Müdafiə Nazirliyi:”Şəhid Orucovun ailəsinin problemlərinin həlli üçün işlər görülüb”

0
6

Müdafiə Nazirliyi şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin şikayətinə əsasən yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, şəhidin ailəsi müdafiə nazirinin müavini və nazirliyin müvafiq idarə rəisləri tərəfindən dəfələrlə qəbul edilib, ailənin problemlərinin həlli ilə bağlı konkret işlər görülüb.

Qeyd olunub ki, həyat yoldaşı qəbul zamanı şəhid R. Orucova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi arzusunda olduqlarını bildirib. Bu fəxri adın Silahlı Qüvvələrdə uzun müddət xidmətə görə deyil, hər hansı bir döyüş əməliyyatında göstərilən qəhrəmanlığa, şəxsi şücaət və rəşadətə görə verildiyi barədə şəhidin ailəsi məlumatlandırılıb. General, zabit və digər hərbi qulluqçular öz ailə üzvləri ilə birlikdə şəhidin yas mərasimlərində dəfələrlə iştirak edib, ailəsinə baş çəkib, Silahlı Qüvvələr Günündə də onları ziyarət edərək tək buraxmayıblar. Şəhid ailəsinin pensiya təminatı ilə bağlı tələb olunan sənədlərin işlənib-hazırlanması böyük həcmli bir proses olmasına baxmayaraq, Müdafiə Nazirliyinin müvafiq qurumları bu məsələnin sürətləndirilməsi məqsədilə üzərinə düşən vəzifələri vaxtında yerinə yetirib, sənədlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Belə ki, 9 aprel 2016-cı il tarixdə “Ölüm haqqında tibbi şəhadətnamə” verilib və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polkovnik-leytenant Orucov Raquf İbrahim oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilməsi barədə Müdafiə Nazirliyinin 18.05.2016-cı il tarixli arayışı xidmət etdiyi hərbi hissənin nümayəndəsi tərəfindən şəxsən həyat yoldaşı Sevinc Əlizadəyə təqdim edilib.

Eyni zamanda, şəhid R. Orucovun ailəsinə Müdafiə Nazirliyinin xətti ilə ailə başçısının itirilməsinə görə pensiya təyin olunması məqsədilə 14 iyun 2016-cı il tarixdə həyat yoldaşına və 4 avqust 2016-cı il tarixdə atasına “Məlumat vərəq”ləri hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilib. Aprel döyüşlərində polkovnik-leytenant R. Orucovun fəaliyyəti araşdırılıb, hərbi hissə komandanlığının təqdimatı əsasında komissiyanın qərarı ilə müvafiq qaydada vəsatət qaldırılıb. 19 aprel 2016-cı il tarixində dövlət başçısının sərəncamına əsasən o, ölümündən sonra yüksək döyüş medalı – “İgidliyə görə” medalı ilə təltif olunub.

O da bildirilib ki, şəhid polkovnik-leytenant R.Orucov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə dövlət başçısının 28 dekabr 2011-ci il tarixli fərmanına əsasən, Bakı şəhərində 3 otaqlı daimi mənzillə təmin edilib.

Nazirlikdən əlavə ediblər ki, ölüm haqqında tibbi şəhadətnamə Səhiyyə Nazirliyinin 2 oktyabr 2001-ci il tarixli 100 saylı əmri ilə təsdiq edilmiş formada Səhiyyə Nazirliyi, ölüm haqqında şəhadətnamə isə mərhumun qeydiyyatda olduğu şəhər və ya rayonun VVAQ şöbəsi tərəfindən həlak olanın yaxınlarına verilir.