Körfəz ölkələrindən gələn ərəb turistlər Azərbaycanda daha çox beşulduzlu otellərə üstünlük verirlər.
Bunu AzərTAc-a müsahibəsində “Falcon Travel” şirkətinin direktoru Pərviz Musayev deyib. Daha çox ərəb ölkələrindən gələn turistlər üzrə çalışan şirkətin rəhbəri bildirib ki, bu il ərəb turistlərinin ölkəmizə gəlməsinin sayında ciddi artım müşahidə olunur. Bunun müxtəlif səbəbləri var.
“Ərəb ölkələrinin turistləri üçün Azərbaycanın cəlbedici olmasının səbəbi ölkəmizin təbiətinin möhtəşəmliyi, turistlər üçün əsas amillərdən olan restoranlarda yeməklərin halal olması, aeroportda sadələşdirilmiş viza rejiminə keçilməsi, birbaşa aviareyslərin həyata keçirilməsi və ölkəmizə uçuş məsafəsinin az olmasıdır.
Həmçinin yay ayları ərəb ölkələrində kəskin isti olmasının da rolu var. Son zamanlar Türkiyədə baş verən hadisələrin nəticəsində Azərbaycana gələn ərəb turistlərin sayında kəskin artım müşahidə olunub”, – deyə P.Musayev əlavə edib.
P.Musayev qeyd edib ki, hazırda ölkəmizə ən çox turist Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Bundan əlavə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman və İraqdan da gələn turistlər də üstünlük təşkil edir.
İraqdan gələn turistlərin aşağı kateqoriyalı, daha ucuz otelləri seçdiyini bildirən P.Musayev körfəz ölkələri turistlərinin Bakıda və regionlarda daha çox beşulduzlu otellərə üstünlük verdiklərini söyləyib.