Əhaliyə köhnə məhsullar satılır – TƏHLÜKƏ

0
5

2015-ci ildə milli valyutanın iki dəfə ucuzlaşması, 2016-cı ildə də hər gün bunun yumşaq şəkildə davam etməsi işbazları hərəkətə keçirib. Ərzaq və qeyri-ərzaq istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyətinin günbəgün aşağı düşdüyünün şahidi oluruq. Bunu kiçik bir müşahidə nəticəsində də ayırd edə bilərsiniz. Hər zaman aldığınız qab yumaq üçün şampunlar, müxtəlif vasitələr, yaxud təmizlikdə istifadə etdiyiniz məhlullar əvvəlki qatılıqda deyil. Qab şampunun içərisini doldurmaq üçün sanki sudan istifadə ediblər. Sanki, devalvasiyadan sonra illərdir anbarlarda yığılıb qalan, istifadə müddəti bitmiş məhsullar piştaxtalara geri dönüb. Necə deyərlər, devalvasiya yanan ocağa benzin tökür…

Azad İstehlakçılar Birliyinin ( AİB) sədri Eyyub Hüseynov da Modern.az-a açıqlamasında bu fikirdə olduğunu bildirib. O deyib ki, dövlət tərəfindən sahibkarlığa toxunulmazlıq şəraitinin yaradılması istehlakçı hüquqlarının kütləvi pozulmasına gətirib çıxarıb:

“Dövlət qurumlarında boş yerə maaş paylayırlar”

“Azad İstehlakçılar Birliyinə şikayətlər yağış kimi yağır. Bizim həll edə bilmədiymiz problemlər dövlət orqanlarına yönəldilir. Dövlət qurumları isə problemin həllinə kömək etmir. Əksinə, məsələni daha da qəlizləşdirirlər. Bunlardan konkret olaraq vətəndaşın müraciət etdiyi İqtisadiyyat Nazirliyindən cavab gəlib ki, get məhkəməyə müraciət et. 144 ştatla İqtisadiyyat Nazirliyi, 50 ştatla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adamları boş yerə oturub maaş alırlar. Heç bir yoxlama aparmır, istehlakçı hüquqlarının qorunması ilə məşğul olmurlar.

Azərbaycanda 2001-ci ildən kökü kəsilmiş siqaret istehsal edən firmalar Şəkidə “at oyanıdır”. “Mehdi” və “Azəri” firmaları təhlükəli, filtrsiz siqartelərin istehsalı ilə məşğuldur. Problemi dəfələrlə səsləndirməyimizə baxmayaraq dövlət orqanlarından heç biri insanların sağlamlığı üçün bu yerləri nəzarətə götürmür. Mən siqaretlərin xarici ekspertizasını keçirtdim. Məlum oldu ki, onların tərkibində təhlükəli maddələrin miqdarı həddindən çoxdur. Xüsusilə yeniyetmələr bu siqaretləri 45 qəpiyə alaraq orqanizmlərini zəhərləyirlər. Bəzən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu firmalara sertifikat verməsə də, Səhiyyə Nazirliyindən gigiyenik sertifikat alınır.Buna görə də, hazırda bazarların kütləvi zibillənməsi baş verir”.

“Zəhərli olduğu üçün bu il qarpız yemədim”

E.Hüseynov ömründə ilk dəfə olaraq bu yay qarpız yemədiyini söyləyib: “Bu gün ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Belə bir qanun, müstəqil ekspertiza, sərbəst sertifikatlaşdırma orqanı olmadığı şəraitdə bazarda kütləvi təhlükəli mallar peyda olub.

Mənim az yaşım yoxdur. Bu il ilk dəfə olaraq qarpız yemədim. Bakının bütün bazarlarında apardığım monitorinq nəticəsində məlum oldu ki, qarpızın tərkibində nitritlərin (zəhərli maddə) miqdarı həddindən artıqdır. Məhsulun 1 kiloqramında nitritlərin miqdarı 60 milliqramdan çox olmalı deyil. Aparılan yoxlamalardan sonra nitritlərin miqdarının 1 kq qarpızda 113 milliqramdan az olmadığı bilindi. Bunun nəticəsində əhalinin kütləvi zəhərlənməsi baş verir. Təəssüflər olsun ki, keyfiyyətə nəzarət edən dövlət orqanları seyrçi mövqeyi tutur”.

“Azərbaycanda xərçəngin yaşı cavanlaşmaqdadır”

Hüquq müdafiəçisi Azərbaycanda təhlükəli xəstəliklərin yaşının cavanlaşdığını vurğulayıb: “Hazırda ölkədə çox ciddi xəstəliklərin-xərçəngin cavanlaşması baş verir. Təsadüfi deyil ki, ölkə Prezidentinin sərəncamı ilə “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasına dair 2015-2020-ci illər üçün dövlət strategiyası” hazırlanıb. Həmin strategiyada göstərilib ki, qeyri-infeksion xəstəliklərin mənbəyi qida, sağlam həyat tərzi sürməmək və siqaretdir. 5 il ərzində ölkə ərazisində qida təhlükəsizliyini təmin etmək, siqaret istifadəsini 10 faiz aşağı salmaq kimi strateji məsələlər qarşıya qoyulub. Lakin Səhiyyə Nazirliyi bunu yerinə yetirmək əvəzinə, təhlükəli, xarab mallara sertifikat verməklə məşğuldur. Anormal halın sübutu apteklərdə, klinikalarda insanların uzun növbələridir”.

“Əhali aldadılır”

Sədr bildirib ki, bu gün xanımların mətbəxdə daha çox istifadə etdiyi qab şampunları, kimyəvi təmizləmə məhlullarının içərisinə təhlükəli maddələr qatılır: “Həmçinin, ən brend mağazalarda belə saxta mallar satılır.Bundan başqa yuyucu tozlar, diş məcunlarının təkibində zərərli maddələr aşkarlanıb. İş o yerə çatıb ki, “Pepsi” kimi məşhur brendin üzərində buraxılma tarixi yazılmır”.

Əhalini aldadan reklamlar efirləri zəbt edib. Sizin sayt vasitəsilə əhaliyə “Ariel” yuyucu tozunun reklamı ilə bağlı bir nüansıçatdırmaq istəyirəm. Reklam olunur ki, istehlakçıların 60 faizindən çoxu bu məhsuldan razıdır. Maraqlıdır, o rəy sorğusu harada keçirilib? Kütləvi rəy sorğusu keçirən yeganə təşkilat AİB-dir ki, biz də belə bir sorğu keçirməmişik. Metronun “Sahil” stansiyasının yanında açıq-aşkar saxta mallar satan “Fasion room” adlanan dükan var. Bu, əhali arasında “1-ə 1” kimi tanınır. Sahibkar brend malların etiketlərini vuraraq saxta malların satışı ilə məşğuldur.

Bu cür saxta malların satışı daim Azərbaycanda olub. Tendensiya indi də davam edir. Məhsulun üzərindən köhnə yarlıqlar çıxarılaraq yeni tarixli yarlıqlar vurulur”.