Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub

0
4

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında olub.

Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Uşaq Klinikasında aparılan müalicələr barədə məlumat verib. Bildirib ki, 2012-ci ildən fəaliyyət göstərən klinikada kompleks müalicənin bütün növləri yüksək səviyyədə icra edilir. Burada kimya və şüa terapiyası, cərrahiyyə müalicəsi, immunoterapiya üsulları uğurla həyata keçirilir. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Uşaq Klinikasının gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlanıb və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib.

Leyla Əliyeva Uşaq Klinikasında müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib, tezliklə sağalmalarını arzulayıb, uşaqlarla şəkillər çəkdirib. Valideynlər burada yaradılan yüksək şəraitdən razılıqlarını bildirib, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq ediblər.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli qeyd edib ki, uşaqlarda onkoloji xəstəliklərin müalicə prinsipləri böyüklərdən çox da fərqlənmir. Lakin uşaqların müalicəsinin özünəməxsus xüsusiyyətləri var. Uşaq onkoloji xəstəlikləri ilə mübarizə sanki gözəgörünməz düşmənlə döyüşü xatırladır. Bu, çox çətin və məsuliyyətli işdir. Odur ki, ölkəmizdə uşaq onkologiyası və hematologiyasının inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirilməkdədir.

Diqqətə çatdırılıb ki, Uşaq Klinikasında çalışan mütəxəssislər təhsillərini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində alıblar. Klinikada müasir standartlara uyğun protokollarla terapiya aparılır və yaranmış fəsadlar peşəkarlıqla aradan qaldırılır. Beynəlxalq təcrübələrdən, yeni texnoloji imkanlardan istifadə etməklə, həmçinin xəstələrə fərdi yanaşmaqla onları sağaltmaq əsas məqsəddir. MOM-un Uşaq Klinikası hazırda dövlət hesabına ən müasir tibbi avadanlıqla, gündəlik fəaliyyətdə tələb olunan bütün növ tibbi ləvazimatlarla və dərman preparatları ilə təmin edilib.

Klinikanın şöbə müdiri Reyman İsmayılzadə qeyd edib ki, qısa müddətdə – 2012-ci ildən bəri uşaq onkologiyasında respublika miqyasında bir sıçrayış edilib. Klinikada dünyada mövcud olan perspektiv proqramlar və müalicə metodları tətbiq edilir.

Hazırda klinikada 38 uşaq müalicə alır. Onların sırasında intellektləri və istedadları ilə seçilən uşaqlar çoxdur.

Leyla Əliyeva klinikanın xüsusi guşəsində bu uşaqlarla söhbət edib, onlara hədiyyələr verib. Uşaqlar Azərbaycan haqqında, habelə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər, musiqi nömrəsi təqdim ediblər, birgə şəkillər çəkdiriblər. Rəssamlıq istedadı olan uşaqlar əl işlərini Heydər Əliyev Fondunun vitse-prezidentinə hədiyyə ediblər.

Leyla Əliyeva, həmçinin klinikanın kollektivi ilə də söhbət edib, onlara işlərində uğurlar arzulayıb.

MOM-un nəzdində Uşaq Klinikası yaradılana qədər azərbaycanlı uşaqlar müalicə üçün xarici ölkələrə üz tuturdularsa, indi buna ehtiyac yoxdur. Klinikada yaradılmış şərait bunu deməyə imkan verir.