Kür və Araz çaylarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır- Nazirlik

0
5

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Kür çayında su sərfi avqust ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 8,7 kubmetr artıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,9, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2,7, Birinci Şahsevəndə 2,9, Bəhramtəpədə isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır