HAKİMİYYƏTDƏKİ GÜLƏNÇİLƏRİN HƏBSİNƏ START VERİLƏCƏK

0
5

Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra məlum oldu ki, həmin çirkin niyyətin arxasında hazırda ABŞ-a sığınan Fətullah Gülənin rəhbərlik etdiyi şəbəkə durub. Həmin hadisədən sonra Türkiyədə zərərli sekta üzvlərinə qarşı ciddi tədbirlər görülməyə başladı. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən irəli gələn inteqrasiya amillərini nəzərə alsaq, onda həmin şəbəkənin Azərbaycanda da müəyyən dayaqlarının olduğunu iddia edə bilərik.
Artıq bu istiqamətdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırmalara başlanıb. Maraqlıdır ki, gülənçiliklə bağlı ittihama tuş gələnlər sırasında ölkənin aparıcı müxalifət partiyası olan AXCP-nin fəal simaları var. Partiya sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən sonra onlar tərəfindən belə bir təbliğata start verilib ki, guya Azərbaycan hakimiyyəti nurçuluqla mübarizə adı altında öz rəqiblərini sıradan çıxarmağa qərar verib. Ancaq proseslərin təhlili onu göstərir ki, bu heç də belə deyil. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bu günlərdə verdiyi açıqlamadan da hiss olunur ki, Azərbaycan bu zərərli təriqət üzvləri ilə, harada qərar tutmasından asılı olmayaraq, mübarizə aparmaqda maraqlıdır.

Novruz Məmmədov bu xüsusda bildirib ki, FETÖ təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır: “Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq”. N.Məmmədovun bu açıqlamasının ardınca, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə bəyanatla çıxış edib.

Bildirilir ki, Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə Respublika Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Belə nəticəyə gəlmək olar ki, bu istiqamətdə araşdırmalar daha dərinləşə bilər və heç də bəzi dairələrin iddia etdiyi kimi, müxalifətin orbitində olan adamlarla yekunlaşmayacaq və hətta çoxdan adları hallanan sabiq və hazırkı dövlət məmurlarına, komitə sədrlərinə, alimlərə, nazirlik mənsublarına, hətta deputatlara qədər gedib çıxa bilər.
Məlumdur ki, gülənçilərin müəyyən dərəcədə nüfuz etdiyi ölkələrdən biri də Azərbaycandır. Bunu səciyyələndirən bir sıra vacib faktorlar var. Bura dil birliyini, ortaq mədəniyyətimizi, ölkələrimiz arasındakı mehriban münasibətləri aid etmək olar. Bir qədər yaddaşları təzələsək görərik ki, elə də uzaq olmayan keçmişdə Azərbaycan hakimiyyəti gülənçilərlə bağlı böyük siyasi iradə nümayiş etdirdi. Onların mühüm dövlət strukturlarına yerləşdirdiyi bir sıra tanınmış kadrlar tutduğu vəzifədən azad edildi. Bu hələ Türkiyədə məlum sektanın üzvlərilə açıq mübarizənin aparılmasından çox əvvəlki dönəmə təsadüf edir. Həmin vaxt Türkiyə hakimiyyətinin gülənçilərə olan münasibətinin hazırkı vəziyyətdə olmaması Azərbaycandakı “hizmətçilərə” qarşı mübarizə dinamikasını bir qədər səngitmiş oldu.
Ancaq aparılan araşdırmalar göstərir ki, bəzi dövlət strukturlarında mühüm post tutan bəzi gülənçilər indiyə kimi yaxşı maskalanmağı bacarıb.
Hələlik jurnalist araşdırmaları nəticəsində mediada dərc olunan məlumatlarda konkret adlar və həmin adamların hansı əməllərlə məşğul olmasına işıq salınır. Məlum olur ki, gülənçilər Azərbaycana 1990-cı ildən ayaq açmağa başlayıb.
Jurnalist-araşdırmaçıların iddiasına görə, Azərbaycan dövləti ilə ilk yüksək səviyyədə təmas 08.05.1991-ci il tarixində baş nazir Həsən Həsənovla gerçəkləşdirilib və baş nazirin tapşırığı ilə Bakının o zamankı birinci katibi Sənan Əlizadə fətullahçılara normal fəaliyyət üçün Yasamalda 3 otaqlı köhnə erməni mənzilini bağışlayıb. Həmin dövrdən ciddi şəkildə təşkilatlanan şəbəkə hazırda, demək olar ki, ölkənin mühüm postlarına belə adamlarını yerləşdirməyi bacarıb. Artıq mediada bu xüsusda konkret adlar hallanmağa başlayıb. Bir neçə il əvvəl Prezident Administrasiyasında mühüm post tutan və adı nurçuluqla bağlı sıx hallanan Elnur Aslanovla bağlı vaxtilə tədbirlər görülsə də, o, Rabitə Nazirliyinə sığınmaqla məsuliyyətdən uzaqlaşmağı və bir müddət gözdən itməyi bacardı. Həmin proseslər nəticəsində imici ciddi şəkildə zədələnən onun yaxın dostu Ceyhun Osmanlı mandat itkisi ilə kifayətlənərək, şəbəkə ilə təmaslarını davam etdirmək yolunu tutdu. Hətta yayılan məlumatlarda bildirilir ki, Ceyhun Osmanlı hazırda sözügedən şəbəkəyə aid böyük bir biznes imperiyasını idarə etməklə məşğuldur. Bura bir sıra tanınmış restoran şəbəkələri də aid edilir. Təəssüflər olsun ki, Azərbaycandakı gülənçilərin yaxın silahdaşı olmaqda adı hallananlardan biri də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edən Fərhad Məmmədov adlı şəxsdir.
Dini Komitənin sabiq rəhbəri Elşad İsgəndərovun da gülənçi şəbəkə ilə sıx təmasda olmasına dair mediada çeşidli məlumatlar tirajlanmaqdadır.
Azərbaycandakı gülənçilərə qarşı başlanan əməliyyatla bağlı məlumatlar yayılan kimi Elnur Aslanovun ölkəni tərk etməsi xəbəri yayıldı. Düzdür, buna müxtəlif donlar geyindirirlər. Onun ölkədən qaçmasının səbəbini gah xaricdəki təhsillə, bəzən isə istirahətə yollanmaqla izah edirlər. Elnur Aslanov barədə ölkəni tərk etməsilə bağlı məlumatlar yayılanda cavab qısa olmuşdu: “ABŞ-da təhsil alır”.
Belə çıxır ki, Aslanov istədiyi zaman təhsil adı altında ABŞ-a gedib, təlimatları alıb Azərbaycana qayıda bilər? Biz isə hesab edirik ki, kifayət qədər dəlil və sübutlar olduğu halda və adı Türkiyədə hərbi çevrilişə cəhd edən fətullahçılarla sıx hallanan Elnur Aslanovun məhz belə bir məqamda ölkədən çıxmasına icazə verilməsi doğru deyil. Kim bilir ki, Elnur Aslanov səfər etdiyi ölkədən Azərbaycana qayıdacaq, ya yox?
Bu arada Elnur Aslanovun yaxın iki silahdaşının həbs ediləcəyi haqda informasiyalar yayılmağa başlayıb. “Olaylar”ın xəbərinə görə, FETÖ qruplaşması ilə yaxından əlaqədə olan şəxslər arasında AXCP-çilərlə yanaşı, sabiq millət vəkilləri, keçmiş komitə rəhbəri də var. Məlumata görə, bunlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərov və sabiq millət vəkili Ceyhun Osmanlıdır. Sayt etibarlı mənbədən daxil olan məlumata istinad edərək bildirir ki, yaxın günlərdə həm Elşad İsgəndərov, həm də Ceyhun Osmanlı barədə həbs qərarı veriləcək.
Bu yazı ilə bağlı araşdırma apararkən qarşıma hazırda ölkə başçısının köməkçisi vəzifəsində işləyən Əli Həsənovun 2009-cu ildə adı Gülənlə sıx hallanan Dialoq Avrasiya Platformasının tədbirində bir təriqət liderinin (Fətullah Gülən nəzərdə tutulurdu-M.Q) ifrat dərəcədə şişirdilməsinə etdiyi etirazla bağlı fikirləri çıxdı. Şübhəsiz ki, həmin dönəmdə belə bir ifadənin işlədilməsi böyük risq tələb edirdi. Bu faktın özü sübut edir ki, Azərbaycan hakimiyyəti hər zaman təriqətçilərin dövlətə nüfuz etməsinə qarşı olub və bu istiqamətdə mübarizə davam etdiriləcək.

Məhəmmədəli QƏRİBLİ