“Zamanında AXC-Müsavat iqtidarının uğursuzluğuna səbəb olanların başında İ.Qəmbər durur”

0
8

“Zamanında AXC-Müsavat iqtidarının uğursuzluğuna səbəb olanların başında İ.Qəmbər durur”

Ramiz Tağıyev:“Bundan sonra ölkə müxalifəti Ə.Kərimli ilə A.Hacılının çəkişmələrinə şahidlik etməkdən başqa nəyə isə ümid bəsləməsin”

Son günlər ölkə gündəmi olduqca hərəkətlidir. Avqust ayı boyunca cəbhə bölgəsində olan gərginlik, bu müddətdə ölkə mediasının hadisəyə münasibəti, qardaş Türkiyə Cümhuriyyətində keçirilən seçkilər və son günlər baş verən həbslərə münasibət birmənalı deyil. Bütün bu məsələlər barəsində baş məsləhətçimiz, CANP-nın sədri Ramiz Tağıyevlə geniş söhbət apardıq. Oxucularımıza müsahibəni təqdim edirik.

(Əvvəli ötən saylarımızda)

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəcib bir təşəbbüslə çıxış edib. Belə ki, azadlığa çıxmış məhkumlar üçün adaptasiya mərkəzi yaradılacağı nəzərdə tutulub. Sizcə həmin adaptasiya mərkəzləri azadlığa çıxmış məhkumların gələcək həyatına təsir göstərə biləcəkmi?

-Bu çox nəcib təşəbbüsdür. Əgər, cinayətkarlığın azalmasını istəyiriksə, mütləq həbsxana həyatını başa vurub, azadlığa çıxmış məhkumların sonrakı taleləriylə ciddi maraqlanmaq lazımdır. Onların əksəriyyəti yeni həyata başlamaq niyyətlərini gizlətmir. İnanın ki, həbsxanada tanıdığım onlarla məhkum azadlığa qovuşduqdan sonra məndən iş tapmalarına yardım etməyimi xahiş ediblər. Çox çətindir, işə qəbul etmək istəyənlər onların məhkumluğundan xəbər tutan kimi etiraz edib, işə qəbul etməkdən vaz keçirlər. Təbii ki, belə məhkumların əksəriyyəti bir müddət iş tapmaq arzularının gerçəkləşmədiyini görüncə, cəmiyyətdən küskün vəziyyətə düşür. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünü dəstəkləyirəm.

-Cəza çəkdiyiniz müddətlərdə hansı cəzaçəkmə müəssisələrində olmusunuz?

-Deyəsən suallarınız yekunlaşmaq bilmir. Belə getsə, müsahibəmiz həcminə görə Ginnesin rekordlar kitabına düşəcək. (gülür)

-Bilirsiniz, siz siyasət məkanında kifayət qədər tanınmışlardan olsanız da, cəmiyyətimiz keçdiyiniz mübarizə yolundan az məlumatlıdır. Rəqibləriniz bundan əleyhinizə istifadə etmirmi?

-Həyat və mübarizə yolum daima şəffaf olub. Mətbuata hər zaman açıq olmuşam. Doğru bildiklərimi açıqca söyləmişəm. Qələmimdə ki, bildiyiniz kimi əlimdədir. Milli Azadlıq Hərəkatımız barədə əsil həqiqətləri ortaya çıxarmaq üçün çalışıram. Tariximizi saxtalaşdıranlarla barışmaq mümkün deyil. Bu, ən böyük xəyanət hesab olunmalıdır.

-Əvvəlki sualıma cavab vermək istəmirsiniz?

-Mənim sualdan qaçmaq fobiyam yoxdur. 2, 16, 7 və 12 saylı cəzaçəkmə müəssisələrində olmuşam. Bir də Penitensiar Xidmətin Mərkəzləşmiş Xəstəxanasında oldum ki, bu da xəstəliyimlə əlaqəli idi.

-Cəzaçəkmə müəssisələri bir-birindən fərqlidirmi?

-Əlbəttə, 2 və 16 saylı cəzaçəkmə müəssisələri ümumi rejimli, 7 və 12 saylı cəzaçəkmə müəssisələri isə ciddi rejimlidir. 16 saylıda yüksək qayda-qanun, intizam mövcud idi. Təbii ki, bu daha çox müəssisənin rəisi Məhəmmədəli Zeynalovun fəaliyyəti sayəsində idi. M.Zeynalovun öz işinin əsil peşəkarı kimi xatırlayıram. 7 saylı barədə həmin münasibəti bildirə bilmərəm. Orada məhkumlar islah olunmur, əksinə, müəssisə rəisinin məhkumlara gəlir mənbəyi gözündə baxdığından, həmin müəssisə rəisin şəxsi mülkiyyətinə bənzəyirdi. Pulu olan hər şey edə bilər. Hətta narkotik vasitələr asanlıqla müəssisəyə keçirilirdi ki, bu da rəhbərlikdən xəbərsiz baş verə bilməzdi.

-Sizi həmin müəssisədən daha uzaqda yerləşən 12 saylı müəssisəyə köçürdülər. Bunun səbəbi nə oldu? Rejim qaydalarını pozmuşdunuz?

-Harada olmağımdan asılı olmayaraq, ölkə qanunlarına hörmətlə yanaşmışam. Həmin müəssisədə olduğum zaman ictimai işlərdə fəallığım az olmadı. Hətta bir neçə dəfə şahmat yarışlarının keçirilməsində təşkilatçılıq edib, həm də qalibi olmuşdum. Hər hansı cəzam-xəbərdarlıq və ya töhmətim olmayıb. 7 saylının rəisi köçürülməyimin sifarişlə baş tutduğunu açıqladı.

-12 saylı cəzaçəkmə müəssisənin Qaradağ rayonu ərazisində, səhraya bənzər ərazidə yerləşdiyindən məlumatlıyıq. Çətin olmadı sizin üçün?

-Bilirsiniz ki, ağlayıb-sızlamaqdan xoşum gəlmir. Cəza çəkirəmsə, bunun harada baş tutması bir o qədər önəm kəsb etmir. Cəzanı biz çəkmirik ki, ailəmiz çəkir. Qaradağ ərazisində, gedib-gəlmək problem yaradan yolları qət edib, görüşümə gəlmək övladlarıma çətinlik yaratmışdı. Özüm əzaba öyrəncəliyəm. Onsuz da ömür yolum əzablı olub. 12 saylı müəssisədə cərimə təcridxanasında saxlanıldım. Həmin şəraitdə 4 ay saxlanılmağım xəstələnməyimlə nəticələndi. Ancaq narazılığım yoxdur. 12 saylının o zaman rəisi olan Avtandil müəllim sərt xarakterli olsa da, mən onu yaxşı insan kimi qəbul etdim. O, qayda-qanunu, intizamı gözləyən rəis idi. Bəzi rəislər kimi pula önəm verən deyildi. Təbii ki, cinayətkar aləmin bir çox nümayəndəsi belə rəisi sevə bilməzdi. Avtandil müəllimin rəislikdən azad olunması barədə xəbərə təəssüfləndim. Orada da kadr dəyişiklikləri əhəmiyyətli rol oynayır. Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına yeni rəis təyin edildikdən sonra baş verən müsbət işlərə özüm şahid oldum.

-Orada müalicə oluna bildinizmi?

-Ayağımda şiş əmələ gəlmişdi. Həm də sürətlə qaralırdı. Şəkərli diabet xəstəsi olduğum üçün ayağımın kəsilməsindən ehtiyat edirdim. Şükürlər olsun ki, əməliyyat uğurlu alındı. Həmin xəstəxanada səviyyəli həkimlər kifayət qədərdi. Ayağımda cərrahiyə əməliyyatı aparmış Bəyalı həkim tibb elmləri namizədidir.

-Belə xəbərlər dolaşır ki, həbsxanalarda vərəm, spid xəstələri hədsiz çoxdur. Şahidi olmusunuzmu? Yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

-Xəstələr az deyil. Ancaq yenə qeyd etmək istəyirm, Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin edildikdən sonra tez-tez cəzaçəkmə müəssisələrində tibbi yoxlamalar keçirilir. Vərəm xəstəliyi aşkar olunan məhkumlar geçikdirilmədən onlar üçün nəzərdə tutulmuş 3 saylı Vərəm xəstəxanasına köçürülür. Orada müalicənin yaxşı təşkil edildiyini məhkumlar etiraf edirdi. Müalicə 3 ay və yaxud bir ildən artıq müddətə qədər davam edir. Vərəmin müalicəsi azadlıqda bir neçə min manata başa gəlsə də, məhkumlar dövlət hesabına müalicə oluna bilir. Təəssüf ki, spid xəstələri digər məhkumlarla bir yerdə saxlanılır.

-Təhlükəli deyilmi?

-Məhkumlar bunu bildiklərindən, şəxsi ləvazimatlarından kimsənin istifadəsinə razı olmurlar. Əsasən, üzqırxan, dırnaqtutan və digər gigiyenik ləvazimatlar ancaq şəxsi istifadə üçündür.

-Bəzi siyasi məhbuslar cəzaçəkmə müəssisələrində yazmaq, oxumaq imkanı verilmədiyini söyləyir. Sizə belə qadağalar olub?

-MTN-nin İstintaq Təcridxanasında oxumağa deyil, yazmağa məhdudiyyətlər olurdu. Bəzən krassvord yazanda tələm-tələsik qapını açıb, nə yazdığımla maraqlanırdılar. Orada qaydalar bir az sərtdi. Hər gün yoxlama- “şmon” olurdu ki, təqsirləndirilən şəxslərin saxlandığı “kamera” alt-üst edilirdi. Guya, ora nə isə keçirilə bilərmiş. Bu isə mümkün olmayan işdir. Həbsxanalarda və cəzaçəkmə müəssisələrində ən xoşa gəlməyən gecələr işıqların söndürülməməsidir. Bunun gözlərdə ciddi fəsad yaratdığı söylənilir. İşıqların söndürülməməsi məhkumların təhlükəsizliyi baxımından edilir. Təsəvvür edin, cəzaçəkmə müəssisələrindəki “barak”ların əksəriyyəti 100-120 məhkum üçün nəzərdə tutulub. Gecələr bəzən dava-dalaşsız ötüşmürdü. Hər cür məhkum olur axı…

-Bəlkə siyasətə qayıdaq?

-Yenə sualınız var? Çox oldu bir az deyəsən.(gülür) Sizi düşündürən suallara məmnuniyyətlə cavab verərəm.

-Jirinovski Bakıya gəldi. Etirazlardan yəqin ki, xəbəriniz var. Onun Azərbaycan xalqını təhqir etməsi fonunda yüksək səviyyədə qarşılanmasını necə qiymətləndirirsiniz?

-Əvvəla, Jirinovskinin xəstə təxəyyüllü biri olduğundan bütün dünya xəbərdardır. İkincisi, o, dəfələrlə səhvini düzəltməyə çalışıb və xalqımıza yaltaqlanmağa çalışıb. Digər tərəfdən, qəbul edilmiş beynəlxalq protokol qaydaları var. Bütün dövlətlər həmin qaydalara hörmət etmək zorundadır. V.Jirinovski kimliyindən, şəxsiyyətinin səviyyəsindən asılı olmayaraq Rusiya Dövlət Dumasının müavinidir. Bəzən Rusiya Dövlət rəsmiləri açıqlaya bilmədikləri münasibətləri, onun sərsəmliyindən istifadə edərək yayımlayırlar. Görünən odur ki, Rusiya düşdüyü vəziyyətlə bağlı Azərbaycana münasibətində korrektələr etmək istəyir. Düşünürəm ki, qonşu dövlətlə münasibətin yaxşı olması bizim üçün də vacibdir.

-Siz Rusiyaya daima barışmaz mövqe sərgiləmisiniz. Bu günkü mövqeyiniz dəyişkənlik kimi qəbul edilməzmi?

-Müqəddəs torpaqlarımızın işğal edilməsində Rusiyanın “xidməti” inkarolunmazdır. Rusların törətdiyi 20 yanvar faciəsini bir an belə unuda bilmirəm. Rus xalqını düşmənimiz hesab etməsəm də, Rusiya rəhbərliyinin imperiyapərəst mövqeyinə qarşıyam. Özünüz də müşahidə etməmiş deyilsiniz, rus xalqı Ukraynada və digər regionlarda aparılan müharibələrin əleyhinədir. V.Putin Rusiyanı fəlakətlə üz-üzə qoyub. Məhz həmin səbəbdən öz xalqı tərəfindən cəzalandırılacaq.

-Bir çox müxalifət nümayəndəsi ölkə iqtidarını ABŞ-ın, Avropa Birliyinin Rusiyaya qoyduğu embarqolar fonunda həmin ölkəyə yardım etdiyinə görə tənqid edirlər. Sizcə, Rusiyaya gedən yollar bağlanmalıdır?

-Embarqolar, sanksiyalar əsasən ölkələrin ehtiyac içində üzülən vətəndaşlarına daha çox təsir edir. Əlbəttə, həmin embarqolardan zülm çəkən əhalinin Rusiya rəhbərliyinə etiraz etmələri üçün istifadə olunacaq. Hər bir azərbaycanlını, həmçinin ölkə iqtidarını Rusiyada yaşayan yüz minlərlə soydaşımızın taleyi düşündürür. Həmin səbəbdən Rusiya ilə münasibətlər, qonşuluq əlaqələrinin qorunub saxlanması vacibdir. Düşünürəm ki, rus xalqı Azərbaycanın çətin durumda olan Rusiyaya yardım etməsini müsbət qiymətləndirə biləcək. Rusiyada baş verə biləcək çaxnaşmaların Azərbaycana təsirsiz ötüşməyəcəyi qənaətindəyəm.

-Deyirsiniz ki, Rusiyada sabitlik pozula, çaxnaşmalar baş verə bilər?

-Gözləniləndir. Rusiya təklənmiş durumdadır. V.Putinin imperiyanı bərpa etmək arzusu, yersiz iddiaları ölkəsini sürətlə fəlakətə sürükləməkdədir. Görünən odur ki, V.Putin nəinki geri çəkilir, hətta bəzi postsovet ölkələrində, xüsusilə rusların kompakt yaşadığı ərazilərdə müstəqil dövlətlər yaratmaq istəyini büruzə verir. Sadəcə olaraq hələlik öz ölkəsinin vətəndaşlarından ehtiyatlanır. Müharibənin hansı bəlalara səbəb olduğunu kifayət qədər yaxşı bilən rus xalqının sülhə meyilli olduğundan Putin də xəbərsiz deyil. Ruslar açıq-aşkar V.Putinin Qafqaz xalqlarına verdiyi bir çox imtiyazlardan gileylənir, “Rusiya onları nə qədər bəsləməlidir?” sualını Rusiya hakimiyyətinə ünvanlamaqdan çəkinmirlər. Çünki, Rusiya iqtidarı Dağıstanı, Çeçenistanı və digər muxtar qurumları əldə saxlamaq üçün milyardları sərf etməkdə maraqlı görünür. Ümumiyyətlə, Rusiya çox ciddi problemlərlə üz-üzə dayanıb. Vəziyyətdən necə çıxacaq? Bu daha çox Rusiyanın ABŞ-la və Avropa Birliyi ilə gələcək münasibətlərindən asılı olacaq.

-Ramiz bəy, həbsxana həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunus Fransa prezidenti Fransua Ollanda məktubla müraciət edib. Həmin məktub Fransa mətbuatında dərc olunub. Məktuba münasibətiniz necədir?

-Həmin məktubla L.Yunus Azərbaycan xalqına düşmən olduğunu bir daha təsdiq edib. Bundan öncə isə L.Yunus beynəlxalq təşkilatlara müraciət edərək, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa oyunlarının boykot edilməsinə çağırış etmişdi. İndi isə Fransa prezidentinin təşkil edəcəyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində S.Sarkisyanın mövqeyinə yardım etmək istəyini gizlədə bilməyib. L.Yunus sülhdən söhbət açıb. Şübhə etmirəm ki, o, Azərbaycanın güzəştli sülhə imza atmasının tərəfdarıdır. Belə ki, L.Yunus “xalq diplomatiyası” tərəfdarlarının həbs edildiyini vurğulayıb. Utanıb-qızarmadan Sülh və Demokratiya institunu təsis etdiyi gündən-1995-ci ildən “”xalq diplomatiyası” vasitəsilə sülhə nail olmaq istədiyini bəyan edib. Guya “xalq diplomatiyası” adıyla yenilik etmək istəyir. Mənim mövqeyim belədir ki, “xalq diplomatiyası” yalnız ermənilərin xeyrinə işləyə bilər. Bunun zaman-zaman şahidi olmamışıq? XX əsrdə ermənilər dəfələrlə Azərbaycan xalqına xəyanət edib, dəfələrlə deportasiyalara, soyqırıma məruz qoyduqdan sonra elə həmin “xalq diplomatiyası”ndan istifadə etməklə müvəqqəti barışa nail olmaqla, sonradan yeni məkrli planlarını həyata keçirməyiblər? L.Yunusun yürütdüyü “xalq diplomatiyası” Azərbaycan xalqına növbəti xəyanətdən başqa bir şey deyil. “Xalq diplomatiyası” ermənilərin mənafeyinə xidmət edir. Məkrli olduqları dünyaya bəlli olan ermənilər həmin “xalq diplomatiyası” vasitəsilə növbəti dəfə bizi aldatmaq istəklərini ortaya qoyur. Müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşı düşmən ölkə ilə heç bir rabitə, internet əlaqəsi qurmamalıdır. Danışıqlar yalnız dövlət səviyyəsində aparıla bilər. L.Yunus isə 2012-ci ildə Azərbaycan-Ermənistan saytını yaratmalarından utanmadan söhbət açıb. Hüquq müdafiəçisisən işinlə məşğul ol! Axı ona kim tapşırıb ermənilərlə danışıq aparmağı? Guya həmin saytda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, münaqişə şəraitində anada olan tələbə gəngənclərlə açıq dialoq aparılırmış. Bu məntiqə sığırmı? Belə əlaqələr zamanı bəzi gənclərin təccrübəsizliyindən erməni xüsusi xidmət orqanları istifadə edə bilməz? L.Yunus məktubda iddia edir ki, guya Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdar olanların hamısı Ermənistanın xeyrinə casusluqda ittiham edilib.

-Həbs edilən QHT nümayəndələrinə belə ittiham irəli sürülüb?

-Jurnalist Rauf Mirqədirovun casusluqda ittiham edildiyindən məlumatlıyam. Həmin sırada Leyla və Arif Yunusların adı da çəkilir. L.Yunusun həbsxanada oturub, şər-böhtan yağdırmağı, ölkəsi barədə mənfi rəy formalaşdırmağa çalışması bir daha onun xəyanətkar xislətindən xəbər verir. Həqiqətən nə qədər acı olsa da, azacıq vicdanı olan şəxs gərək ondan tamamilə yan keçməyə. Uzun illərdir Azərbaycan prezidenti, cənab İlham Əliyevin Qarabağ problemi barədəki çıxışlarında dəfələrlə şahid olmuşuq ki, prezident açıq-aşkar bəyan edib ki, Azərbaycan problemin sülh və danışıq yoluyla həll olunmasının tərəfdarıdır. Təbii ki, bu alınmazsa ikinci yola, müharibəylə müqəddəs torpaqlarımızın azad olunması yolunu seçməkdən başqa seçimimiz qalmayacaq. Axı bu qədər şər-böhtan olmaz. Ölkə prezidenti kimi Azərbaycan xalqının böyük əksəriyyəti sülhün tərəfdarıdır. Ancaq nə etmək olar, danışıqlar vasitəsiylə problem çözülməyincə müharibə qaçılmaz olacaq. Biz nə yolla olursa-olsun, müqəddəs torpaqlarımızı azad etməliyik. İstəyir L.Yunus, istərsə də onun böyük ümid bəslədiyi erməni himayədarlarından olan F.Olland incisinlər.

-Məktubda daha hansı məqamlar var ki, onunla razılaşmırsınız?

-Ümumiyyətlə, L.Yunus və onun alovlu müdafiəçisi Əli Kərimli kimilərin F.Ollanddan imdad diləmələri ikrah hissi doğurur. İnanın ki, həmin müraciət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlansaydı, yenə yeri olardı. Ermənistana səfəri zamanı açıq-aşkar ermənilərin soyqırıma məruz qaldıqları barədə yalan söyləyib, 2015-ci ildə həmin ölkəyə səfər edərək, guya baş vermiş soyqırımın 100 illiyində iştirak edəcəyi barədə sevgisini gizlətmədiyi ermənilərə vəd verən F.Ollanddan imdad diləmək nə dərəcədə məntiqə uyğun gəlir? L.Yunus görün daha nə yazır və bundan böyük xəyanətin kimin edə biləcəyini özünüz müəyyən edin: “Avropa İttifaqı və Avropa Şurasının dəstəklədiyi avtoritar rejim təkcə Azərbaycan xalqının, bizim ölkənin gələcəyini deyil, həm də bütün Cənubi Qafqazda dinc inkişafı məhv edir.” Belə ədalətsiz ittiham olarmı? Cənubi Qafqazı bizmi öhdəliyə götürmüşük? Bu adamın bir dəfə olsun ermənilərin əleyhinə olan bəyanatıyla rastlaşmadım. Axı o da bilməmiş deyil ki, müharibə və sonradan atəşkəs haqqında saziş imzalansa belə, ermənilər bütün vasitələrdən, əlaqələrindən, himayəçilərindən istifadə etməklə ölkəmizdə gedən sürətli inkişafı əngəlləməyə çalışıblar. Yenə qeyd edirəm, biz onlar tərəfindən müharibə şəraitində yaşamağa məcbur edilmişik. L.Yunusun sevimlisi F.Olland da bilməmiş deyil ki, regionumuzda sabitliyin olmaması işğalçı Ermənistanın boynundadır. Ermənistanın işğalçılığı regionda bir çox əhəmiyyətli prosesləri kifayət qədər əngəlləyib. Əgər Azərbaycanda Ermənistana casusluq edən şərəfsizlər varsa, bunları da o yola sürükləyən ermənilərdir. Bunun günahını Azərbaycan iqtidarının üzərinə yıxmağı erməni xislətli L.Yunus kimilər bacarır.

-L.Yunus işkəncəyə məruz qaldığını da bir daha açıqlayıb…

-1 saylı Bakı İstintaq Təcridxanasında işkəncə verilsəydi, mənə hamıdan çox işkəncə verərdilər. Mənim tənqid atəşinə tutduğum orqan bunu edə bilərdi. Deməli, orada işkəncə verilməsi heç bir halda mümkün deyil. L.Yunusun qadın olduğunu nəzərə alıb, onun tezliklə azadlığa qovuşmasını istəyərdim. F.Ollanda yazdığı məktubdan sonra, yanıldığımı anladım. Elələri xəyanətlərindən əl çəkən deyillər.

-Müsavat partiyası nəhayət qurultayını keçirə bildi. Həmin təşkilatın ölkədə siyasi duruma təsir göstərə biləcəyinə inanırsınızmı?
-Müsavat partiyasının daxili işinə qarışmaq istəməzdim. Həmin partiyaya münasibətim bəllidir. Tarixi keçmişinə daima hörmətlə yanaşıb. Məmmədəmin Rəsulzadə irsinin təbliğ olunub, qorunub saxlanılmasını dəyərləndirmişəm. Ancaq, gəlin görək, indiki Müsavat partiyasını M.Ə.Rəsulzadənin davamçıları adlandırmaq mümkündürmü? Özlərinə hörmət edənlər gərək partiyanın qurultayında adın dəyişilməsi məsələsini müzakirə edib, qərar qəbul edərdi.

-Belə bir fikir formalaşıb ki, Müsavatın qurultayında saxtakarlıq olub, Başqanlığa namizəd olmuş tanınmış iqtisadçı Qubad İbadoğlunun tərəfdarları iddia edirlər ki, qurultaya hazırlıq mərhələsində Arif Hacılını dəstəkləyənlər saxtakarlıqla qurultay nümayəndəsi seçilə bilib…

-Bunu biz demirik, müsavatçıların özləri söyləyir. Demək, nə isə olub. Mən, Q.İbadoğlunun və Səxavət Əlisoyun obyektiv insanlar olduğuna inanıram. Onların sona qədər barışmayacaqlarını təhmin etmək olar. Qurultay Müsavat partiyasındakı ciddi problemləri üzə çıxardı. Həmin partiyanın dağılacağı barədəki proqnozumuz özünü doğrultmaqdadır.

-Sabiq başqan İsa Qəmbər nə ilə yadda qala biləcək?

-Müsbət mənada heç nə ilə. Nə edib ki? Zamanında AXC-Müsavat iqtidarının uğursuzluğuna səbəb olanların başında İ.Qəmbər durur. Əbülfəz Elçibəyə xəyanətilə də yadda qalacaq. İqtidarda olan təşkilatı parçalayaraq Müsavatı bərpa etməsi Ə.Elçibəyin onsuzdakı zəif olan komandasını bir daha parçalamışdı. 21 illik müxalifətçilik onun zəif birisi olduğunu-cəsarətsiz və mövqesizliyini üzə çıxardı. Belə xüsusiyyətlərlə liderlik etmək mümkün deyil. Artıq məlumdur ki, müxalifəti parçalayan iki əsas şəxsdən biri İ.Qəmbər olub.

-Bəs digəri kimdir?

-Düşünürəm ki, bu sualın cavabını hər kəs bilir. AXCP sədri Əli Kərimlinin ölkə müxalifətinə ciddi zərbə vurması faktdır.

-Yeni seçilmiş Müsavat başqanı Arif Hacılıdan gözləntiniz necədir?

-Müsavatçılar gözləsinlər. Mənim ondan umacağım nə ola bilər ki? Hərəkatçı kimi dostum hesab etmişəm. Münasibətimiz pis olmayıb. Ancaq Arif bəyin birləşdirici fiqur ola biləcəyinə qətiyyən inanmıram. Xarakteri açıq-aşkar bunu söyləyir. Bundan sonra ölkə müxalifəti Ə.Kərimli ilə A.Hacılının çəkişmələrinə şahidlik etməkdən başqa nəyə isə ümid bəsləməsin.

-Siz, müxalfətin sıralarında hesab olunmursunuz?

-Həmin müxalifət düşərgəsində olmağımız mümkün deyil. Bizim yolumuz var. Zamanımızı boş-boş danışıqlara, birləşib, sonra səs-küylə ayrılmağa sərf etməyə alışıq deyilik. Qarşımıza qoyduğumuz məqsədi addım-addım prinsipial mövqeyimizlə həyata keçirməyə çalışacağıq. Bəziləri kimi ətrafımıza 5-10 nəfər çığır-bağırçını toplayıb, tələm-tələsik hakimyyət kürsüsünə can atanlardan olmamışıq və bundan sonra da qaraguruhçularla eyniləşməyəcəyik.

-Digər müxalifət partiyalarıyla əməkdaşlıq etmək fikriniz varmı?

Ardı var…
Nicat Sadiq

http://milletim.info/index.php?newsid=589
http://milletim.info/index.php?newsid=551
http://milletim.info/index.php?newsid=502
http://milletim.info/index.php?newsid=476

LEAVE A REPLY