Aygün yeni sevgilisindən danışdı: “Çox qısqancdır”
Xalq artisti Aygün Kazımova ötən gün şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az-a açıqlama verən müğənni məmur oğlu ilə eşq yaşaması məlumatını təsdiqləyərək bunları bildirib:
“Bu xəbərlər doğrudur. Fikrətlə bir müddətdir sevgiliyik. Hətta evlilik təklifi də almışam. Amma mən bu addımı atmaqdan qorxuram. Ailə ciddi məsələdir. Bir anda verilən qərar deyil. Qorxuram ki, ailə qurarıq, sabah deyər ki, sənəti at. Hər işimə müdaxilə edər. Bunu qəbul edə bilmərəm. Fikrət çox qısqancdır. Məni izləyir. Hətta sənət dostlarıma, yaxınlarıma, sənətimə, sevənlərimə də qısqanır. Bununla bağlı aramızda ciddi söhbət də olub. Ona izah etdim ki, mənim sənət dostlarımla münasibətlərim normaldır. Mən müğənniyəm, bu cür hallara alışmalıdır. Fikrət çox məşğul insandır, hər zaman yanımda ola bilmir. Səfərlərə çıxır. Amma telefonla daim əlaqə saxlayırıq. Onu mənimlə birlikdə konsertlərimdə, hansısa məclisdə görə bilməyəcəksiniz”.
A.Kazımova çox xoşbəxt olduğunu söyləyib:
“Sevilirəm və sevirəm. Çox xoşbəxtəm. Hazırda Fikrət İstanbuldadır. Allahdan bu xoşbəxtliyimin sonacan olmasını diləyirəm. Bu, mənim şəxsi həyatımdır. Onun gündəmə çox gəlməsini istəmirdim. Amma mən heç vaxt sevənlərimi və media nümayəndələrini incitməmişəm, onların suallarını cavabsız qoymamışam. Buna görə də, yenə sirlərimi sizinlə bölüşdüm”.