Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 26-na rəsmi məzənnəsini 1,6280 AZN/USD səviyyəsində müəyyən edib. Bu, məzənnənin 0,22% artması deməkdir.
Üstəlik, bəzi bankların dolların satışını dayandırması, qara bazarı canlandırıb. Avqustun 25-də dollar qara bazarda 1,70 AZN-ə satılıb.
Iqtisadçı ekspert Qadir İbrahimli qaynarinfo.az-a dolların belə bahalaşmasının səbəblərini açıqlayıb:
– Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, Azərbaycanın xarici dövriyyəsində yanvar-iyul aylarının nəticələrinə görə 1 milyard dollarlıq mənfi saldo yaranıb.
Bu, o deməkdir ki, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyib. Subyektiv səbəb isə odur ki, müəyyən maliyyə qrupları dollar qıtlığından istifadə edərək, qara bazarı canlandırmaq istəyir. Ona görə süni ajiotaj yaradılır.
Bildiyiniz kimi, bir qədər əvvəl Mərkəzi Bankın qərarı ilə valyuta dəyişmə məntəqələri ləğv edildi . Dolların ancaq banklardan satışına icazə verildi. Indi bu daha da məhdudlaşdırılıb, bəzi banklar dollar satmaqdan imtina edirlər və alternativ bazar yaranır. Əslində, bu qara bazar da həmin bankların nəzarətində olan bazardır.
Ikinci tərəfdən, ölkənin neft gəlirlərinin kəskin azalması hökuməti məcbur edir ki, daha kəskin devalvasiyaya getsin. Bəzi mənbələrin bildirdiyinə görə, artıq yaxın bir həftəyə növbəti devalvasiyaya hazırlıq görülür. Yaxın günlərdə çox mümkündür ki, bu, elan edilsin. İlk devalvasiyası ərəfəsində də həmin situasiya yaranmışdı. Bu proses hər devalvasiya ərəfəsində baş verir.
– Sizcə, indiki halda hökumət hansı addımları atmalıdır?
– Hökumətin bu dəqiqə konkret addım atmaq fikri yoxdur. Çünki situasiyaya hazır deyil. Hələ ki, Azərbaycanın valyuta bazarında şok terapiyası həyata keçirilir. Bunun da mahiyyəti radikal üsullarla problemin həllinə nail olmaqdır. Təəssüf ki, bu üsullar aztəminatlı əhaliin vəziyyətinin daha da pisləşməsinə, onların daha da yoxsullaşmasına gətirib çıxarır.
– Belə başa düşdük ki, qiymətlər bir də qalxacaq...
– Bəli, əgər kəskin devalvasiya baş versə, hökumət üzən məzənnə siyasətindən imtina etsə, ölkəyə idxal olunan malların qiymətində artım baş verəcək. Bu isə əhalinin güzəranında öz sözünü deyəcək. Yaşayış daha da çətinləşəcək.