Beynəlxalq Ağır Atletika Federasiyası Pekində keçirilən 2008-ci il Olimpiya Oyunlarında yoxlama zamanı dopinqin aşkar edildiyi Azərbaycan, Çin və Ukrayna Ağır Atletika federasiyalarının idmançılarını bir il müddətinə yarışlardan kənarlaşdırıldıqlarını təsdiqləyib.
Bu barədə “AR” məlumat yayıb.
Xatırladaq ki, dünən Beynəlxalq Ağır Atletika Federasiyası həmin idmançıların siyahısını təqdim edib. Siyahıda 94 kq çəki kateqoriyasında yarışan Nizami Paşayev də var.
İyunun 22-də IWF İcra Komitəsi qərar qəbul edib. Qərara görə, 2008-ci və 2012-ci il olimpiyadalarında dopinq yoxlama zamanı üç və ya daha çox müsbət nəticə aşkar edilən ölkələrin federasiyaları bir il müddətinə yarışlardan kənarlaşdırılacaq.
Daha öncə Rio-de-Janeyroda keçirilən Olimpiadadan sonra Rusiya, Qazaxıstan və Belarusun da Ağır Atletika federasiyalarının bir il müddətinə yarışlardan kənarlaşdırılacağına dair məlumat yayılmışdı.