Artıq çəki diabetin inkişafı riskini artırır

0
5

Məlum olduğu kimi, piylənmə sağlamlıq üçün təhlükəli olan bir sıra xəstəliklərin inkişafına şərait yaradır. Əgər artıq çəkiniz varsa, bu xəstəliklərdən bəzisinə, məsələn, II tip diabetlə xəstələnmə riski xüsusilə böyükdür.

Azərtac “planet-today.ru” saytına istinadla xəbər verir ki, bu, isveçli alimlərin gəldiyi nəticədir. Onlar öz qənaətini geniş tədqiqatla təsdiqləyiblər. Tədqiqat çərçivəsində dörd min monozigot əkizinin tibbi tarixçəsi təhlil edilib, çünki genetik əsası olmayan müxtəlif amillərin orqanizmə təsirini onların nümunəsində asanlıqla müəyyən etmək olar.

Əkizlərə dair tibbi məlumatlar 12 ili əhatə edib. Bu müddətdə müşahidə altında olan bəzi əkizlər ölüb. Xəstələnmə və ölüm haqqında məlumatları bədənin kütlə indeksi göstəriciləri ilə tutuşduran tədqiqatçılar müəyyən ediblər ki, piylənmə əsas mənfi amillərdən biridir.

Məsələn, artıq çəkidən əziyyət çəkən adamlar arasında II tip diabet riskinin xüsusilə yüksək olduğu aşkar edilib. Həkimlər bildirirlər ki, bu xəstəlik bəzən normal həyat üçün ciddi maneə doğuran çoxsaylı fəsadlarla müşayiət olunur.