Fidan

0
13

Zaur Muradxanlı

Fidan

(Əvvəli ötən saylarımızda)

İlk telefon söhbətlərini xatirlamağa çalışırdı. Ancaq boşuna, çünki nə danışdığını elə danışarkən unutmuşdu, bəlkə də danışmamışdı, sadəcə dinləmişdi, ya da ikisi də susub səssizliyin sevgi qoxan nəğməsini dinləmişdilər. Heç nə bilmirdi, bildiyi tək şey telefon qulağındaykən həyəcanından öləcək kimi olduğu idi.
Sonuncu telefon söhbətlərini yaxşi xatırlayırdı. Ayrıldıqdan sonrakı ilin fevral ayı, sevgililər günü idi. Evdə boş-boş girələnir, itiyi itmiş adam kimi özünə yer tapa bilmirdi. Birdən ev telefonu zəng çaldı. Dəstəyi qaldıranda bir anlıq donub yerində qaldı, mələklərin səsini eşidibmiş kimi çaşıb qalmış, sevincindən və həyəcanından öləcək kimi olmuşdu. Qulağından çəkdiyi dəstəyi dodaqlarına yaxınlaşdırıb öpdükdən sonra təkrar qulağına apardı:
-Alo, mənəm, Lamiyə, tanımadın Ceyhun?
-Səni tanımamaq olar?
Danışmaq istədi, ancaq boğazına düyünlənən qəhər imkan vermədi, dolan gözlərindən yağmur endirməməsi üçün ricaçı göndərdiyi burnunu bir-iki dəfə çəkib boğazını arıtlayıb:
-Bilsən necə darıxmışam…
-Gecdi ,Ceyhun, biz o qatarı qaçırtdıq.
-Blirəm, gözlərinə qurban, bilirəm…
-Özün necəsən? Səhhətin necədi?
-Sağ ol Lamiyə, ola bildiyim qədər yaxşıyam.
-Zəng vurmuşdum səni təbrik eləyim.
-Sağ ol, gözlərinə qurban.
-Unutmamısan, bu gün sevgililər günüdür.
-Sevgilisiz, nə sevgililər günü ay Lamiyə?
Susdular. Telefonun dəstəyində iki nəfərin nəfəs almağından başqa bir şey eşidilmirdi. Bir qədər keçdikdən sonra Ceyhun:
-Lamiyə, olar səndən bir xahiş edim?
-Əlbəttə olar, buyur, gözüm üstə.
-Gözlərinə qurban.
-Elə demə.
Yenə sükut…Sanki məzarlıqda idilər. Bu dəfə də sükutu pozma növbəsi Lamiyənin idi.
-Ceyhun, məndən nəsə istəyəcəkdin?
-İndi sənə ürək sözlərimi deyəcəm, sabah bir açıqca al və o sözləri həmin açıqcaya köçür, sonra da mənim bağışladığım əşya kimi hədiyyə saxla.
-Dəli… Deyirəm bəs nə istəyəcək. Bir saniyə gözlə, qələm kağız gətirim.
-Baş üstə.
Bir dəqiqə sonra telefonun o bir tərəfindən Lamiyənin məlahətli səsi eşidildi:
-Buyur Ceyhun, de, yazıram.
-Əziz Lamiyə xanım, bundan sonra keçirəcəyiniz bütün sevgililər günlərini sizi canından çox sevəcək sevgilinizlə birlikdə qeyd edəsiniz. Hər zaman bugünkü qədər gənc qalıb, gözləriniz önündə qocalan təbiətə meydan oxuyasınız. Bədirlənmiş ay kimi nurlu üzünüzdən təbəssüm, gözəl gözlərinizdən sevinc parıltıları, qaymaq dodaqlarınızdan gülücüklər əskik olmasın. Büllur kimi saf səsiniz daima fərəhlə cingildəsin, sinəniz həmişə qürurla qabarsın və tanrım sizə iftixar edə biləcəyiniz bir sevgili ilə yaşlanmağı nəsib etsin. Amin. Hörmətlə Ceyhun…
Sonra da bir-birilərinə xoşbəxt və sevgi dolu bir həyat arzulayaraq ayrılmışdılar.
Çəkilib çarpayısının üstündə oturdu, boş ətir şüşəsini dodaqlarına aparıb təkrar-təkrar öpdü. Şüşənin ona bağışlandığı günü xatırlamağa çalışdı. İllər öncə idi. Ad günündə görüşüb Təbriz küçəsindəki Şuşa restoranına getmişdilər. Onları restoranın önündə qarşılayan xidmətçilər ikinci mərtəbəyə qaldırmış, orda yerləşən dörd nəfərlik otaqların birində əyləşmişdilər. Qarşılıqlı əyləşib doyunca söhbət etmiş, ancaq özünü unutqan kimi aparan sevgilisi özünü elə aparmışdı ki, guya bura gəliş səbəblərini tamamilə unudub. Doğrudur, Ceyhun bundan hər nə qədər incisə də büruzə verməmiş, “yəqin ki, sonra xatırlayanda zəng vurub təbrik edər”-deyə, düşünmüşdü. Çıxmaq üçün ayağa qalxdıqlarında sürpriz etdiyini deyən Lamiyə ona hədiyyəlik alışqan və bir də ətir bağışlamışdı. Alışqan indi də mebelin gözündə, qutusunun içində dururdu. Ancaq ətiri istifadə edib bitirmiş, şüşəsini isə hədiyyə olduğundan ötəri atmağa qıymamışdı, həm mənəvi dəyəri olduqca boyükdü, sevgilisindən ona qalan sadəcə iki əşyadan biri idi. Necə atardı ki?
İndi bu ətrin iyinin öz-özünə yayılması onu qorxudurdu. Olmaya Lamiyənin basında bir iş var idi? Evləndiyini, həyat yoldaşı ilə xoşbəxt olduğunu bilirdi. Bu barədə eşitmiş, xeyli sevinmişdi. Hər ikisinin ortaq dostları vardı. Yaxşı ki, arada onları görəndə soraqlaşır, halının necə olduğunu xəbər alırdı. Onun xoşbəxt olmasını istəyirdi və daim bunun üçün dua edirdi. Qəribədir ki, qətiyyən onu qısqanmırdı. Sadəcə həyat yoldaşı ilə xoşbəxt olmasını istəyirdi. Axı, necə olsa onu sevmişdi və hələ də sevirdi, bir an belə unutmamış, qəlbindən çıxarmamışdı. İndi onun bağışladığı ətirin boş şüşəsini əlində tutub çarəsizlik içində düşünürdü.
Allahım onun başında bir iş var. Amma nə iş? Nə ola bilərdi axı? Nə edəcəyini, kimdən soruşacağını qərarlaşdıra bilmirdi. Nəhayət sabahı gözləmək qərarına gəldi. Səhər açılsın, iş vaxtı başladıqdan sonra poliklinikaya zəng edib Naidəni telefona çağırtdıracaq, Lamiyənin başına bir iş gəlib-gəlmədiyini soruşacaqdı. Ertəsi gün elə də etdi. Doqquz olan kimi məlumat bürosundan poliklinikanın telefon nömrəsini öyrənib zəng vurdu. Amma kor taleh burda da işini gordü. Naidənin keçən həftə məzuniyyətə çıxdığını və nişanlandığını, bəlkə də işə dönməyəcəyi xəbərini aldı. Digər otaq rəfiqələri isə hələ keçən ildən evlənib işdən ayrılmışdı. Nə edəcəyini bilmirdi. Xanım dostlarından birinə poliklinikanın qəbul şöbəsinin nömrəsini verərək zəng vurub Lamiyəni xəbər almasını xahiş etdi. Ancaq burdan aldığı xəbər də təxminedici deyildi. Sadəcə onun bir neçə ay öncə analıq məzuniyyətinə çıxdığını öyrənə bilmişdi.
Əli yerdən-göydən üzüldü. Çarəsizlik içində qıvranır, eyni sualı təkrar edib dururdu:
-Ona nə olub?
Ağlına hər şey gəlirdi, həm də tərslikdən ağlına gələnlərin heç biri yaxşılığa deyildi. Bu insan təbiətinin ən normal parçası deyildimi? Sevdiyi insandan nigaran qalan kəs özündən asılı olmadan onun başına gələ biləcək hadisələrin ən pisini ağlına gətirir, bilinməzlik ruhunu didib parçalayır. İndi o belə vəziyyətdə idi. Düşüncələri eynən çöldə itmiş adamınkı kimi idi. Hansı yönə gedəcəyini bilmir, gözünə görünən ilğımlar hərdən bir tərəfə çəkib aparır, düşünməkdən bihal olmuş Ceyhunu daha da taqətdən salırdı.
Əmindi Lamiyənin başında bir iş var idi. Bunu adı kimi bilirdi. Yoxsa, illər öncə boşalmış qutudan niyə öz-özünə iy yayılsın ki? Həm də sadəcə onun hiss elədiyi qoxu…
Gah qalxıb poliklinikaya getmək istəyir, gah da heç olmasa onu telefonla soruşmaq barədə düşünürdü. Amma bu fikirləri tez ağlından qovurdu. Evli bir qadını soraqlaşmağı nə özünə, nə də həmin xanıma yaraşdıra bilmirdi və elə bu səbəbdən də bu fikri sadəcə fikir olaraq qalırdı.

Qoxunu ilk hiss elədiyindən on səkkiz gün keçmişdi. On doqquzuncu gün günortadan sonra yataq otağına girəndə artıq bir iy hiss eləmidi. İnşallah Lamiyənin başındakı bəla keçdi deyə düşündü. Doğrusu, bunun bəla olub-olmadığinı da bilmirdi. Amma artıq qoxunun çəkilməsi ən azından iztirabına son vermiş, ona mənəvi rahatlama gətirmişdi.
Günlər bir birini qovaladı, sıraya düzülüb həftələri, həftələr ayları əmələ gətirdi. Sonrakı ilin mart ayı idi. Anası ilə Xırdalana getmişdilər. Öncə stamatoloqa gedib dişini düzəltdirdi, daha sonra ordan çıxıb bazara gedirdilər. Bir az göy-göyərti filan alacaqlardı. Bazara azca qalmış bir xanımın asta səslə adını çağırdığını eşitdi. Səsi tanımışdı. Bu Naidədən başqası ola bilməzdi. Ayaq saxladı. Salamlaşdılar. Anası da tanımışdı onu. İllər öncə Lamiyə ilə birlikdə dəfələrlə qospitala, Ceyhunu yoxlamağa gəlmişdilər. Hal-əhval tutdular. Anası:
-Xeyir ola, qızım, sən burda nə yaxşı?
-Anamgildə qonağam, onlar da Masazırda, Nizami küçəsində olurlar. İndi də atamı görməyə gedirəm, bir az işim var.
-Yəqin bazarda işləyir?
-Hə, burda dükanı var.
Bir az ordan-burdan söhbət etdikdən sonra keçən il başına gələn əhvalatı danışdı və Lamiyəni soruşdu. Aldığı cavab onu sevindirərək dünyanın ən xoşbəxt adamı etmişdi. Necə də etməyəydi? Sevgilisi ana olmuş, dünyaya bir övlad , bir fidan gətirmişdi. Naidədən ayrıldıqdan sonra öz-özünə düşündü; Allahım səni tanımayana lənət, o doğum sancısı çəkəndə mən onun bağışladığı və artıq neçə ildir içi boş halda duran ətir şüşəsi sayəsində on səkkiz gün nə olduğunu bilmədən iztirab çəkmişəm. Halbuki boş şüşədən gələn ətir iyinin sevgilisinin dünyaya gətirdiyi yeni fidanın xəbərçisi olduğunu bilsə, nəinki bilinməzlik içində çabalamaz, hətta toy-bayram edərdim. Niyə də, etməzdi ki? Bir kərə sevmişdi onu və hər insan övladı kimi sevdiyinin xoşbəxt olmasını diləyirdi. Bilmirdi, bəlkə də başqası onun kimi düşünməz, belə şeyləri ağlına gətirməzdi. Amma o başqa idi və öz xoşbəxtliyini sevgilisinin xoşbəxtliyindan ayrı düşünə bilməzdi.
İndi onun ana olduğunu biləndə hədsiz sevincinin əsas səbəbi bəlkə də elə bu idi. Ona bu sevincli xəbəri verərək dünyanın ən xoşbəxt insanı edən Naidənin əllərini öpmək keçdi içindən, amma özünü tutdu, bəlkə heç o da razı olmaz, izin verməzdi. Kim bilir…
Evə döndükdən sonra yataq otağına keçib bədənnüma güzgünün önündə dayandı. Xəyalən də olsa özünə tamaşa edə-edə barmaqlar ilə saçlarını darayıb düzəltdi, sonra çarpayısına uzandı. Üzündə aylardır həsrət qaldığı xoş bir təbəssüm var idi, başının altında çarpazladığı əllərini boynuna tərəf çəkib dirsəklərini bir-birinə yaxınlaşdırdı, ayağını ayağının üstünə atıb, üzü tavana doğru birisiylə danışırmış kimi şükür Allahım, sənə minlərcə kərə şükür dedi…
Ceyhunun bu hissi susuz çöldə tənha qalmış uşağın onu vuracağından qorxduğu ildırımın dəhşətli gurultusundan sonrakı yağmura sevinməsinə bənzəyirdi. Bəli, ikisi də evli idi. Qəlbini üzən, ruhunu bütünüylə sarıb sarmalayaraq çıxış yolu qoymayan dəhşətli qorxu və ardından ruzi bərəkət simvolu olan yağmur, nə fərqi vardı onun son aylarda keçirdiklərinin, bu hissdən?
Əllərini başının altından çəkib üzüaşağı çevrildi, başını yasdığının altına soxub gözlərini yumdu. Yatmaq istəyirdi, həm də heç ayılmamacasına. Qəlbində Allaha yalvarır, dualar oxuyurdu.
Son dəfə, son dəfə onu yuxumda görüm Allahım, sevgilimi qucağında körpəsi, dünyaya gətirdiyi fidanıyla, sonra nə olacaqsa olsun, istərsə heç yuxudan ayılmayım, vecimə də deyil, ya rəbbim, bircə dəqiqəlik yuxu üçün həyatımın qalanını verərəm, al götür, amma onu yuxuma gətir!
Bu sözləri qəlbindən keçirərkən gözləri dolmuş, boğazında yumruq boyda bir şey gəlib düyünlənmişdi və o davam edirdi.
Nə olar Allahım, hər şeyimi al götür, yetər ki, onu iki dəqiqəlik göstər, həm də yuxuda sadəcə yuxuda.
Sanki uca Yaradanı ilə bazarlıq edir, onu bu alış-verişə razı salmağa çalışırdı. Bu yalvarışlar arasında nə vaxt yuxuya getdiyini bilmidi. Yatarkən körpə uşaqlarınkı kimi üzü aydınlanmış, dodaqları təbəssümlə büzülmüşdü.
Yuxu gördüyü, həm də istədiyi arzuladığı yuxunu gördüyü bəs-bəlli idi. Sonra yuxusunu bu həyatda tək sirdaşı olan siqaretinə danışarkən həyəcanından öləcək kimi olur, dili damağına dolaşıb kəkələyirdi.
Sevgilisi yenicə yeriyib yüyürdüyü, atdığı çəkingən addımlardan bəlli olan kiçicik fidanıyla ondan uzaqlaşaraq sonsuzluğa doğru çıxıb getməkdəydilər. Bütün təbiət, canlı və cansız bütün məxluqat Allahın bu sevimli qullarının qarşısında təzim edərək onları ehtiramla qarşılayır, anasıyla dünyalar gözəli qızcığazına minbir rəng və ətirli çiçeklərlə örtünüb bəzənmiş torpaq ananın üzərində yol açaraq onları salamlamaq üçün səmadan yer üzünə enmiş günəşə doğru irəliləmələrinə yardım edirdilər .
Bəli, günəş belə yerə enmiş, Lamiyəylə fidanını salamlayır, onların indi, gələcəkdə və daima nə qədər xoşbəxt olacaqlarını gülümsəyərək xəbər verir, qızılı şəfəqləri ilə onları qucaqlayıb ağuşuna çəkirdi…
Ceyhun günəşin Lamiyə ilə fidanı ağuşuna aldığını gördüyü an dizləri üstə çöküb əlləri ilə üzünü qapadı. Sevincindən hıçqıra-hıçqıra ağlayır, barmaqlarının arasından axan dumduru göz yaşları onun nə qədər xoşbəxt olduğunu müjdələyirdi.

LEAVE A REPLY