İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək

0
5

Türkiyə-İsrail münasibətlərinin normallaşması ilə bağlı razılaşma sənədi ratifikasiya üçün parlamentin gündəliyinə daxil edilib.

“Habertürk” xəbər verir ki, razılaşmaya əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək.

Anlaşmada İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu sənəd layihəsini Böyük Millət Məclisinin sədrinə təqdim etdiklərini, onun həmin razılaşmanı parlamentin müzakirəsinə çıxaracağını söyləmişdi.

Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülmüşdü.