Yaxın vaxtlarda Bakı şəhərində daha bir neçə marşrut xətləri üzrə hərəkət edən avtobuslarda kart ödəniş sisteminə keçid təmin ediləcək. Hazırda kart sistemi tətbiq ediləcək marsurt avtobuslarının keçdiyi ərazilərdə sərnişinlərin rahatlığını təmin etmək üçün ödəniş terminalları quraşdırılır. Bunu Bakı Nəqliyyat Agentliyi ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
N.Allahyarovanın sözlərinə görə, nağdsız ödəniş sistemi tezliklə 18, 61, 65, 79, 85, 96 saylı marşrutlarda tətbiq ediləcək.
O, əlavə edib ki, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə zəruri tədbirləri davam etdirir. Agentlik mütəmadi olaraq müəyyən edilən tələblərlə bağlı paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətləri məlumatlandırır. Qoyulan tələblər sırasında ən mühümü nəqliyyatda vahid ödəmə kart sisteminə keçidin təmin edilməsidir. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün bütün zəruri addımları atmaqdadır.
“Vahid ödəmə kart sisteminə keçid icitmai nəqliyyatda mövcud olan bir sıra problemlərin birdəfəlik həllinə imkan verəcək. Belə ki, kart sisteminə keçid daşıyıcı sirkətlərin sürücülərə aylıq əmək haqqı verməsinə səbəb olacaq ki, bu da sürücüləri gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan dəfələrlə artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olurdu. Bu isə haqlı olaraq sərnişinlərin narazlığına yol açırdı. Bu sistemə keçid həm də ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan verəcək. Bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir”, – deyə N.Allahyarova bildirib.
Qeyd edək ki, hazırda Bakı şəhərində 1, 2, 3, 5, 6, 7, 8, 13, 14 saylı marşurt xətlərindəki avtobuslarda, eləcə də “28 May” metro stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən ekspress avtobusda kart ödəniş sistemi tətbiq edilməkdədir. (“Report”)