Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirli bilinir.
Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. (APA)