Dövlət Yol Polisindən sürücülərəmüraciət və xəbərdarlıq

0
4

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bilik günü ilə bağlı sürücülərə müraciət edib.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yol polisi yeni dərs ilinin başlanması ilə əlaqədar valideynlərə şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edir: “Təcrübədən görürük ki, yeni dərs ilinin başlanması ilə əlaqədar kiçik yaşlı uşaqların məktəbə müşayiəti zamanı bir neçə nəqliyyat vasitəsindən istifadə edilir. Bilik günü birinci sinfə gedən uşaqlarla yanaşı, məktəbə onlarla ata-ana, nənə-baba, dayı-xala, əmi-bibi və digər yaxın qohumları da gəlirlər. Bir azyaşlı ilə bir neçə avtomobilin hərəkət etməsi həmin məktəbin ətrafında süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarır. Bu da digər hərəkət iştirakçılarında narahatlığa və haqlı narazılığa səbəb olur. Artıq belə halların qarşısının alınması məqsədilə yol polisləri tərəfindən daha ciddi və güzəştsiz tədbirlər görüləcək”.

Bölmə rəisi təhsil müəssisələrinin yaxınlığında yolun hərəkət edən hissəsində avtomobillərini saxlayanlara müraciət edib. O qeyd edib ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq hərəkətə mane olan sürücülər qanun çərçivəsdində cəzalandırılacaqlar.

V.Əsədovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq, şəhər ərazisindəki bütün təhsil müəssisələri nəzarətə götürülüb, gücləndirilmiş iş saatı ilə xidmət aparılacaq.