“Qurban bayramında kəsilən xırdabuynuzlu heyvan 3 yerə bölünməlidir”.
Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. Bildirib ki, onun üçdə bir hissəsi kəsən şəxsin özünə qalmalıdır, digər hissəsi isə yoxsullar, imkansızlar arasında paylanmalıdır: “Bu, mütləqdir. Bəs imkansızlar kimlərdir? Kəsən şəxsin qohum-əqrəbasında olan fəqirlər, qonum-qonşu, məhəlləsində, kəndində olan şəxslər. Məsələn, 15 kiloqramlıq bir qoyun kəsəndə onun 5 kiloqramı kəsən şəxsin özünə çatır. İstəsə onu qazanında qaynadar, istəsə də yaxınlarına paylaya bilər. Yerdə qalan 10 kloqramını isə iki hissəyə bölüb yoxsullar arasında paylamalıdır. O, bunu 15-20 pay da edə bilər. Dində qurban kəsiləndə 5-7 pay söhbəti yoxdur”.
Hacı Fuad Nurullayevin fikrincə, qurbanlıq payı bölünərkən bir məsələyə diqqət etmək şərtdir: “Elə adam var tək yaşayır. Ona bir pay ayrılmalıdır. Bu, 700 qram, hətta yarım kloqram da ola bilər. Amma 5 nəfərlik ailəyə elə pay ayırmaq lazımdır ki, ondan bütün ailə yeyə bilsin”.
QMİ rəsmisi xırdabuynuzlu heyvanların tək niyyət edilərək kəsilməli olduğunu vurğulayıb: “Qurban bayramında qoçdan aşağı heyvan kəsilməz. Qoç heyvan tək kəsilməlidir. Erkək heyvan olsa daha yaxşı olar. Əgər erkək yoxdursa, dişi heyvan da kəsə bilər. Bu, qəbul olunandır. Sonra Qurbanda iribuynuzlu dana da kəsilə bilər. Buna da müəyyən adamlar şərik olub, öz aralarında bölgü aparmalıdır.”.
Hacı Fuad Nurullayev qətiyyətlə bildirib ki, qurbanlıq kəsiləndə mütləq heyvanların yaşına əməl etmək lazımdır: “Xırdabuynuzlu qoç 8 aydan 1 yaş arasında, iribuynuzlu dana 1 yaş, dəvə isə 5 yaş arasında olmalıdır”.