Ad, soyad və ata adının dəyişdirilməsi qaydası –Nazirlik təsdiqlədi

0
5

Ədliyyə Nazirliyinin Kollegiyası “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib.

Bu elektron xidmət istifadəçilərin qeydiyyat orqanına getmədən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən (http://www.e-gov.az; http://exidmet.justice.gov.az) bu elektron xidmətin digər icraçıları Daxili İşlər Nazirliyinin rayon və şəhər polis orqanlarıdır.

Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti 25 gündür.

Ancaq polis orqanı tərəfindən rəyin verilməsi üçün tələb olunan müddət və xarici dövlətlərdə doğulmuş Azərbaycan vətəndaşının adının, ata adının və soyadının dəyişdirilməsi haqqında müraciət üzrə müvafiq akt qeydlərinin xarici ölkələrin səlahiyyətli orqanlarından əldə edilməsi müddəti istisna edilir.

Elektron xidmətin göstərilməsinin nəticəsində adın, ata adının və soyadın dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılaraq adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə və ya adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə imtina barədə qərar  istifadəçiyə təqdim edilir. 18 yaşına çatmış fiziki şəxslərin istifadəçisi ola biləcəyi elektron xidmət üzrə ödənişə 10 manat dövlət rüsumu daxildir.

Elektron xidmətlə bağlı inzibati əməliyyatların maksimal yerinə yetirilmə müddəti 25 gündən artıq olmamalıdır.

APA