Qüdrət Əzizov
Müqəddəs Qurban bayramı.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Eləcə də bizim ölkəmizdə. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Üç səmavi dinin-yəhudilik, xristianlıq və İslamın, hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Qurban bayramında baş verən digər hadisələr isə müsəlmanların həcc ziyarətinə yollanmasıdır. Zəvvarlar Məkkədə Zilhiccənin 7-ci günündə olmalıdırlar. Burada onlar təmizlənəndən, dəstəmaz alandan, bədənlərinə ətirli yağ sürtəndən və qüsl edəndən sonra müqəddəs ağ ibadət libası – ehram (yalnız kişilər) geyirlər.
Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini isə çiyinlərinə salırlar. Zəvvarlar Həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər.
Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, “qara daş”ı öpmək, dua etmək, müqəddəs Səfa və Mərva təpələri arasında qaçmaq və “Zəm-zəm” quyusundan su içməklə başlanır.
İkinci gün zəvvarlar Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra, Zilhiccənin 9-da həccin əsas ayinini yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan Günəş batana kimi davam edir. Zəvvarlar burada namaz qılır və xütbəyə – moizəyə qulaq asırlar. Günəş batan kimi hamı dərhal Müzdəlifə vadisinə gedir və bütün gecəni burada ibadət edirlər.
Zilhiccənin 10-cu günü Mina vadisində şeytana daş atmaq mərasimi icra olunur. Burada sütunlar, İblisin (şeytanın) bütləri var. Hər bir zəvvar şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar Həcc mövsümünü başa vururlar.
Amma bir məsələyə də toxunmaq istəyirəm. Necə ki, Qurban bayramında qurbanlar kəsib imkansız insanlara paylayırıq, çalışaq bu xeyir işləri üçün hansısa bayramın olmasını gözləməyək. Bütün imkansızlara, möhtac olan ailələrə əlimizdən gələn qədər kömək edək.
Sonda bir daha bütün oxucularımızı, hər bir müsəlmanı qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allah təala bütün kəsilən qurbanları qəbul etsin və bizlərə də öz evinin ziyarətini nəsib etsin. Amin!