqın ləyaqətli övladları tərəfindən mütləq dəstəklənəcək. Bunlar baş verəcəksə, hələ uzun illər İlham Əliyev ölkəyə rəhbərlik edib, xalqına xidmət edəcək. Müxalifət barədə çox danışmağa ehtiyac duymuram. Bir onu söyləyə bilərəm ki, AXCP Müsavatla “siçan-pişik” oyunuyla heç bir uğur əldə edə bilməyəcək. Müxalifər liderləri hədsiz cılız hislərin daşıyıcıları olduqlarını bir daha təsdiq etdilər. Mitinqlərə toplaşanların say hesabı ilə Əli Kərimli Arif Hacılını azacıq üstələsə də, qalib heç biri hesab oluna bilməz. Bir araya gələ bilməməkləri, yersiz iddiaları onları siyasi səhnədən uzaqlaşdırılmalarına münbit şərait yaratdı. Ölkəni taleyi oyunbazlıq meydanı deyil, real işlər gözləntisində olan insanların məkanıdır.”

 

Nicat sadiq