Ölkənin maliyyə vəziyyəti getdikcə mürəkkəbləşir –Tədiyyə balansının kəsiri 1,8 milyard dollara çatıb

0
4

Mərkəzi Bank 2016-cı ilin I yarımilliyi üzrə tədiyyə balansının vəziyyətinə dair məlumatları açıqlayıb. Tədiyyə balansını analiz edən Samir Əliyev o qənaətə gəlib ki, ölkənin maliyyə vəziyyəti getdikcə mürəkkəbləşir:  “Yola saldığımız yarım ildə tədiyyə balansının kəsiri artaraq $1,8 milyard dollara yüksəlib. Halbuki,  ötən ilin müvafiq dövründə $99 milyon məbləğində profisit olub. 2016-cı ilin birinci rübündə isə kəsir $1,1 milyard olub. Ölkənin valyuta kəsirinin orta aylıq həcmi $300 milyon olub.

Tədiyyə balansının 6 aylıq göstəricilərinin analizi  aşağıdakı tendensiyaları ortaya çıxarır:

1. Cari hesablar balansının kəsiri getdikcə böyüyür. Tədiyyə balansında həmişə profisit yaradan yeganə mənbə – cari hesablar balansı bu dəfə də ümidləri doğrulda bilməyib. Neftin ucuzlaşması və qeyri-neft ixracının azalması səbəbində cari hesablar balansında son 2 rübdə (2015-ci ilin 4-cü rübü və 2016-cı ilin 1-ci rübü) müşahidə edilən defisit 3-cü rübdə də (2016-cı ilin 2-ci rübü) davam edib və artaraq 802 milyon dollara çatıb. Yəni ölkəyə gələn valyutadan $802 milyon artıq geri qaytarmışıq. Halbuki 2015-i ilin müvafiq dövründə cari hesablar balansında $63,3 milyon məbləğində profisit qeydə alınıb. Ancaq 2015-ci ilin sonuncu rübündə defisitin səviyyəsi $222.5 milyona, 2016-cı ilin I rübündə isə $432,2 milyona yüksəlib.

2. Qeyri-neft ixracı azalıb. Manatın devalvasiyası neftdənkənar ixracı dəstəkləyə bilməyib. 2015-ci ilin yanvar-iyun ayı ilə müqayisədə qeyri-neft ixracı 34% azalaraq $827,1 milyondan $544,9 milyona düşüb. Qeyri-neft məhsullarının azalması onun payına da təsir edib. Bu müddətdə qeyri-neft ixracının cəmi ixracda payı 9,5%-dən 8,7%-ə düşüb.

3. Xaricdə göstərdiyimiz xidmətlər nisbətən artıb. 2015-ci ilin birinci yarım ili ilə müqayisədə bu ilin müvafiq dövründə xidmətlər balansındakı kəsir $2,4 milyardan $1,8 milyarda düşüb. Kəsirin almasına səbəb xarici ölkə vətəndaşlarının Azərbaycanda göstərdikləri xidmətin 18% azalmasıdır. Vətəndaşlarımızın ölkə kənarında göstərdikləri xidmət isə 8% azalaraq $1,98 milyarda düşüb. Nəqliyyat və maliyyə xidmətlərində profisit olmasına rəğmən xidmətlərdə ixrac idxalı üstələyə bilməyib.

4. Turizm və tikinti xidmətlərində kəsir azalır. Ərəb turistlərinin son aylar ölkəmizə axını və Formula 1 yarışı turizm sferasına töhfə versə də,  bu turizm xidmətlərindəki kəsiri örtməyə kifayət etməyib. Ötən ilin birinci yarısında ölkəmizə gələn turistlərin göstərdiyimiz xidmətlərə görə $1,10 milyard ödədiyi halda bu ilin müvafiq dövründə $1.19 milyard ödəyiblər. Ancaq turizm xidmətlərində kəsir $118,4 milyondan $32 milyona qədər azalıb. Tikinti xidmətlərində də kəsir azalıb. Bir il öncəki dövrdə $1,9 milyarddan $1,5 milyarda düşüb. Tikinti xidmətləri üçün xaricə göndərilən vəsaitlərin 95%-i neft-qaz layihələri, xüsusən də Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşməsi ilə bağlıdır. Yanvar-iyun aylarında neft-qaz sektorunda tikinti xidmətləri üçün xaricə $1,5 milyard ödənilib.

5. İlkin gəlirlər hesabı çərçivəsində ümumi dövriyyə $700 milyon azalaraq $1,9 milyarda (2015-ci ilin müvafiq dövründə $2,6 milyard) düşüb. Bunun 76.4%-i ($1,5 milyard) Azərbaycandan xaricə ödənilib. Bu məbləğin əsas hissəsini – $987 milyonunu beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində) təşkil edir. Bu hesab çərçivəsində Azərbaycana daxil olan vəsait isə $448 milyondan bir qədər çox olub ki, onun da $343,7 milyonu qeyri-neft fəaliyyəti ilə əlaqədar gəlirlərdir. 2015-ci ilin müvafiq dövründə qeyri-neft fəaliyyəti ilə bağlı gəlirlər $526 milyon olub.

6. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 45% azalaraq $1,12 milyarddan $617,3 milyona düşüb. Cari ilin birinci yarısında Azərbaycana $320 milyon daxil olub, ölkədən isə $297 milyon çıxıb. Yanvar-iyun aylarında xarici ölkələrdən, o cümlədən Rusiyadan göndərilən pul baratları $289 milyon olub.

7. Maliyyə hesabında olan gərginlik nisbətən azalıb. Bu hesab çərçivəsində ölkədən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini $2,2 milyard üstələyib. Ötən ilin uyğun dövründə bu fərq daha çox – $6,3 milyard olub. Buna səbəb xalis maliyyə aktivlərimizin və xaricə depozit axının azalması olub. 2016-cı ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalıb və $4,1 milyarda düşüb. 2015-ci ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri $8,9 milyard olub. Ölkədən çıxarılan depozitlər və nağd valyutanın həcmi isə 5 dəfə azalaraq $4,6 milyarddan $909,7 milyona düşüb. Ölkəmizə birbaşa investisiyaların sabit qalması fonunda xarici ölkələrə investisiyanı azaldaraq $1,7 milyarddan $1,5 milyarda qədər endirmişik”.

Strateq.az