Zamin Qafar Adnalı
Antropologiya nədir ?
Hər hansı bir elmi müddəanı qəbul etmək və ya təkzib etmək üçün mütləq gerçək məlumatlar olmalıdır. Bu tip məlumatları yiyələnmək üçündə müxtəlif elm sahələrinə müraciət etmək lazımdır. Bu elm sahələrindən biridə “Antropologiya”dır.
“Antropologiya”sözü yunan mənşəli söz olub ( antropos – insan, loqos – elm ) “insan haqqında elm” deməkdir. Bu elmin predmeti insandır. Müasir dövrdə insanı öyrənən 200-dən artıq elm mövcuddur. Bu elm sahələrinin özlərinə məxsus öyrənmə üsulları, metodları var. Məsələn: Psixologiya insanın psixi durumunu, Fəlsəfə insanın daxili dünyasını, Anatomiya insanın bioloji tərəfini öyrənir. Antropologiya termini çox tərəfli olub, insanın bioloji, psixi, sosial, dini, fəlsəfi, mədəni və s. istiqamətlərini öyrənir.
Bizim üçün antropologiyanın fiziki və ya bioloji istiqaməti böyük əhəmiyyət kəsb edir. Baxmayaraq ki, dünyaca məhşur antropologiya məktəbləri bu elm sahəsinin müxtəlif istiqamətlərini yaratmış və onları inkişaf etdirmişlər. Məsələn:Sosial antropologiya, Fəlsəfi antropologiya, İqtisadi antropologiya və s.
Azərbaycanda isə bu elm sahəsi yeni-yeni yaranmağa başladığı üçün onun əlifbasını yəni fiziki və etnik antropologiyanı bilmək vacibdir.
Antropologiya terminini ilk dəfə Aristotel elmi dövriyyəyə gətirmiş və ondan insan təbiətini və onun ruhi tərəflərini göstərmək üçün istifadə etmişdir. Lakin Aristotel bu terminin tam mənasını açıb göstərə bilməmişdir. İlk dəfə 1533-cü ildə İtaliyalı Qalesso Kapellanın çap olunan “Antropologiya və ya insan təbiəti haqqında mühakimə” əsərində bu termin insanın bədən quruluşunun fərdi variasiyalarına və dəyişkənliklərinə aid edilmişdir.
Antropologiya dair nəzəri müddəalar hələ qədim dövrlərdə meydana gəlsədə, müstəqil elm sahəsi kimi XVIII əsrin sonu XIX əsrin əvvəllərində formalaşmışdı. Antropoloji biliklər öz təsdiqini Qərbdə tapsa da, onun yaranması Şərqlə bağlıdır. Hələ qədim dövrlərdə Şərqdə insanın daxili və xarici aləmi haqqında müxtəlif fikirlər və fərziyyələr mövcud idi. Həmçinin qədim Misirlilər rəsmlərində insanları fərqli rənglərdə göstərirdilər. Məsələn: cənubdakı xalqları qara boya ilə, şərq xalqlarını sarı boya ilə, şimal xalqlarını isə ağ boya ilə təsvir etmişdilər. Qədim Şərqdən qaynaqlanan antik müəlliflər Anaksimandr, Demokrit və Empodkl öz əsərlərində insanı digər canlılardan fərqini ayırd etməyə, insanın meydana gəlmə səbəblərini göstərməyə çalışmışdılar.
İnsan haqqında təsəvvürlər və biliklər Böyük coğrafi kəşflər dövründə daha da zənginləşdi. Belə ki, avroplı səyyahlar – Marko Polo, Xristafor Kolumb, Vasko de Qamma, Magellan və başqaları avropalılara müxtəlif fiziki qururluşa, mədəniyyətə, sosial həyata malik olan insanlar haqqında məlumat vermişdilər. Piqafetta adlı bir müəllif isə avroplalılara Afrika cəngəlliklərində yaşayan meymunlar haqqında məlumat vermişdir. Məhz bu məlumat avropalılarda insanın meymundan yaranması kimi bir fikir formalaşdırmışdı. Buna görə də XIX əsrdə Avropada insanın və ümumiyyətlə bəşəriyyətin mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr yarandı. 1859-cu ildə Çarlz Darvin “Növlərin mənşəyi” adlı əsərini çap etdirdi. Və beləliklə məhşur “Təkamül nəzəriyyəsi”nin ilkin forması meydana gəldi Lakin hələ Darvindən öncə onun babası Erazm Darvin 1796-cı ildə həyatın təkamülü nəzəriyyəsi ilə bağlı olan “Zoonomiya” adlı epik əsər çap etdirmişdi.
XIX əsrdə Parisdə, Moskvada bir sıra antropologiya cəmiyyətləri yarandı. Eyni zamanda Avropanın digər ölkələrindədə antropoloji təşkilatlar meydana gəldi, XIX əsrin ikinci yarısında antropologiyaya ilk növbədə biologiyanın və müqayisəli anatomiyanın üsullarından istifadə etməklə insan təbiətini öyrənən təbiətşünaslığın bir sahəsi kimi baxılırdı. Bir sözlə antropologiya insan bədəninin quruluşunu, onun müxtəlif formalarını, insanın yaranışı və təkamülünü öyrənən elm sahəsi hesab edilirdi.
Antropologiyanın tədqiqat predmetini insanın zaman və məkan çərçivəsində müxtəlifiliyi təşkil edir. Bu müxtəliflik isə bir çox antropoloji əlamətlərin meydana gəlməsindən yaranmışdır. Məsələn: biz hər hansı bir insanla ilk tanışlıq zamanı həmin şəxsi onun geyiminə, danışıq və düşüncə tərzinə, hislərinə və bu kimi digər keyfiyyətlərinə əsasən dəyərləndiririk. Əlbəttə, sadalanan bu keyfiyyətlər bir insanı dəyərləndirmək üçün tam kifayət etmir. Çünki həmin əlamətlərin bir qismi insanın psixoloji, digər bir qismi isə sosioloji vəziyyətini əks etdirir. Lakin nəzərə almaq lazımdır ki, insan həm də bioloji əlamətlərə malikdir. İnsanın bioloji əlamətləri dedikdə onun boyu, çəkisi, dərsinin və saçlarının rəngi, bədən quruluşu, cinsi, başının və sifət üzlvərinin forması və s. təşkil edir. Bütün bu fərdi keyfiyyətlər öz növbəsində antropoloji müxtəlifliyi formalaşdırır.. Bu müxtəlifliyi də fiziki antropologiya öyrənir.
Fiziki antropologiyanın əsas məqsəd və vəzifəsi isə insanın bioloji əlamətlərinin dəyişkənliyini, eləcədə onların zaman və məkan müstəvisində sistemlərini müəyyənləşdirməkdən və elmi təsvirini verməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, “etnik antropologiya” da fiziki antropologiyanın köməyilə öyrənilir. Antropologiyanın əsas tədqiqat sahələri var ki, bunlar üçü birlikdə fiziki antropologiyanı təşkil edir.
Antropologiyanın ilkin bölməsi morfologiyadır. Morfologiya yunan sözü olub növ, forma mənalarını veriri.
İkinci bölmə antropogenez adlanır. Yunan sözü olan “anthropos” və “genezis” sözlərinin birləşməsindən yaranmışdır.
Üçüncü bölməsi isə irqşünaslıqdır. İrqşünaslıq həmçinin etnik antropolgiya adlanır.
Morfologiya – fiziki tipin dəyişkənliyini, fiziki tipin yaşla əlaqədar olaraq ana bətnindən qocalığa qədər olan müddət ərzində dəyişkənliyini, cinsi dimorfizmi, həyatın müxtəlif şərtlərində və əməyin təsiri altında insanın fiziki orqanizmində yaranmış bəzi xüsusiyyətlərin təhlili apararaq bu və ya digər məsələləri öyrənir. Morfologiya iki yerə bölünür :
1) Merologiya – ( “meros” yunan sözü olub və hissə mənasını verir ) insanın ayrı-ayrı orqanlarının və dərilərinin variasiyalarını, həmçinin onlar arasında əlaqəni öyrənir.
2) Somatologiya isə ( “soma” yenə yunan sözü olub və bədən mənasını verir ) insanın bədən quruluşunu bütünlüklə öyrənməklə yanaşı, həmçinin insan boyunun, çəkisinin, döş qəfəsinin və s. variasiyalarının qanunauyğunluqlarını da tədqiq edir. Bu bölmə digər yardımçı elm sahələrinin- anatomiya, insan embriologiyası (rüşeym) və histologiya (orqanizm toxumaları) kimi elmlərdən də faydalanır.
Antropogenez isə 3 hissədən ibarətdir: 1) müasir və ya paleo yəni qədim meymunları öyrənən primatşünaslıq;
2) insanın təkamül anatomiyasını öyrənən və həmçinin
3) qədim insan formalarını öyrənən paleoantropologiya sahələrindən ibarətdir.
İrqşünaslıq ( və ya etnik antropolgiya ) bölməsi irqlərin meydana gəlmə səbəblərini, irqlərin tiplərini, təsnifatını və onların yer kürəsində yayılma areallarını, irqi tiplərin dəyişmə qanunauyğunluqlarını öyrənir, tədqiq edir. Bu bölmə digər yardımçı elm sahələrindən – arxeologiya, etnoqrafiya, tarix, dilşünaslıq kimi elmlərdən də faydalanır.
Bütün bunlar ANTROPOLOGİYA-nın əlifbası hesab olunur. Daha dərinlərdə isə insanın fiziki quruluşunda ayrı-ayrı dəyişkənliklər, insanın yaranması və təkamülü, təkamüllə bağlı nəzəriyyələr, tapıntılar və analizlər, insanlar arasındakı müxtəliflik, dünya xalqlarının xarici görünüşü, onların irqlərə və tiplərə görə ayrılması və s. bu kimi məsələlər yer alır.
Ədəbiyyat siyahısı:
1. Məmmədov kərəm. H. Antropologiyanın əsasları. Bakı. Qanun, 2009, 192 s.
2. Е. Н. Хрисанфова, И. В. Перевозчиков. – Антропология. Изд-во Моск. ун-та: Наука, 2005, 400 с
3. Рогинский Я.Я. Лeвин М.Г. , 3. Антропология. Москва, 1987