Polisin papağını vurub yerə saldılar-Video

0
7

İyulun 28-də Bakı-Şamaxı yolunda polis əməkdaşı ilə sürücü arasında əlbəyaxa dava olub.

Bu barədə avtosfer.az-a hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, 90 PC 329 dövlət nömrə nişanlı avtomobildən taksi kimi istifadə edən sürücü iki xanım müştəri ilə Bakıya gələrkən Müşfiq postuna çatmağa az qalmış dövlət nömrə nişanları yerində olmayan “Toyota” markalı avtomobildə olan polis əməkdaşı onu saxlatdırıb.

Şahidlər bildirirlər ki, yolun kənarında dayanmış “Toyota”da olan polis işıqları yandırıb-söndürdüyü üçün taksi sürücüsü ona kömək lazım olduğunu zənn edərək maşını saxlayıb. Polis əməkdaşı qəflətən sürücüyə hücum çəkərək maşında qanunsuz səs siqnalı olduğunu bildirib və sənəd istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Polis əməkdaşı sürücünü yerə yıxaraq döyüb.

Sürücü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istəyərkən polis əməkdaşı onun mobil telefonunu əlindən alaraq yerə çırpıb və sındırıb. Sürücü polis əməkdaşından hansı əsasla onu saxladığını, yol polisi ola-ola onun sürücünü nədən saxlatdırdığını soruşduqda polis əməkdaşı tələb edib ki, “gedək postda səni başa salacam”. Bundan sonra onlar Müşfiq postuna gəliblər.

Sayta təqdim olunan videodan da görünür ki, postdakı yol polisi əməkdaşları hadisəyə heç bir müdaxilə etmir, sürücüdən sənəd istəmir. Burada da həmin nömrəsiz avtomobildəki polis əməkdaşı səs-küy salaraq sürücüyə qarşı təzyiq göstərir. Onlar hətta bir-birini itələyərkən polisin papağı yerə düşür. Sürücü buradan 102-yə zəng edərək məlumat verir. Sərnişinlər polis əməkdaşından hansı əsasla nömrəsiz maşın sürdüyünü soruşduqda o, “nömrələrim düşüb, gedirəm ərizə yazmağa” deyə, cavab verir.

Saytın əldə etdiyi məlumata görə, həmin polis əməkdaşının adı Nəsimidir. Baş leytenant rütbəsində olan Nəsimi Binəqədi Rayon Polis İdarəsinin əməkdaşıdır. Lakin bəzən boş vaxtlarında işini-gücünü atıb yollarda sürücülərə qarşı belə qondarma işlərlə məşğul olur…