“Bu gerçək bir darbə deyildi, və yaxud da ordunun tamamının dəstəkləmədiyi bir məsələydi”

0
8

Vüqar Əliyev:”AKP-dən olan bəzi deputatlar, nazirlər-filan da var ki, bunlar da fetoçuluğun ayaqlandırdığı və o konumlara gətirdiyi adamlardı”

Bizim ağır atletimiz Qazaxıstanın bayrağı altında Rio olimpiadasının çempionu olub, dünya rekordunu 4 kilo civarında təzələyəndə, mən Gəncədəydim. Açığı, idmançımızın uğuruna çox sevindim, kimsənin düşünə bilməyəcəyi qədər çox. Elə bir o qədər də qəzəbə boğuldum, əsəblərim tarıma çəkildi. Axı, bu necə ölkədi ki, bizim gül kimi uşaqlarımız gedib başqa dövlətlərin bayrağını qaldırırlar. Özümüz isə Zimbabve zəncilərindən tutmuş, keçmiş sosialist ölkələrinin üçüncü dərəcəli idmançılarına qədər, harda nə qədər dələduz var,  ətək-ətək pulla gətirib burda guya yığma komanda düzəldirik. Tək bircə olimpiya medalı üçün harda gəldi, kimə gəldi astronomik ölçülərdə rüşvət təklif edirik. Axırda onun da, ya zibili çıxır, dünyada biabır oluruq, ya da pulu bəri başdan nəğd şəkildə almış “idmançılarımız” elə ilk aeroportdaca yoxa çıxırlar. Yenə də biabırçılıq, yenə də analoqsuz idman siyasətinin fiaskosu. Bir kimsənin də nə cınqırı çıxır, nə səsi eşidilir. Sanki elə belə də olmalıymış…

Bu dərdimiz təkcə idman sahəsi ilə bitsəydi nə vardı ki. Azərbaycanın yüzlərlə alimləri, minlərlə həkimləri, mühəndisləri, mədəniyyət və incəsənət adamları, misiqəçiləri indi dünyanın çeşidli, bizim üçün yad olan, ölkələrində çox uğurlu fəaliyyət göstərir və hərəsi öz sahəsində həmin ölkələrin inkişafına xidmət etməkdədilər.  Elə bu günlərdə yaxın dostların aracılığı ilə tanış və həmsöhbət olduğum Vüqar Əliyev də  illər öncə buradakı haqsızlıqlara arxa çevirib, qanunsuzluqlardan bezərək ölkəni tərk etmiş istedadlı soydaşlarımızdan biridi. Hazırda qardaş Türkiyənin teatr və kino sahəsində sayılıb seçilən mütəxəssislərdən biri kimi çalışmaqdadı və yaşına görə də xeyli uğurlar qazana bilib. Məhşur “Kurtlar vadisi” serialında, həmçinin də bir sıra digər serial və filmlərdə önəmli rollara çəkilib. Bir sözlə, ölkəmizi tərk etməsindən də, qardaş Türkiyə olsa belə, başqa bir dövlətdə, özgə bir məmləkətdə işinə, əməyinə verilən qiymətdən də, işlədiyi şəraitdən də, kəndinə göstərilən münasibətdən heç bir narazılığı yoxdur. Təbii ki, özünün də dediyi kimi, bir vaxtlar ölkəni tərk etmiş olmasaydı, bəlkə də çoxdan sevdiyi peşəsinə əlvida deyib,  teatr-kino sahəsindən ayrı düşərək,  ya “Sədərək”də corab, ya da “Binə”də tuman-köynək satırdı. Bax belə. Bizim övladlarımızı bizə, ölkəmizə, millətimizə və dövlətimizə xidmət etməkdən perik salan bir zehniyyət və bu zehniyyətdən doğan siyasət hakimdi indi Azərbaycanda.

Anlayacağınız, bu dəfəki müsahibim, qardaş Türkiyədə teatr və kino sənətinin uğurları üçün çalışan soydaşımız  Vüqar Əliyevdi.

Sərdar Əlibəyli

 

  • Dediyin kimi, Türkiyəyə gəldin və yavaş-yavaş işlər qaydasına girdi. Artıq Türkiyənin sənət dünyasında az-çox tanınan isimlərindənsən. Sırf yaradıcılıq və yaradıcı adamlara münasibət baxımından oraynan buranın fərqi çoxdumu?

 

  • Yaradiğiliğa da, yaradıcı adamlara da münasibət baxımından, eləcə də proseslərin özündə fərq çoxdu, lap çox. Əvvəlcədən onu deyim ki, mən Türkiyəyə getməzdən əvvəl, burda iki bədii filmdə çəkilmişdim. Bunlardan biri Rövşən Almaslının çəkdiyi Musa Nağıyev haqqındakı “Yük” bədii filmiydi və orda dərviş rolunu oynamışdım. Digəri Tofiq Tağızadənin çəkdiyi “Köpək” bədii filmiydi və bunların ikisi də mənim tələbə olduğum illərdə çəkilmiş filmlər idi.

 

  • “Köpək” filmi hansıydı, Həsən Məmmədovun oynadığı?

 

  • Yox, o, Loğman Kərimli, Məmməd Vəfa və digərlərinin çəkildikləri film idi və özəl bir şirkətin sifarişi ilə çəkilirdi. Həmin o şirkət sonradan ləğv olundu və onunla bir yerdə o filmi də yığışdırdılar. Ama “Yük” filmi indi də var və arabir də telekanallarda nümayiş olunur.

 

  • Oraynan buranın fərqlərindən danışacaqdıq və o fərq özünü əsasən nədə və necə göstərir?

 

  • Bilirsiniz, sənət dünyanın hər yerində sənətdir. Hər sənətin də bir standartı var. Məsələn, film çəkirsənsə, burda üç dənə plan var – ümumi plan, orta plan, bir də yaxın plan. Hər yerdə filmləri bu planlara uyğun çəkirlər. Amma bu işə texnikanın qatdığı bəzi şeylər var, tutaq ki, işiq effektlərindən necə istifadəyə görə, kameraların səviyyəsindən asılı olaraq filmlərin keyfiyyəti də fərqli olur. Türkiyədə bu şeylər fərqlidir. Bilmirəm, bəklə indi burda da o şeylər var. Amma mənim burda filmlərə çəkildiyim dönəmlərdə, deyək ki, kamerada monitor yox idi. Rejissor özü kameranın böyründə durub oyunçuları qiymətləndirirdi. Ama türkiyədə monitor var idi, baxırdılar və nə çəkdiklərini orda tam şəkildə görürdülər. Yəni rejisor öz çəkdiyi kadrların efirdən necə görünəcəyini monitor vasitəsilə tam təsəvvür edə bilirdi. Türkiyədə filmlərin çəkiliş işləri çox tez başa gəlir. Deyək ki, 90 dəqiqəlik bir seriyalı film orda 7 günə çəkilir. Məsələn, “Qurdlar Vadisi” serialının 90 dəqiqəlik bir bölümü 7 günə çəkilirdi və səkkizinci gün artıq efirə gedirdi.

 

  • “Qurlar Vadisi” demişkən, ora necə düşdünüz, yenə də tapşırıqmı oldi, tanışlıq hesabınamı çəkildiniz o serialda?

 

  • Yox, tanışlıq olmaz, sənətdə bu mümkün deyil. Hətta tanış eliyən olarsa belə, baxarlar, əgər sənin səviyyən, istedadın yerərli deyilsə, tapşıranın, ya da tanış edənin kimliyi heç nəyə yaramaz və sənə çox üslublu şəkildə, xətrinə dəymədən “yox” deyib, hörmətlə, izzətlə yola salarlar.

 

  • “Qurdlar Vadisi”ni içdən gördün, hər halda bir xeylu dramatik epizodlarla zəhgin bir vadiydi. Sizcə o vadidəmi baş çıxarmaq asandı, yoxsa bizim, bəzən film kimi görünən gerçəklərlə dolu “Azərbaycan vadisində”?

 

  • Məncə, ora daha rahatdı.

 

  • Trkiyədən gəlibsiniz, darbəynən bağlı fikriniz nədi, çünki elə orda da, burda da bu darbəyə “şou” deyənlər var, əsil həqiqətlər nədən ibarətdir, daha doğrusu, bu olaylar sizin pəncərənizdən necə görsənir?

 

  • Mən iki darbə dönəmində Türkiyədə olmuşam. 1997-ci il 28 şübat(fevral) darbəsi olanda mən Antaliyadaydım. O darbənin nəticəsi olaraq Ərbakan hökuməti endirildi. Onda belə olmadı və o gün generallar efirə çıxdılar və dedilər ki, Ərbakan hökumətu istefa verdi və nəsə yeni koalisiya hökuməti yaradıldı və sair. Ümumiyyətlə, sən yaşadığın ölkənin dilini və qanunlarını bilirsənsə, o ölkədə yabançı deyilsən. Əgər bunları bilmədinsə, sən orda ancaq ucuz fəhləlik eləyə bilərsən və hər kəs də sənə yabançı kimi baxar. Sənə də, o vəziyyətdə, istər toplumun, istərsə də fərdlərin baxışı və münasibəti, bir yabançıya olacaq qədər olar. Mən də həmişə çalışıram, ilk növbədə o ölkənin dilini yaxşı mənimsəyim ki, ünsiyyətdə olduğum hər on nəfərdən azı səkkizi mənim Türkiyə vətəndaşı olmadığımı başa düşməsin. Və həmçinin də Türkiyənin qanunlarını mümkün olduğu qədər mükəmməl öyrənməyə çalışıram. Baxın, mən o qanunlardan bilirdim ki, Türkiyənin ərazisində “F-16” uçaqları alçaq məsafələrdə uça bilməzlər. Iyulin 15-də, axşam evdə oturub televizora baxırdım, evin pəncərələri də açıq idi. Baxdim səslər gəlir, uçaqlar uçurlar. Yaşadığım yer isə İstanbul Böyük Bələdiyyə idarəsinə və Istanbul Əmniyyət müdirliyinə  yaxın bir yerdədir. Pəncərədən baxanda hərbi uçaqları gördüm və dərhal da öz-özümə dedim ki, bu normal bir şey deyil. Çünki, dediyim kimi, ölkənin qanunlarına görə, böyük şəhərlərdə hərbi təyarələr bu cür alçaqdan uça bilməzlər. O arada bir seriala baxırdım, kanalı çevirəndə TRT Spor kanalına  rast gəldim. Baxanda gördüm ki, burda TRT-də aparıcı olan bir qız nələrsə danışır. Baxan kimi anladım ki, oxunan bir çevriliş bildirisidir.  O dəqiqə də anlaşıldı ki, Türk Silahlı Qüvvətləri belə bir şeyə qalxışıblar. Sonra gördüm ki, TRT-nin digər kanalları bağlanıb. Orda fərqli məlumatlar ala bilmək üçün ya “CNN Türk”ə, ya da “FOX” knallarına baxmaq lazımır, çünki onlar müxalif mövqeli televiziyalardır. Orda gördüklərim bir daha təsdiq elədi ki, ölkədə çevriliş etmək istəyirlər. O arda efirdə Türkiyənin Qara Qüvvətlər Komutanı olan general danışdı və bildirdi ki, bunları dəstəkləmir. Mən də öz-özümə dedim ki, bu artıq başqa məsələdir. Çünki ordunun əsas qüvvəsi Qara Qüvvətləridir və onun da komutanı bir başa Ali Baş Komandana, yəni prezidentə tabedir.

 

  • Sizcə o gün nə baş verirdi, bu qurulmuş bir oyun idimi, yoxsa gerçək bir çevriliş planımı var idi.

 

  • Bu gerçək bir darbə deyildi, və yaxud da ordunun tamamının dəstəkləmədiyi bir məsələydi. Ordunun bütünü bu qərarı vermiş olsaydı, orda başqa məsələlər olardı.

 

  • Indi Türkiyənin içindən fərqli və ziddiyətli xəbərlər gəlir bu darbə haqqında, siz, belə deyək ki, ocağın içindən gələnsiniz, ümumi ictimai rəyi nə deyir, Türkiyənin indiki gerçəkləri fonunda fetoçuluq nədir və buraya kimlər daxildir?

 

  • Türkiyədə bu hərəkatın bir təhsil ayağı var idi və o sistemə aid olan məktəblər bağlandı. Bir də bunların hüquq ayağı var və bu ayaqlar məhkəmələrdə, savçılıqlarda, jandarma polis sistemində oturdulmuşdular. Üçincü ayaq isə əsgəri qurumlarda yerləşmişdi. Ayrıca da AKP-dən olan bəzi deputatlar, nazirlər-filan da var ki, bunlar da fetoçuluğun ayaqlandırdığı və o konumlara gətirdiyi adamlardı. Əslində qorduqları əsas məqam da budur.

 

  • Nədən qorxurlar ki?

 

  • Deyək ki, bu gün AKP- 362 millət vəkili var və bunlar təkbaşına hakimiyyət olmaq haqqını qazanırlar, amma Ana Yasanı dəyişmək haqqına sahib deyillər. Sabahlari, tutq ki, 40-50 nəfər fetoçu deputat ya istefaya gedəsi olsa, ya da, sadəcə AKP-dən ayrılsa hətta hökumət düşər. O zaqman məcburi koalisiya olmalıdır. O da indiki hakimiyyət və Ərdoğanın gələcək planları üçün böyük təhlükədir. Yəni, hələ heç nə həll olunmayıb, baxmayaraq ki, darbe həmləsini önləmək mümkün oldu.

 

  • Ama millət hələ də küçələrdədi …

 

  • Bu tamam başqa məsələdir, millət ona görə küçələrdədir ki, türkiyə toplumu çevrilişi istəmir.

 

  • Ərdoğanın özünə cəmiyyətin münasibəti necədir. Cümhur başqanı olaraq onun dəstəyi doğrudan da göstərilmək istədiyi qədərdir, yoxsa … ?

 

  • Yox, gerçək situasiya xeyli fərqlidir.

 

  • Nə mənada fərqlidir ki?

 

  • Baxın, bunun ən çox qazandığı səs oranı 49 faiz olub. Bu isə o deməkdir ki, 51 faiz bunun qarşısındadır.

 

  • 49 rəqəmi əslində çox yaxşı rəqəmdi, amma sizcə, bu proseslər şkalanı yuxarı, yoxsa aşağı aparacaq?

 

  • Aşağı da apara bilər, ancaq bu yalnız növbəti seçkidə məlum olacaq.

 

  • Siyasi mənsubiyyətiniz varmı?

 

  • Yox, mən siyasətlə məşğul olmuram.

 

  • Ümumi yönümünüz ha tərəfədi, yəni simpatiyanız daha çox hansı siyasi cərəyana, ya da təşkilata meyllidir?

 

  • Yönümümə gəlincə, mən türk millətçisiyəm, ancaq indi bilinən siyasi partiyaların heç birinə xüsusu simpatiyam yoxdur. Türk millətçisi, turançı olaraq yaşıyıram, AKP ilə də, CHP ilə də, MHP ilə də fərqli fikirlərimiz var.

 

  • Sizin kimi düşünənlər, belə deyək ki, turançı millətçilərin sayı nə qədərdi, çoxdurmu?

 

  • Onu bilə bilmirəm və hardan bilmək olar ki?

 

Niyə partiya-filan şəklində toparlanıb proseslərə qoşulmursunuz ki?

 

  • Çünki partiya və partiyalı fəaliyyət məni qane eləmir. Bundan başqa da mən bir sənətçiyəm və mənim işim bu cür fəaliyyət göstərməyə o qədər də müsaid deyil.

 

  • Ama Ərdoğanı Ərdoğan eliyən bir az da sənətçilər və “Akıl Adamlari” kimi təqdim olunan tanınmışlar oldu məncə.

 

  • İstənilən halda, mənim nə siyasi fəaliyyət göstərmək həvəsim, nə də siyasi partiya üzvü olmaq məcburiyyətim var. Mənim dediyim kimi, bir yolum var, türkəm, türk millətçisiyəm və turançıyam. Bunu qəbul edən hər kəs də mənimlə eyni xəttdədir, etməyənlərin isə öz xəttləri var. Bu ideyalarla yaşamaq üçün isə, hansısa partiyaya üzv olmağa ehtiyac yoxdur. Çünki bu partiyaların üstündə və partiyalılığın fövqündə dayanan bir şeydir.

 

  • Bir az da Türkiyədə sənətçinin məişətindən danışaq və istəyirəm həm də bura ilə müqayisə edəsiniz.

 

  • Istər sənətçi ol, istərsə də digər bir peşənin sahibi, sənin məişətin əsasən qazana bildiyin paraya bağlı olur. Doğrusunu deyim ki, orda mənim bir həftəyə qazandığım para, bir ay üçün mənim bütün ehtiyaclarımı tam qarşılayır. Geriyə qalanını isə, artıq sənin keyfinə baxır, hara və necə xərcləyəcəksən. Burda indi deyə bilmərəm, amma mən işlədiyim zamanlarda, o baxımdan durum çox ağır idi. Nəinki bir həttədə, heç bir ayda qazandığın belə hər şeyə, ya da heç nəyə yetmirdi. Elə indinin özündə də, tanış sənətçilərlə söhbətlərə inansaq, vəziyyət o qədər də yaxşı deyil. Daha dərinliyini bilmirəm, marağımda da deyil.

 

Son