“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çap edilməsindən imtina edib.
Bu barədə “Report”a qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevin məlumat verib.
R.Hacıyev bildirib ki, qəzetin çapının dayandırılmasına səbəb “Azərbaycan” Nəşriyyatına olan borcun ödənilməməsidir: “Nəşriyyata olan borcumuzu hissə-hissə ödəyərək qəzetin çapını davam etdirirdik. Amma qəzetin maliyyə direktoru Faiq Əmirlinin həbsindən sonra vəziyyət bir qədər də çətinləşdi. “Azadlıq” qəzetinin bank hesabında pul var, amma həmin hesabdan istifadə edə bilmirik. Çünki bank əməliyyatlarının aparılması üçün Faiq Əmirlinin imzası lazımdır. Ona görə də qəzetin çapı ilə bağlı ödəniş etmək imkanımız yoxdur. Hazırda çalışırıq ki, qəzetin yayımı bərpa olunsun”.
Xatırladaq ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib. Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.