Azərilər kimdir: Talışlar və tatilər, yoxsa Azərbaycan türkləri ?

0
5

Tofiq Əzizov

Tarixçi, arxeoloq.

II məqalə

Ə. Kəsrəvinin Azərbaycanın şimal hüdudu haqqındakı iddiası və Ərəb mənbələrindəki məlumatlar. Ə. Kəsrəvi ,,Azəri, yaxud Azərbaycanın qədım dili” adlı əsərinin 1926 – cı ildəki nəşrində yazırdı ki, X – XII əsr Ərəb səyyah – coğrafiyaşünaslarının və tarixçilərinin əsərlərindəki məlumatlara görə, həmin vaxt Azərbaycan adlanan ərazi şimalda Araz çayına qədər uzanırmış. Azərbaycan ərazisində həmin vaxt mövcud olmuş və həmin müəlliflərin də haqqında məlumat verdikləri Azəri dili qədim Fars dili, azərilər də qədim farslar imış. Lakin ötən müddətdə aparılmış tədqiqatlar və elə həmin mənbələrdəki məlumatlar Ə. Kəsrəvinin bu iddialarını qəti şəkildə rədd edir. Azərbaycan alimərindən Nailə Vəlixanlının və Ramil Ağayevin tədqiqatlarına görə, həmin mənbələrdə olan bəzi ziddiyətlərə baxmayaraq, həmin vaxt Azərbaycan ərazisi şimalda Dərbənddən cənubda Zəncanadək uzanırmış (Bax: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı – 1993, s. 74 – 78; Ramil Ağayev. Ərəb Xilafəti dövründə ,,Azərbaycan” tarixi coğrafi anlayışı, onun hüdudları və əhalisinin etnik tərkibi. BAO. Az saytı).

Gəlin həmin məlumatlardan bəzilərinə birlikdə nəzər salaq. Ə. Kəsrəvi azərilərin yalnız Azərbaycan ərazisində yaşadığını və Azərbaycanın da şimalda onu Arrandan ayıran Araz çayına qədər uzandığını iddia edirdi. ƏL- Məsudi, əl – İstəxri, ibn Havqəl kimi müəlliflərin əsərlərındə belə məlumatlar olsa da, onlar dolaşıq və ziddiyətlidir (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 76 – 78). Məsələn, Ə. Kəsrəvi bu məsələdə ibn Havqəlin (977) ,,Kitab əl – məsalik vəl – məmalik” əsərində Arran dili haqqında verdiyi məluma da istinad edirdi. Lakin elə həmin ibn Havqəl həmin əsərində yazırdı ki, Qabh (Qafqaz) dağlarında 360 dildə danışılması haqqındakı məlumatı ,,mən bir çox kənddə olub, hər kəndin azəri və fars dillərindən başqa öz dilinin də olduğunu görənədək inkar edirdim” (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 62). Bu məlumatdan belə bir nəticə çıxır ki, həmin vaxt Azəri dili hətta Böyük Qafqaz dağlarındakı kəndlərində belə yayılmış, müxtəlif dilli tayfalar arasında qeyri – rəsmi ünsiyyət dili olmuşdur. Bu isə ancaq sıx ünsiyyət və qonşuluq şəraitində mümkün ola bilərdi. Bunu əl – Müqəddəsinin arranlıların Fars dilində xorasınlılar kimi danışması haqqındakı məlumatı (Bax: Nailə Vəlixanlı. Yenə orada. s. 63) da təsdiq edir. Elə həmin İbn – Havqəl həmçinin Bərdənin Azərbaycan şəhəri olduğunu bildirmiş, Xəzər dənizinin təsvirini verdiyi xəritəsində Dərbənddən Gilanadək sahilboyu ərazini Azərbaycan kimi qeyd etmiş, Kür və Araz çaylarını, Muğan ərazisini onun tərkibində göstərmişdi (Nailə Vəlixanlı. Yenə orada. s. 37, 77; 131; Ramil Ağayev. Yenə orada.) Ərəb müəlliflərindən ibn əl – Fəqih (X əsr) ,,Kitab əl – buldan” adlı əsərində yazırdı ki, Azərbaycan Bərdədən Zəncanadək olan ərazidir. Qudama ibn Cəfər (X əsr) isə ,,Kitab əl – Xərac və sənət əl – Kitab” adlı əsərində Bərdəni Azərbaycanın paytaxtı adlandırmışdı. Əl – Yəqubi (IX əsr) ,,Kitab əl – Buldan” və Əsəm əl – Kufi (X əsr) ,,Kitab əl – Futuh” adlı əsərlərində Bərdənin Azərbaycan şəhəri olduğunu bildirirdilər. Ət – Təbəri Həmədandan Dərbəndə qədər bütün şəhərlərin Azərbaycana məxsus olduğunu göstərirdi. Əl – Məsudinin (X əsr) ,,Muruc əz – zəhəb və mədain əl – cəvahir” əsərində ,,Azərbaycan ölkəsindən olan Arran” ifadəsi vardır və s.. (Bax: Ramil Ağayev. Yenə orada.).

Bütün bunlardan belə bir nəticə çıxır ki, Ə. Kəsrəvinin bu iddialarının elmi dəyəri yoxdur və ona ümid bağlayanların nəsibi namünasib vəziyyətdə qalmaqdır. Əhməd Kəsrəvinin etirafları. Ə Kəsrəvinin böyük yalanının bir hissəsinin üstünü Sovet alimi B. V. Miller 1930 – cu ildə açdı (Bax: Б. В. Миллер. О языке населения Азербайджана до отуречения этой области. М., 1930). O, Ə. Kəsrəvinin elm və siyasət aləminə Azəri dilinin nümunələri kimi təqdim etdiyi materialları təhlil edərək belə bir nəticəyə gəldi ki, onlar qədim Fars dilində deyil, müasir Talış dilinə yaxın olan bir dildədir. Həm də, X –XII əsr Ərəb müəlliflərinin verdiyi məlumatlardan fərqli olaraq bu dil onun iddia etdiyi kimi, bütün Cənubi Azərbaycan ərazisində yox, yalnız Ərdəbil şəhəri və ətrafındakı ərazidə mövcud olmuşdur. B. V. Millerin apardığı tədqiqatların nəticələri ilə tanış olan Ə. Kəsrəvi 1938 – ci ildə bu əsərini yenidən çap etdirərkən buraxdığı həmin səhvlərini etiraf etdi (Bax: А. Мамедов. Талыши как носители древнего языка Азербайджана.). Yəni, Azəri dili qədim Fars dili deyil, müasir Talış dilinə yaxın olan ölü bir dildir və yalnız Ərdəbil şəhəri və yaxınlığındakı ərazilərdə mövcud olmuşdur. Lakin B. V. Miller Ə. Kəsrəvinin yalanlarını axıradək aça bilmədi. Çünki o da belə hesab edirdi ki, türklərin Cənubi Azərbaycan ərazisinə ayağı ilk dəfə XI əsrdə Səlcuq türklərinin işğalı zamanı dəymişdir. Belə olan halda, o təbii ki, haqqında X əsr Ərəb müəlliflərinin məlumat verdikləri Azəri dilinin indiki kimi türk dili ola biləcəyi ehtimalını ağlına belə gətirməzdi. Lakin o belə bir faktı nəzərdən qaçırdı ki, elə Ərəb mənbələrindəki məlumatlara görə, Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir (Bax: Ziya Bünyadov. Azəbaycan VII – IX əsrlərdə. Bakı – 1989; Сара Касумова. Азербайджан в III – VII вв. Баку – 1993; Nailə Vəlixanlı. Ərəb Xilafəti…; Ramil Ağayev. Ərəb Xilafəti dövründə ,, Azərbaycan”…).

Ə. Kəsrəvinin uydurduğu azərilər kimdir? Tədqiqatlar göstərir ki, Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi materiallar Xərzani (Hərzani) və Kerinqani (Karinqani, Kirinqani) adlı Tati tayfalarının dilindədir. Xərzani və Kerinqani tayfaları Azərbaycanın içərilərinə XIV əsrdən tez olmayaraq Səfəvilər sülalasinin himayəsi altında Xalxal və Astaradan getmışlər (Bax: Tofiq Əzizov (Əzizbəyli). Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya. info). Ərəb müəlliflərinin əsərlərində bu dilin də daxil olduğu dillərin ümumi adı Azəri deyil, əl – Fəhləviyə olmuşdur. Bəzi Ərəb müəlliflərinin onu əl – Dəriyə adlandırmasını da ehtimal etmək olar. Çaşqınlıq yaratmamaq üçün hələlik bundan artıq heç nə yazmıram. Nəticə. İndiyədək aparılmış tədqiqatların nəticələri sübut edir ki, Ərəb müəlliflərinin haqqında məlumat verdikləri Azəri dili həmin dövrdə müxtəlif dilli etnoslar arasında qeyri – rəsmi ünsiyyət vasitəsi kimi ən azından Dərbənddən Zəncana qədər bütün Azərbaycan ərazisində yayılmış və həmin vaxt Xorasan dilinə yaxın olmuş hazırkı Azərbaycan türkcəsidir.