NAXÇIVANI HƏTTA RADİKAL MÜXALİFƏTİN DƏ TƏRİFLƏMƏSİNİN SİRRİ – İKİNCİ YAZI

0
5

MƏHƏMMƏDƏLİ QƏRİBLİ

Dəyişikliyi gözlə görmək şansı

 

Naxçıvana etdiyim qısa müddətli səfərlə bağlı “Mən Naxçıvana niyə gedə bilmirdim?” başlığı ilə təqdim etdiyim müəllif yazısı böyük maraqla qarşılandı. Həmin yazı ilə aşağıdakı  link vasitəsilə tanış ola bilərsiniz.

(http://azinforum.az/m%C9%99n-naxcivana-niy%C9%99-ged%C9%99-bilmirdim-m%C9%99h%C9%99mm%C9%99d%C9%99li-q%C9%99ribli-birinci-yazi/)

Bu səbəbdən də, əksər həmkarlarıma sözügedən yazıya göstərdikləri böyük diqqətə görə, dərin minnətdarlığımı bildirirəm. Çünki müəllifi olduğum məqalə demək olar ki, ölkənin ən aparıcı elektron və çap media vasitələri tərəfindən yayınlandı. Əslən Naxçıvandan olan və uzun müddət doğma diyara səfər etməyən bir jurnalist kimi orada müəyyən sürprizlərlə qarşılaşacağımı təxmin etmişdim. Gedib-gələn doğmalardan, tanımadığımız şəxslərdən Naxçıvanda yerlə-göy arasındakı qədər dəyişiklikyin olduğunu eşidirdim. Maraqlı burasıdır ki, həmin adamların arasında hazırkı iqtidara qarşı radikal müxalif mövqedə duranların da, olduğu məni bir qədər təəccübləndirirdi. Ortaya belə məntiq çıxırdı ki, deyilən kateqoriyaya şamil olunan adamlar, ancaq həqiqəti deyə bilərlər. Çünki o qəbildən olan şəxslər Naxçıvanı yalandan tərifləmklə nəsə qazana bilməzdilər.Əksinə, düşərgələri tərəfindən qınağa çəkilə bilərdilər. Ancaq görünür, düzü etiraf etmək onların gözündə düşərgə qınağını da, heçə endirmiş olub. Əslən Naxçıvandan olan tanınmış vəkil Namizəd Səfərov prinsipial mövqeli müxalifətçilərdən sayılır. Gəlin, Namizəd Səfərovun Naxçıvanda 10 gün qalıb qayıtdıqdan sonra gəldiyi qənətlə tanış olaq. Tanınmış vəkilin fikirlərini olduğu kimi qeyd edirəm:

“10 gün idi ki,Naxçıvanda idim. Hər yeri qarış-qarış gəzdim. Təəccübümü heç cür gizlədə bilmirəm. Gəldiyim ümumi nəticə budur.  Naxçıvan dünyanın tanıdığım ən abad diyarıdır. Bir sözlə heyran qaldım”.

 

na
Bəzi tərəddüdlərin və hətta müxalifətçilərin belə səmimi, heyranedici etirafından sonra, Naxçıvanı öz gözlərimlə görmək kimi bir şans qazanmışdım. Təbii ki, görəcəklərimlə bağlı yazı hazırlamaq qərarını qabaqcadan vermişdim. Çünki mən Naxçıvanda gördüklərimə müqayisəli aspektdən yanaşa bilərdim. Naxçıvanın keçmişini görən bir jurnalist kimi, indiki dəyişikliyin hansı səviyyədə olub-olmadığına daha aydın nəzər salmaq imkanım vardı.

Naxçıvanda ASAN kənd modeli

 

ax

  Foto -Ucqar kəndlərdən birində yaradılıan şərait (AXAMƏD)

Bəzi dostlar və tanışlar səfərimin məqsədilə çox maraqlandıqları üçün, onların diqqətinə bir daha çatdırıram ki, səfərimin başlıca məqsədi yaxın bir adamın dünyasını dəyişməsi səbəbindən onun yas mərasimində iştirak etmək istəyimlə bağlı idi. İkinci yazının bir qədər keçikməsi isə, bizə yaxın olan çoğrafiyada, xüsusilə də, qardaş Türkiyədə maraqlı proseslərin cərəyan etməsi ilə əlaqəli idi. Hesab etdim ki, yazının təqdimatı həmin dinamikanın sönməsindən sonra daha yaxşı olardı. Ona görə də, təəsuratlarıma keçən yazıda qaldığım yerdən davam etmək istərdim.

Şərura gedəcəyim ünvana gecə saatlarında çatdım. Naxçıvanla Şərur arasındakı magistral yolun məni necə təəccübləndirdiyini ötən yazıda qeyd etmişdim. Səhər yuxudan oyanan kimi yasda iştirak etmək üçün gəzə-gəzə kəndin mərkəzinə çıxdıq. Ucqar bir kənddə düz qapının ağzına kimi asfaltın döşəndiyini gördüm. Əvvəllər bu kəndin nəinki ara yolları, hətta kəndlə rayon mərkəzini birləşdirən magistral yolunun əksər hissəsi belə asfalt deyildi. Payız və qış aylarında yağan yağıntılar torpaq yolu palçıq edirdi. Onun üstündən adlayan mal-qara isə yolu tamamilə keçilməz vəziyyətə salırdı.
İndiki kimi yadımdadır ki, yay aylarında həmin yoldan nisbətən böyük sürətlə keçən maşının yaratdığı tozdan bir neçə dəqiqə sonra hətta yaxın məsafədə olan insanlar bir-birini görə bilirdi. Ara yoldakı asfaltla kənd mərkəzinə doğru irəliləyəndə palçıqdan olan hasarlar da gözümə dəymədi. Bütü həyətlərin hasarları eyni qaydada olaraq plan əsasında düzəldilmişdi. Həmin dəqiqə hiss edilirdi ki, bu kəndçinin maddi imkanları xaricində olan məsələdir və mütləq mənada dövlətin layihəsi əsasında həyata keçirilib.
Kəndin mərkəzində plan əsasında salınan başqa bir mənzərə diqqətimi cəlb etdi. Əvvəlki illərdə bunu görməmişdim. Dedilər ki, həmin ərazidə yanaşı tikilən binalardan biri məktəb, digəri Kənd Mərkəzi, üçüncüsü isə Xidmət Mərkəzidir. Kənd sakinləri bildirdi ki, Naxçıvanın bütün kəndlərində bu model tətbiq olunub. Yaxından tanış olduqda gördüm ki, yerli hakimiyyət burada ASAN Xidmətin kiçik bir kənd modelini yaradıb. Yəni sadə kəndliyə hansısa bir sənəd almaq lazımdırsa, o, Kənd Mərkəzinə girməklə bir neçə dəqiqə ərzində problemini həll edə bilər. Çünki kəndin idarə olunmasında məsul olan bütün qurumlar bir binanın içərisində yerləşir. Ən müasir üslubda tikilən həmin binalar sürətli internetdə təmin edilib.

 

du0

 

Ucqar kənddə optik kabelli internet
Təəccübümə səbəb olan başqa bir məsələ internetin sürəti ilə bağlı oldu. Bunun səbəbini belə izah etdilər ki, hətta ən ucqar kəndə belə optik kabellə internet çəkilib. Xidmət Mərkəzlərində isə kəndə aid olan xidmət servisləri yerləşdirilib. Bura bərbərxana, mağaza, qadın gözəllik salonu, dərzi sexini  aid etmək olar. Bir sözlə, bu yeni modelin seçimi və iş prinsipindən çox xoşum gəldi.
Kəndin mərkəzilə qısa tanışdıqdan sonra, yas mərasiminin keçirildiyi evə yollandıq. Naxçıvanda keçirilən yas mərasimləri ilə bağlı uzun illərdir ki, vahid standartın müəyyən edildiyini eşitmişdim. Hətta bir neçə təşəbbüs qaldırılmışdı ki, həmin praktika olduğu kimi Azərbaycanın digər regionlarında da tətbiq edilsin. Əslində baxanda, paytaxtda həmin ideyanı dəstəkləyənlər daha çoxdur. Ancaq görünən budur ki, bu nəcib təşəbbüsün qəbul olunmasına şərti adı “Ehsan mafiyası” olan və arxasında bəzi qüdrət sahiblərinin dayandığı bir qruplaşma imkan vermir.
Yasın keçirilməsilə bağlı diqqətimi çəkən məqam bu oldu ki, maddi imkanı və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, Naxçıvanda hamı bu qaydaya əməl edir. Masanın üstündə çay, qənd və limondan başqa heç nə görmədim. Birmənalı şəkildə bildirildi ki, bu qaydaya Naxçıvanda ən ali dövlət vəzifələrini tutan şəxslər belə əməl edir.

 

Naxçıvan məmurları və onların xidməti maşınları

 

Yasda iştirak edərək mənəvi məsuliyyətimi tamamlamış oldum. Bu səbəbdən də qalan qısa bir vaxtı özümün planına həsr etmək qərarına gəldim. Qərara aldım ki, mediada və ora gedən turistlər tərəfindən daha çox təriflənən bir neçə məkana baş çəkim. Şərurda qohum-əqraba çox olduğu üçün, qulluğumda durmaq istəyənlərin sayı çox idi. Heç kimə artıq əziyyət vermək istəmədim. Yaxın bir qohumun avtomobiliylə Naxçıvan şəhərinə doğru hərəkət etməyə başladıq. Ona tərifi bütün aləmə yayılan “Duzdağ” sanotoriyasını görmək istədiyimi bildirdim. Məni dediyim yerə aparan qohumum o qədər də böyük vəzifənin daşıyıcısı olmasa da, dövlət məmuru sayılırdı. Bilirdim ki, onun xidməti maşını və sürücüsü var. Ancaq maraqlıdır ki, məni şəxsi avtomobili ilə müşayiət edirdi. Bunun da səbəbini ondan soruşdum. Məmur qohum bildirdi ki, Naxçıvan MR-də xidməti avtomobillər ancaq təkim olunan sahənin işi üçün istifadə olunmalıdır. Yəni dövlət işləri üçün. Hansısa vəzifəli şəxsin xidməti avtomobili onun ailəsini, uşağını ora-bura apararsa, bununla bağlı ciddi tədbir görülür. Bu söhbət mənim lap ürəyimə yayıldı. Həmin dəqiqə Bakıda gördüyüm mənzərə gözümün önünə gəldi. Orta və ali məktəblərin, qadın salonlarının qabağında ən son model “AA” seriyalı avtomobilləri idarə edən sürücülərin zavallı baxışları yadıma düşdü. Bir neçə dəfə hiss etmişəm ki, onlar sanki danışmaq istəyir ki, axı, məni tələbə və ya qadın bərbərindən adam daşımağa təhkim etməyiblər. Doğrudan da, dövlətin işləri üçün ayrılan vəsitlərə bu şəkildə edilən nəzarəti çox ürəkəaçan hal kimi qəbul etdim. Yolumuzun üstündə olan kəndlərdən birinin kənarında dayanan hərbi formada olan bir nəfərin bizə əl yellədiyini gördük. Sürücü saxladı, gizir rütbəsini daşıyan həmin adam bizdən onu da hərbi hissələrinə yaxın bir əraziyə kimi aparmağı xahiş etdi. Avtomobili idarə edən qohumum etiraz etmədi və onu qulluq etdiyi hərbi hissəyə yaxın ərazidə deyil, düz lazım olan ünvana çatdırdı və dedi ki, hərbçilərə münasibətdə daima belə olur. Bu hal isə, məndə Naxçıvandakı dövlət məmurlarının həbçilərə olan münasibətlərinə dair rəy formalaşdırdı.

Şorranlıqda yaşıllıq və aqresiya amili

“Duzdağ” deyilən yer Şərurdan Naxçıvan şəhərinə gedən yolun üstündə yerləşir. Boz dağlarla əhatə olunan həmin ərazidə yaşıllıq demək olar ki, olmayıb. Çünki torpaq şoran olduğu üçün yaşıllığı yertişdirib ərsəyə gətirmək o qədər də asan məsələ deyil. Həmin yerlərdə olan quraqlıq mənzərəsi hələ uşaq vaxtlarımdan mənim yadımda qalıb. Çünki sovetlər dönəmində mənim atam Naxçıvanda dağ mədən nəzrətini həyata keçirən qurumda işləyirdi. Bir neçə dəfə Duzdağa yoxlamaya gedəndə məni də aparmışdı.Marağımı daha çox ordakı fəhlələrin başında olan işıqlı papaqlar cəlb edirdi. Məhz buna görə, atam bir neçə dəfə mənim marağımı təmin etməli olmuşdu. Naxçıvanın qızmar istisində ora gedən avtobusu gözləməyimiz hələ də yadımdadır. İnsanlar günün şuasından qorunmaq üçün işıq dirəyinin gölgəsinə sığımağa məcbur olurdu. Çünki ətrafda bir dənə də olsun yaşıllıq yox idi. İndi isə “Duzdağ”a aparan yolun sağı və solu göz oxşayan yaşıllıqdır. Müalicə sanatoriyasına çatmamış, həmin əraziyə yaxın yerdə 5 ulduzlu otel də fəaliyyət göstərir. Şoranlıq, boz dağların əhatəsindəki susuz yerdə belə bir yaşıllıq massivinin salındığı və abadlıq işlərinin necə görüldüyü adamı təəccübləndirməyə bilmir. Bu nailiyyəti yalnız hansısa rayonun yaşıllaşdırılmasına məhsul olan idarənin potensial hesabına etmək praktik olaraq mümkün deyil.
Yaşıllıqların salındığı ərazilərə vurulan stendlərdən gördüm ki, hər bir ərazi konkret olaraq hansısa dövlət qurumun təhkim edilib. Həmin qurumların kütləvi iməclikdə göstərdikləri fədakarlıq hesabına bu gün Naxçıvanın əsaslı şəkildə yaşıllaşdırılmasına nail olunub. Hesab etmək olar ki, Naxçıvanın bu şəkildə yaşıllaşdırılmasına verilən önəmin ekoloji əsası ilə yanaşı, həm də psixoloji aspekti var. Çünki dünyada sübut olunub ki, yaşıllığı çox olan ölkələrdə yaşayan insanlarda aqressiya az olur. Nisbətən quraqlıq və ya sərhalıqda yaşayanlar isə aqressiyaya daha çox meyillidirlər. Naxçıvan isə nə tam yaşıllıqdır, nə də səhralıq. Hər halda, bu iki parametrin ortasında qalan bir bölgə üçün yaşıllığa meyilli olmaq daha məqsədəuyğun sayıla bilər. Yəqin yaşıllığın salınmasına bu dərəcədə verilən önəmin həm də bu amillə əlaqəsi var.

 

du01

 

Turizmin qarşısını alan AZAL  baryeri
Məlum olduğu kimi “Duzdağ” sanatoriyasının şöhrəti asma-bronxit xəstəliyinin tez bir zamanda əvəzsiz müalicə edə bilməsinə görə dünyaya yayılıb. Müalicə müəsisəsinin girişindən hiss olundu ki, müraciət edənlərin sayı çoxdur. Əsasən də İran , Türkiyə, Rusiya, Azərbaycanın digər bölgələrindən təşrif buyuran qonaqlar çox idi. Şəraitin yüksək səviyyədə olduğunu gördüm. Yeganə problem o idi ki, müraciət edənlərin həddən artıq çox olması müalicənin növbəlilik prinsipi əsasında aparılmasını zəruri edib. Qonaqlarla söhbət zamanı başa düşdüm ki, bu məsələdə qonaqlara bir qədər güzəşt edilir. Yerli əhali çox vaxt öz yerlərini onlara verir. Sanatoriyanın ətrafında söhbət etdiyim əcnəbi turistlər bildirdilər ki, Naxçıvan turizm və müalicə olunmaq baxımında onlar üçün çox əlverişlidir. Ancaq turistlər ora getmək üçün təyyarə bilətlərinin qiymətinin həddən artıq baha olmasından gileyləndilər. Qeyd edim ki, AZAL Azərbaycan vətəndaşlarına Naxçıvan aviabileti 50 manata satırsa, əcnəbilər üçün eyni reysin qiyməti 110 dollar təşkil edir…

(Ardı var)