Qarabağın qarşılığında 3 şərt –Putinin Azərbaycandan nələri istədiyi açıqlandı

0
2

Məlum “aprel döyüşləri”ndən sonra Qarabağ probleminin həllində aktivləşən Rusiya prezidenti Putin başda olmaqla, rəsmi Moskvanın hər hansı bir nümayəndəsinin açıqlamaları Azərbaycanda çox böyük həssaslıqla müzakirə olunur.

Elə bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözləri də bu səbəbdən Azərbaycanda gündəmin əsas mövzularından biri oldu.

Xatırladaq ki, brifinqdə jurnalistin “ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkmək müqabilində, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında liderlik rolunun verilməsi təklif olunub. Bu, nə dərəcədə həqiqətdir?” sualına Rusiya XİN sözçüsü belə cavab verib: “İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya verməyə razılıq versin. Belə olsa, bu, əsl irəliləyiş olardı”.

Bu açıqlama Putinin Qarabağ problemini tezliklə həll edəcəyinə dair Azərbaycan cəmiyyətində yaranan ümidlərə ciddi kölgə salmaqla yanaşı, ABŞ-ın bu düyünün həlllini Rusiyanın öhdəsinə rahat buraxmayacağını da təsdiq edir.

Strateq.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı açıqlama verən “Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, prosesə ilk növbədə “Putin, ümumiyyətlə, Qarabağ problemini həll etmək istəyirmi?” kontekstindən baxmaq lazımdır:

“Xatırlayırsınızsa, Vladimir Putin 2000-ci ildə Rusiyada hakimiyyətə gəldikdə ilk xarici səfərini Azərbaycana reallaşdırdı və keçmiş prezident Heydər Əliyevlə geniş fikir mübadiləsi apardı. O illərdə Çeçenistanda müharibə gedirdi və Moskva çeçen savaşçılara xarici ölkələrdən dəstək verildiyini iddia edirdi. Moskva o illərdə hesab edirdi ki, çeçen savaşçılara yardımın bir hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Putin bu mövzuda Bakıda Heydər Əliyevlə müzakirə apardı. Bundan sonra Bakıda Çeçenistanın keçmiş prezidenti Aslan Mashadova bağlı nümayəndəlik qapadıldı.

Aydındır ki, rəsmi Bakı bunun qarşılığında Putinin də Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasını, srtateji müttəfiqi Ermənistana təsir etməsini istəyirdi. Ancaq bu baş vermədi. Əksinə, Putinin hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ münaqişəsi daha çox konservləşdirildi.

Putinin iki müddət prezidentliyindən sonra Rusiyada hakimiyyətə Dmitri Medvedyev gətirildi. Putindən fərqli olaraq Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərdi. Medvedyev 3 il ərzində Azərbaycan və Ermənistan prezidentərini 10 dəfə bir araya gətirdi, intensiv danışıqlar aparıldı. Ancaq 3 ölkənin prezidenti münaqişənin həlli ilə bağlı geniş müzakirələr apararkən Rusiyanın o zamankı baş naziri Vladimir Putin də Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşürdü. Köçəryan artıq heç bir dövlət vəzifəsi daşımırdı. Ona görə də Putinin Köçəryanla görüşlərini Medvedyevə təzyiq kimi qiymətləndirmək olardı. Yəni Putin Köçəryanla mütəmadi görüşməklə demək istəyirdi ki, Ermənistanın maraqları əleyhinə Dağlıq Qarabağ münaqişəsini həll etmək olmaz”.

Ekspert deyir ki, hazırda Putinin Azərbaycan prezidenti İlham Əliyevlə də mehriban münasibətləri var. Ancaq Putin xarici siyasətdə şəxsi hissləri ilə hərəkət etmir:

“O, bəlkə də Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir, ancaq Kreml sahibi müttəfiqi olan Ermənistanın bu həll yolundan məğlub çıxmasını istəmir. Ermənistanın danışıqlardan məğlub çıxmaması isə Dağlıq Qarabağda referendum məsələsinin separatçıların xeyrinə həll olunması deməkdir. Belə olan halda danışıqların məğlubu Azərbaycan olmalıdır.

Putinin Ukrayna siyasəti göstərir ki, Rusiya prezidenti qonşu ölkələrin Kremlə tabe olmasını istəyir. Əks halda, Rusiya prezidenti həmin ölkəyə qarşı aqressiv siyasət aparır. Unutmayaq ki, Gürcüstan və Ukrayna Qərblə yaxınlıq etdiklərinə və müstəqil siyasət yürütdüklərinə görə, Moskva tərəfindən cəzalandırıldı”.

Politoloqun sözlərinə görə, Putinin Bakıdan da eyni istəkləri var:

“Birincisi, Azərbaycan bütövlüklə Rusiyanın regional maraqlarını nəzərə almalıdır, ən azı Avrasiya İqtisadi Birliyinə qoşulmalıdır;

İkincisi, Azərbaycan NATO-dan uzaq durmalıdır, Xəzərdə Qərbin bu və digər şəkildə hərbi varlığına imkan verməməlidir;

Üçüncüsü, Azərbaycan Rusiyanın maraqları əleyhinə Xəzərin dibi ilə Türkmənistana boru xətti çəkməməlidir.

Əslində, rəsmi Bakı Putinin bu istəklərini nəzərə almağa hazırdır. Ancaq Azərbaycan hakimiyyəti Putinin bu ağır şərtlərini yerinə yetirəcəyi halda, Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəkmi?

Bu suala rəsmi Bakı Kremldən dəqiq cavab ala bilmir”.

F.ƏHMƏD