“Onu maraqlandıran Azərbaycan dövlətinin gələcək taleyi deyil, xaricdən aldığı milyonlardır”

0
5

“Onu maraqlandıran Azərbaycan dövlətinin gələcək taleyi deyil, xaricdən aldığı milyonlardır”

Ramiz Tağıyev: “Belə bir ərəfədə mitinq çağırışları etmək, mitinq keçirmək yalnız düşmən ölkələrin mənafeyinə uyğun gəlir”

Son günlər ölkə gündəmi olduqca hərəkətlidir. Avqust ayı boyunca cəbhə bölgəsində olan gərginlik, bu müddətdə ölkə mediasının hadisəyə münasibəti, qardaş Türkiyə Cümhuriyyətində keçirilən seçkilər və son günlər baş verən həbslərə münasibət birmənalı deyil. Bütün bu məsələlər barəsində baş məsləhətçimiz, CANP-nın sədri Ramiz Tağıyevlə geniş söhbət apardıq. Oxucularımıza müsahibəni təqdim edirik.

(Əvvəli ötən saylarımızda)

-Digər müxalifət partiyalarıyla əməkdaşlıq etmək fikriniz varmı?

-Bunu zaman göstərər. Hələlik münasibətlər dialoq və müzakirələrdən o yana keçmir. Tələsməyə ehtiyac duyulmur. Çünki bəziləri kimi müttəfiqliyi müəyyən proseslər üçün nəzərdə tutmuruq. Müttəfiqliyin davamlı olması baxımından qarşı tərəfin məram-məqsədini dərindən öyrənib, sonra masa arxasına əyləşməyi məqsədəuyğun hesab edirik. Təbii ki, hər şeyi qara rəngdə görənlərlə eyni sırada olmaq niyyətimiz yoxdur. Bizim mübarizəmiz ağıl müstəvisindən kənara çıxmayacaq. Ölkəmizdə sabitliyin davamlı olması bizi də qane edir. Dünyada baş verən anormal hadisələrin ölkəmizə ötürülməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik.

-Anormallıqlar deyəndə nələri nəzərdə tutursunuz?

-Bəzi ölkələrin “mətbəxt”ində hazırlanmış dağıdıcı inqilab planlarının ölkəmizə “transfer”ini qəbul edə bilmərik. İŞİD adıyla Qərbin projesini həyata keçirən üzdəniraq qruplaşmanın Türkiyə sərhədlərinə yaxınlaşması bizi narahat etməyə bilməz. İŞİD bəzi ölkələrin hazırladığı çirkin oyundur. Dünyanın bir kiçik qruplaşmanın qarşısında guya aciz qalmasına qətiyyən inanmadığımdan, İŞİD-in xüsusilə müsəlman ölkələrində çaxnaşma yaratmaq üçün yaradıldığı qənaətindəyəm. Mən, artıq nə ABŞ-a, nədə ki Avropa Birliyinə inanmıram. Onlara inanıb ölkəmizdə çaxnaşma yaratmaq istəyənləri sözün əsil mənasında xəyanətkar adlandırıram. Belə bir ərəfədə mitinq çağırışları etmək, mitinq keçirmək yalnız düşmən ölkələrin mənafeyinə uyğun gəlir.

-Yeri gəlmişkən, “Milli Şura”nın keçirdiyi son mitinqdə iştirak etdinizmi?

-Mənim orda nə işim ola bilər? Yenə qeyd edirəm, indiki məqamda kütləvi tədbirlərin keçirilməsinin əleyhinəyəm. Elə bilirsiniz, ölkəmizdə terror törətmək istəyən İŞİD tərəfdarları yoxdur? Gördünüzmü, İŞİD-in bayrağını qaldıranlar da tapıldı. Mitinqin təşkilatçıları şükr etsinlər ki, polis lazımlı təhlükəsizlik tədbirləri görmüşdü. “Milli Şura”-da təəssüf ki, bunu qiymətləndirə biləcək insanlar yoxdur. Əksinə, mitinq iştirakçılarının azlığının səbəbini polisin üstünə atmaqdan utanmırlar.

-Sizcə nə üçün “Milli Şura”nın son mitinqinə az sayda insan qatılmışdı?

-Onlar yüz dəfə mitinq keçirsələr də, ölkə əhalisinin dəstəyinə nail ola bilməyəcəklər. Xaricilərin əl oyuncağına çevrilmişlərə kim dəstək verəcək? İndi hər kəs kimin-kim olduğunu yaxşı bilir. Ölkə əhalisinin böyük əksəriyyəti sabitliyin tərəfdarıdır. Müharibə şəraitində yaşayan ölkədə sabitliyin pozulması ciddi fəsadlara yol aça bilər. İnanın ki, Azərbaycan dövlətçiliyinin mövcudluğu şübhə altına düşər. Görmürsünüz, böyük dövlətçilik ənənələrinin olduğu qardaş Türkiyə Cümhuriyyətində nələr baş verir.

-“Milli Şura”nın rəhbərliyi bunu dərk etmir?

-Orada əsas söz sahibi AXCP sədri Əli Kərimlidir. Təsəvvür edirsinizmi, guya “Milli Şura”nın təşkil etdiyi mitinqdə Ə.Kərimli tribunanın mərkəzində dayanmışdı. Cəmil Həsənli isə dərsini bilməyən uşaq kimi küncə sıxışdırılmışdı. Ə.Kərimli xarici kəşfiyyat orqanlarının agenti olaraq, onların qarşısında öhdəlik götürmüş birisidir. Onu maraqlandıran Azərbaycan dövlətinin gələcək taleyi deyil, xaricdən aldığı milyonlardır. Onu yaxşı tanıdığımdan bilirəm ki, öz çirkin məqsədlərini həyata keçirmək üçün İŞİD-lə də müttəfiqlik edə bilər. Atalar yaxşı deyib ki, “dostunu göstər, deyim kimsən”. Ə.Kərimlinin dostu Leyla Yunus deyilmi? Onların Fransa prezidenti Fransua Ollanddan imdad dilədiyinin şahidi olduğumdan, düşünürəm ki, hər ikisi Azərbaycanın istənilən düşmənləriylə əməkdaşlıq edə bilərlər.

-Mitinqin məramı pis deyildi. Tələbləri siyasi məhbusların azad olunması idi. Siz də dəfələrlə bəzi siyasi məhbusların azad olunmasını tələb etmisiniz. Bu mənada, mitinqə qatılmanız düzgün olmazdı?

– Mitinq öncəsində də öz mövqeyimi açıqlayıb bildirmişdim ki, indiki vəziyyətdə hər hansı kütləvi tədbir keçirmək İŞİD-ə dəstək vermək kimi bir şeydir. Nə oldu, nə üçün bu zamana kimi hərəkətsiz olanlar, İŞİD-in Türkiyə sərhədinə yaxınlaşmasından cuşa gəldilər? Və yaxud Ermənistanda mitinqlər başlayan kimi bunlar da hərəkətə keçirlər. Mən, bunu təsadüfi hesab etmirəm. Baş verənlər eyni mərkəzdən idarə olunur. Bəli, bir çox siyasətçinin, jurnalistin həbsxanada qalmasının tam əleyhinə olduğumu dəfələrlə açıqlamışam. Ancaq Ermənistana, İrana və bir sıra ölkələrin kəşfiyyat strukturlarına agentlik edənlərin siyasi məhbus siyahısına salınmasına etiraz etmişəm və bu gündə Bakı metrosunda yüzlərlə insanın ölümünə səbəb olmuş terrorçuları siyasi məhbus adlandıranları xəyanətkar hesab edirəm. Mövqeyimizi açıqlamaqdan ötrü yalnız mitinqlərdənmi istifadə etməliyik? Bəyanat vermək olar və yaxud imza toplayıb ölkə rəhbərliyinə təqdim etmək olar. Toplasınlar görək, Leyla Yunusa neçə insan dəstək verəcək?

-İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn kimi siyasətçilər də mitinqə qatılmışdı…

-Bekar adamlardır. Vaxt keçirmək, guya siyasi fəaliyyətlə məşğul olduqlarını nümayiş etdirmək üçün nə isə etməlidirlər, ya yox? (gulur).

-Mitinqdə səsləndirilən şüarlarla tanışsınızmı?

-Hərəsi bir hava çalırdı. Bəzisi dini şüarlar, bəziləri də siyasi məhbuslara aid olmayan şüarlar səsləndirməkdə idi. Yəni, ümumi məram-məqsədləri sona qədər bəlli olmadı.

-İstefa şüarı səsləndirənlər də oldu?

-Onların peşələridi. Boş-boşuna şüar səsləndirib, onları maliyyələşdirən havadarlarının xoşuna gəlmək istəyirlər. Xalqın seçiminə hörmət etmək hər kəsin borcu olmalıdır. Azərbaycanın qanuni seçilmiş prezidenti var. Şəxsən mən, ölkə prezidentinin fəaliyyətindən razıyam. Əlbəttə, iqtidar komandasında yerində olmayan məmurlar az deyil. Bütün hallarda ölkədə baş verən böyük quruculuq işlərini, sürətli iqtisadi inkişafı inkar etmək fikrindən çox uzağam. Ölkənin uğurları ilə daima qürur duymuşam. Bir az əhalinin yaşayış səviyyəsi yüksəlsə daha yaxşı olar. İstefa şüarı səsləndirənlərin səviyyəsi ilə tanış olsanız, onların ölkənin gələcəyinə bədbəxtlik gətirə biləcək birilərinin olduğuna şübhə etməzsiniz.

-Ramiz bəy, gəlin bir az da özünüz barədə söhbət açaq. Həyatınızdan, keçdiyiniz mübarizə yolundan razısınızmı?

-Əlbəttə. Ağrılı-acılı nələr olubsa onlar mənim tale qismətimdir. Səhvlərim də çox olub. Onların peşmançılığını çəksəm də, daha çox gələcək həyatımı səhvsiz yaşamaq barədə düşünürəm.

-Bəziləri sizin əslən Balakəndən, bəziləri isə Culfalı olduğunuzu söyləyir. Haralısınız?

-Bu sualınızdan heç xoşum gəlmədi (gulur). Azərbaycanlıyam. Vətənimizin hər qarışı, hər güşəsi məni üçün doğmadır, əzizdir. Əgər sizi harada dünyaya göz açmağım maraqlandırırsa, bu başqa məsələ.

-Razılaşdıq ki, sizi olduğunuz kimi təqdim edək. Nəslinizin keçdiyi keşməkeşli yoldan ara-sıra söhbət açsanız da, ətraflı məlumat almaq istəyərdik…

-Atam Ordubadın Nüsnüs, anam isə Culfanın Yaycı kəndindən olub. Hər ikisinin valideynləri 1937-ci il Stalin repressiyasına məruz qaldıqlarından, Qazaxıstana sürgün ediliblər. Sürgündən qayıtdıqdan sonra, onların Naxçıvan ərazisində yaşamasına icazə verilməyib. Balakəndə məskunlaşıblar. Mən orada dünyaya göz açmışam. Orta məktəbi də Balakən şəhərində bitirmişəm. Anama Balakənin havası düşmürdü. Rütubətin çox olmasından əziyyət çəkirdi. Naxçıvan getdik. Mən, Naxçıvan Pedaqoji İnstitunun tarix fakültəsində təhsil aldım. Təyinatla Culfaya göndərildim.
Babalarım haqqında məlumat verdim. Birdə xatırladıram, ata babam Məşədi Rzaqulu kişi el ağsaqqalı olub. Ordubadın yaşlı nəsli onu daima hörmətlə yad edirlər. O, qulağı kəsik Andronikin quldur dəstəsinin hücumunu dəf etmək üçün, könüllülərdən ibarət müdafiə dəstəsi yaradıb. Sovet hökuməti qurulduqdan sonra “NKVD”-də də kök sala bilmiş ermənilər babamdan qisas almaq məqsədi ilə əvvəlcə onu 5 il həbs cəzası verdirməyə nail olduqdan sonra, 1937-ci ildə isə sürgünə göndərə biliblər. Anamın atası Bağır kişi də iki dəfə haqsızlığa məruz qalıb. 1914-15-ci illərdə Rusiyanın çar höküməti onu pantürkist adlandırıb Tşaritsına (indiki Volqoqrad) sürgünə göndərib. Dahi yazıçımız Məmməd Səid Ordubadi ilə orada birgə sürgün həyatı yaşayıblar. Tarixin istehzasına baxın, babamı 1937-ci ildə, növbəti dəfə Sovet hökuməti “xalq düşməni” adlandırıb sürgünə göndərib. Belə götürsək sürgün mənim üçün düşərli olub.(gülür)

-Necə yəni düşərli olub?

-Atamla anam orada tanış olub, ailə qurublar. Onu bilirəm ki, valideynlərim hədsiz əzablı həyat yolu keçmişdilər. Hətta, çox zaman sürgün həyatından söhbət açıb, xatırlamaq istəmirdirlər. Ancaq orada tanış olduqları, dostluq etdikləri ailələrlə ömürlərinin sonuna qədər mehriban münasibətlərini qoruyub saxlamışdılar. Ən başlıcası 20 illik sürgün həyatı onları dəyişə bilməmişdi. Milli adət-ənənələrimiz unudulmamışdı. Atam söyləyirdi ki, müəllimi olmuş, Məmmədəmin Rəsulzadənin oğlu Azər Rəsulzadənin rəhbərliyi ilə “Şah İsmayıl”ı tamaşaya çıxarıblar. Atam ucaboylu olduğundan Şah İsmayıl rolu ona tapşırılıb. Zalımlığıyla ad çıxarmış komendant Yudin nə qədər əngəlləmək istəsə də, tamaşa baş tutubmuş.

-Məktəb illərinizi xatırlayırsınızmı?Uşaqlıq dostlarınızla əlaqəniz varmı?

-O illəri unutmaq olarmı? Hədsiz mənalı məktəb illərim olub. Həm müəllimlərimi, həm də sinif yoldaşlarımı heç bir zaman unutmamışam. Sinif yoldaşlarımın əksəriyyəti ilə indi də sıx əlaqəm var. Sinifimiz oxuduğumuz məktəbin demək olar ki, tarixinə düşüb. Həm oxumağımızla, həm də fəallığımızla fərqlənirdik. Dəcəlliyimiz də öz yerində. Hər işdə aktiv, öndə olurduq. Sinif yoldaşlarım yəqin ki, inkar etməzlər, sinfimizin təşkilatçısı, lideriydim. (gülür)

-Nələrin təşkilatçısı olurdunuz?

-İdman yarışlarının, bədii gecələrin və hətta müəyyən pyeslərin səhnələşdirilməsinin həyata keçirilməsinə rəhbərlik edirdim.

-İdmanla məşğul olurdunuz?

-Əksər vaxtım Balakənin stadionunda keçirdi. İdmanın əksər növlərinə maraq göstərmişəm. Futbol, ağır atletika, boks, yüngül atletika və hətta şahmat. Ancaq ən çox sevdiyim idman növü futbol olub. Hələ məktəbdə oxuyarkən Balakənin futbol komandasında top qovurdum. Elə həmin zaman yaşca özümdən kiçiklərə məşqçilik də etmişəm. Bəlkə də həmin illərə birdə qayıda bilsəydim, futbol məşqçisi olmaq arazumun gerçəkləşməsinə çalışardım. İdmanın bir neçə növündə Respublika yarışlarında yaxşı nəticələrim də olub. Balakənə hər səfərimdə məni bir zamanlar top qovduğum stadionun sökülüb, yerində məktəb tikilməsi məyus edir. Guya başqa yer tapmaq olmazdı? Bu ötən əsrin 80-ci illərinin sonunda baş verib. Deyəsən, İrşad Əliyev Balakən rayon Partiya Komitəsinin birinci katibiymiş. Yəni raykom. Həmin raykomlar bir zamanlar hakimi-mütləq kimi ağıllarına nə gəlirdi, onu da edirdilər. Stadionun yerində tikilmiş məktəblə, digər məktəbin arasında cəmi 50-60 metr məsafə olduğunu nəzərə alsaq, bunun nə qədər ağılsızlığ olduğunu dərk etmək çətin deyil. Sonradan inşa edilmiş stadion isə baxımsızlıqdan istifadəsi mümkünsüz haldadır.

-Deyirlər ki, ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Siz necə düşünürsünüz?

Ardı var…
Nicat Sadiq

LEAVE A REPLY