Türk ordusu Menbiçə doğru irəliləyir

0
5

Türkiyənin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus qəsəbəsini və ətraf kəndləri nəzarət altına alan Azad Suriya Ordusu hazırda PYD kürd qruplaşmasının nəzarətində olan Menbiç şəhərini tutmağa hazırlaşdığını bildirib.

Belər ki, Azad Suriya Ordusuna daxil olan Sultan Murat Batalyonunun komandiri, polkovnik Ahmed Osman Menbiçin İŞİD-dən azad edilməsi əməliyyatında iştirak edən YPG kürd qruplaşması (PYD-nin hərbi qanadı) yaraqlılarının hələ şəhəri tərk etmədiyini, əksinə, mövqelərini gücləndirdiyini deyib. Onun sözlərinə görə, Azad Suriya Ordusu bir neçə gün ərzində Menbiçi kürdlərdən geri almağa hazırlaşır

Bu xəbərdarlıqdan sonra YPG-nin Menbiçə əlavə silah və canlı qüvvə cəmləşdirdiyi məlum olub. “Reuters”in xəbərinə görə avqustun 28-dən başlayaraq Menbiçə doğru silah və canlı qüvvə ilə dolu TIR-ların hərəkəti müşahidə edilir. Hazırda şəhərdə 3 minə yaxın YPG silahlısı var. Onlar müttəfiqləri ABŞ-ın tələblərinə və Türkiyənin xəbərdarlıqlarına baxmayaraq Menbiçi tərk etməyiblər.

Xəbərlərə görə Menbiçdəki YPG silahlıları Demokratik Suriya Qüvvələri koalisiyasının şevronlarını taxmağa başlayıb və bununla da Türkiyəni aldadaraq bölgədə qalmağa çalışır. Lakin Türkiyə tərəfi xəbərdarlıq edib ki, YPG birləşmələri Fərat çayının şərq sahilinə keçməsə silah gücüylə bölgədən çıxarılacaq. Ötən iki gün ərzində Türkiyə ordusu YPG-nin mövqelərinə havadan və qurudan zərbələr endirib. Onlarla kürd yaraqlısının olduğu xəbər verilir.