Milli Şuranın mitinqində saxlanan gənclərə 8 sutka verildi

0
6

Bu gün – sentyabrın 19-u Yasamal Rayon Məhkəməsi Milli Şuranın aksiyasından sonra tutulan gənclərdən 4-nə 8 sutka inzibati həbs verib.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, onlar Toğrul İbrahim, Məcnun Əhməd, Ülfət Həsənqarayev və Orxan Carçıdır.

Milli Şuranın sentyabrın 17-də keçirilən referendum əleyhinə aksiyasında ümumilikdə 14 gəncin saxlandığı bildirilir. Yaxın dəqiqələrdə digər saxlananlarla da bağlı hökm veriləcəyi gözlənir.

Şahidlərin sözlərinə görə, Milli Şuranın sentyabrın 17-də keçirilən mitinqdən sonra polis aksiyaçılara hücum edərək, onları əvvəlcədən gətirdikləri avtobuslara doldurub. 40-dan artıq aksiyaçı tutulub. Polis müdaxiləsindən öncə gənclərdən metronun «İnşaatçılar» stansiyasına doğru irəliləyərkən müxtəlif şüarlar səsləndirənlər də olub. Saxlananlardan çoxu sonradan sərbəst buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qeyd edilirdi ki, aksiya iştirakçılarından bəziləri ictimai asayişi pozduqlarına görə saxlanıblar.

Milli Şura Konstitusiyaya dəyişiklik əleyhinə aksiya keçirib.