Almaniya KİV-ləri var qüvvə ilə öz görünməyən “dirijorlarının” simasını xilas etməyə və demokratiyanın müdafiəsi uğrunda Türkiyənin qanuni hökumətinin fəaliyyətini dəstəkləyən 20 minədək türkün gözlənilmədən Köln küçələrinə çıxmasını izah etməyə çalışırlar. Axı mitinqə qədər alman siyasətçilərinin çoxu, o cümlədən hakim partiyadan olanlar Türkiyə rəhbərlərinin Avropa şəhərində yalnız “onlar”la tərəfdar toplaya biləcəklərinə dair qərəzkarlıqla “fal açırdılar”. Lakin törədilən əngəllərə baxmayaraq, bu say nəyinki “onlar”ı, “yüzlər”i də keçdi və “on minlər”lə oldu!
İndi isə çıxış yolu tapılıb. “Frankfurter Allgemeine Zeitung” yazır ki, Almaniyanın lap mərkəzində bu cür nümayişin keçirilməsinə icazə verilməsi “Avropanın Türkiyə Prezidentinə verə biləcəyi ən yaxşı demokratiya dərsidir”. Görürsünüzmü, “Almaniyada yaşayan türklər bütün mülki hüquqlara, o cümlədən sərbəst toplaşma azadlığına malikdirlər”.
Bəs belə! Qəzet təkcə bir detalı qeyd etməyi “unudub” – qiyam cəhdi Almaniyada deyil, Türkiyədə olub. İndi heç vaxtı da deyil – iki həftə keçəndən sonra – qiyamçıların tərəfdarlarına haradasa Taksimdə, ya da başqa bir yerdə toplaşmağa icazə vermək. Maraqlıdır, federal hökumət neonasistlərin Bundestaqı tutmaq cəhdindən iki həftə sonra onların mitinq keçirməsinə icazə verərdimi?
Lakin qəzet hesab edir ki, Türkiyə problemlərinin həllini “Almaniyaya köçürmək olmaz”. “Avropa ölkələri Ankarada hakimiyyət və Türkiyə daxilində siyasi oriyentasiya uğrunda mübarizə arenasına çevrilməməlidir”. Lakin qəzet xatırlamağı unudur ki, məhz Avropa “JPG” terror təşkilatını (PKK-nın Suriya qanadı) köksündə bəsləyir, ona nəinki etnik türklər üzərində zorakılıqla nəticələnən mitinqlər keçirməyə icazə verir, həm də Avropanın mərkəzində təşkilatın nümayəndəliyini açır. Lakin Türkiyədə nə Əl-Qaidənin, nə də İŞİD-in nümayəndəliyi var və bu ölkədə terrorçulara dözüm yoxdur.
“Tagesspiegel” qəzetinin icmalçısı Klaudia Keller almanları və türkləri bir-birini həddindən artıq birmənalı qəbul etməkdən çəkindirir. Onun fikrincə, bazar günü keçirilmiş nümayiş bu parçalanmanı yalnız gücləndirir. Çoxları üçün Avropada Ankara və İstanbulla bağlı olan hər şey “virusa yoluxub, deməli şübhəlidir”. Xanım jurnalist Almaniyada Türkiyə əleyhinə isteriyanı gizlədə bilməyərək yazır ki, “hətta türk mənşəli qonşular da getdikcə şübhəli olur”.
Digər tərəfdən, Türkiyədə və AFR-də yaşayan türklərin çoxunun nəzərində Avropa öz miqrasiya siyasəti və Ərdoğan düşmənlərini dəstəkləməsi sayəsində etimadını itirib. Jurnalist fikrini yekunlaşdıraraq yazır: “Görünür ki, təkcə dost və düşmən var. Gündən-günə yarımtonlar və seçim üçün yer daralır – elə bununla siyasətin də yeri daralır”.
Bu da Almaniya hökumətinin Türkiyə əleyhinə apardığı indiki xəttinin nəticəsidir. (Azərtac)