Şəhidlər ölməz, Vətən bölünməz!

0
2

Zaur Muradxanlı

Şəhidlər ölməz, Vətən bölünməz!

Və yaxud şəhidlər ölər, əlillər də kimsəsiz qalar, hələ Vətən də bölünər.

Bir məmləkətdə ki, vətəndaşların daha yaxşı yaşamasını təmin etmək üçün seçilənlər və bu vətəndaşlara xidmət etsin deyə işbaşına gətirilən bir çox məmurlar “öncə can, sonra canan” pirinsipi ilə işləyir. Gətirildikləri yerə gəlmək üçün xərclədikləri pul-paranı, ya da aşağıdan alanda dedikləri “vallah bu da yuxarının haqqıdır, burdan mənə heç nə qalmır” sözünə inansaq, icarəyə götürdükləri kabinetlərdəki rahat oturacaqlarının haqqını ödəməkdən vaxt edib fəqir-füqara haqqında düşünməyə vaxt tapa bilmirlər. Hər nə qədər toplum olaraq müsəlman olduğumuzu iddia etsək də, Allaha, onun kitabına və peyğəmbərinə iman gətirdiyimizi yeri gəldi gəlmədi bəyan edib, hər əməlimizə Allahı şahid tutmaqdan geri qalmasaq da, rüşvətxorluq və qul haqqı yeməkdə üstümüzə millət yoxdur. Hər halda bizim vəzifə adamlarına və onların rüşvət almaq üçün sıxışdırıb mum kimi yumşaltdıqları insancıqlara Qurani Kərimdə rüşvətlə bağlı keçən ayəti kəlimənin dəxli yoxdur “rüşvət verən də, alan da məlundur (lənətlənmişdir)”. Əgər onlara bu ayənin dəxli olsaydı hər halda rüşvətin adını dəyişib şirinlik qoyanda bir az utanıb sıxılardılar.
Bunlar bir tərəfə bugünkü mövzumuz rüşvət və onun alınma qaydaları haqqında deyil. O barədə daha sonra danışarıq. Sadəcə bu günkü mövzumuza rüşvətin birbaşa dəxli olduğundan girişi ordan etdik. Mövzumuz Vətən xidmət, şəhidlər və qazilərdir. Bizim məmləkətin özünəməxsus xüsusiyyətlərindən biri də, imkanlı və ya adamlı adamların övladlarının ya əsgərliyə getməmələri, getdikləri halda belə ən ”ideal” hərbi hissələrdən birində kitabxanaçı, bərbər və sair adlar altında xidmət dövrlərini başa vurub gəlmələridir. Bu yazını oxuyan bəzi böyuklərimiz etiraz edə bilər ki, indi bölgü səfərbərlik idarəsindən bilgisayar vasitəsi ilə aparılır. Məndə bir köhnə hərbiçi kimi deyirəm ki, qatıq bəzən qara olur, hətta hamımız ağ olmasını istəsək belə.

“Elit” hərbi hissələrin kontingentləri “dayı”lı və ya pullu balaları ilə dolduğu üçün cəbhə xəttində xidmət etmək, dolayısı ilə xoş gündə zənginin oylağı, pis gündə yoxsulun torpağı olan Vətəni qorumaq qalır kasıb balasının boynuna. Bir də ikinci bir məsələ var ki, bu da rütbəli şəxslərdir. Təəsüflər olsun ki, bugünkü Azərbaycan ordusunda zabit gizirlərin tamamına yaxını imkansız ailələrin övladlarıdır. İndiki dövürdə diplomun olsun olmasın heç fərq etməz, bir yerə işə düzəlmək üçün ya kimsə “saqqal” tutmalıdır, ya da hər işin hər kəs tərəfindən bilinən məzənnəsi var ki, bu ödənilməlidir. Əlbəttə ki, istisnalar yox deyildir, amma istənilən halda türk demiş “istisnalar kaideyi pozmaz”. Burdan belə nəticəyə gəlirik ki, ordumuzun gizir və maxe kontingentinin mütləq əksəriyyəti digər dövlət sektorlarında işə girmək üçün cibləri və ya “saqqal”ları müsaid olmadığından iki seçim qarşısında qalıblar; ya onun-bunun qapısında fəhləlik etməli və ya heç bir rüşvət tələb olunmayan, sadəcə yaş həddinin bəzən maneə çıxardığı müddəttən artıq hərbi xidməti seçməlidirlər ki, bu da ordumuzun nə qədər vətənpərvər qüvvələrdən formalaşdığına əyani sübutdur.
Milli ordumuzu formalaşdıran şəxsi heyətin sosial kateqoriyası haqqında hələlik bu qədər kifayətdir. İndi isə bir az da şəhidlərimizə və onların geridə qoyduğu ailə üzvlərinin vəziyyətinə nəzər salaq.
Şəhidlər ölməz deyiblər, ancaq bizdəki soyuq münasibət təəssüf ki, şəhidlərin canı çıxmadan öldüyünə ən gözəl işarədir. Bu sadəcə şəhid ailələrinə qarşı hörmətsizlik olmaqla qalmayıb, eyni zamanda gəncliyin gətirdiyi romantizmlə vətənpərvər hissləri üst səviyyədə olan övladlarımızın da doğma torpağa qarşı laqeyidləşmə səbəbidir. Azərbaycan respublikasında şəhid ailələrinə, onların övladlarının sosial qayğılarından tutun, təhsil problemlərinin həllinə, əgər şəhid subaydırsa geridə qalan valideynlərinə göstərilən diqqət ölçülsəydi biz qəti surətdə əmin olun ki, dünya dövlətləri içində özümüzə layiq olaraq hər halda ikinci yüzlükdə qərarlaşardıq. Qazilərə münasibət də fərqli deyil, sadəcə bir faktı deyəcəm. Dövlət rəsmiləri bunu mütləq bilir, bilməyənlər də bu yazı vasitəsilə bilsin. Artıq Azərbaycan Respublikasında I qrup əlillərə banklardan kredit verilməsi rəsmi qaydada dayandırılıb. Bu əlil hətta döyüş tapşırığını yerinə yetirərkən əlil olubsa belə, yenə də heç bir fərqi yoxdur. Sadəcə bankların kredit şöbələrinin əməkdaşları səslərinə bir az “üzüntü” tonu qataraq, bağışlayın, artıq birinci qrup əlillərə kredit verilmir” deyib, məsələni qısaca kəsirlər. Bu çiçəklənən Azərbaycanın böyük ayıbı, Qarabağ əlilləri başda olmaqla bütün hərbi əlillərə qarşı göstərilən laqeyd münasibətin təhqiramiz təzahürüdür. Bunu göy dolları daş atıb qolunu yormadan dəstələyib cibinə dolduran, oğlanları özünə Türkiyədə ada, bilmirəm harda villa bəzi məmurların nə özləri, nə də övladları anlamazlar. Onlar sadəcə özləri üçün mümkün qədər artıq mənfəət yaratmağı bacararlar. Bu gün ölkədə on ilə yaxındır ki, avtomobil növbəsində dayanan, amma hər dəfə növbəsi çatdıqca rüşvət vermədiyi üçün sırası təxirə düşən qazilər varsa, bu da Azərbaycan respublikasının bağışlanmaz ayıbı, keçilməz günahıdır.
Bu yaxınlarda bir Vətən övladı daha cəbhə xəttində şəhid oldu. Atası şəhadət şərbəti içmiş olan bu balamız özü də tək uşaq olduğundan onun şəhadətindən sonra ailəsinin yaşadığı şərait bəzi KİV-lərdə nümayiş olundu. Şəhid ailəsinin yaşadığı içlər acısı şərait vətəndaş olaraq hər birimizdə ürək ağrısı doğurur. Bəs, nə üçün şəhid ailələrinin məlum problemlərinin qabardılması üçün hansısa bir övladımızın şəhid olmasını gözləyirik. Yaralı yerimiz olan bu mövzunu gündəmdə saxlamaq hər birimizin müqəddəs borcudur. Ümid edək ki, şəhid və əlil ailələrinə dövlət tərəfindn göstərilən qayğı bundan sonra lazımi səviyyəyə çatdırılacaq. Çünki bu olmadıqca Vətən uğrunda şəhid olmağa hazır olan övladlar da iki dəfə düşünməli olur.
Başına bir iş gəldikdə övladları əsla dövlət qayğısı görmədən yetim böyüyəcək, qazi olsalar belə başlarına gələcəkləri yaşayan biri olaraq hər addımda artıq bu dövlət üçün artıq yük və gərəksiz insan olduqlarının xatırladılacağını şəxsən yaşayaraq bildiyimdən bunu kiməsə arzulamazdlm. Bəli qazi olmaqdan və dəyərsizləşdirilməkdənsə, şəhid olmaq daha yaxşıdır, heç olmasa Allah qatında günahlarının bağışlandığı qarantilidir.

LEAVE A REPLY