İtaliya müxalifəti Azərbaycan borusuna qarşı

0
4

İtaliyanın Leççe əyalətinin prokuroru Azərbaycan qazını Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz boru kəmərinin tikintisinə dair aparılan iki təhqiqata xitam verildiyini açıqlayıb.

Virtualaz.org İtaliya mətbuatına istinadən xəbər verir ki, bu iddialar kəmərin tikintisinin İtaliyanın Apuliya bölgəsində ətraf mühitə və tarixi abidələrə zərər yetirəcəyi barədə idi. Kəmərin tikintisinə dair araşdırmaların aparılması barədə müxalif “5 Star” (M5S) hərəkatı iddia qaldırıb. Bu hərəkat İtaliya parlamentində 22 faiz səslə təmsil olunur və Rusiyaya yaxın hesab edilir.

Leççe prokuroru Kataldo Motta və onun müavini Anjela Rotondano bildiriblər ki, “TAP Pipline” şirkətinin fəaliyyəti qanunidir və kəmərin tikintisi davam edə bilər.

Leççe prokurorluğunun qərarı hərəkatın etirazına səbəb olub. “5 Star” bildirir ki, TAP kəmərinə qarşı mübarizəsini dayandırmayacaq və layihənin gərəksizliyini, ətraf mühit üçün zərərli olduğunu sübut edəcək.

Xatırladaq ki, İtaliyada TAP kəməri layihəsinə qarşı bundan əvvəl də yerli ekoloqlar və QHT-lər tərəfindən müxtəlif aksiyalar təşkil edilib. Hətta kəmərin keçdiyi ərazidə aparılan işlərə cəlb olunmuş buldozer də sıradan çıxarılıb. Bütün etirazlara baxmayaraq İtaliya hökuməti kəmərin əvvəl müəyyən edilmiş marşrut üzrə çəkilməsinə razılıq verib.

TAP kəməri Xəzərdəki “Şahdəniz” yatağından hasil olunacaq Azərbaycan qazını Yunanıstan üzərindən İtaliyanın cənub sahillərinə nəql edəcək.