“Heç bir partiya, heç bir lider səhvləri yaxına buraxmır”

0
2

“Heç bir partiya, heç bir lider səhvləri yaxına buraxmır”

Əli Orucov:“Sabah tutaq ki, indi üzdə olan müxalif partiya rəhbərləri bir başqası ilə əvəz edilsin, əgər təfəkkür, şüur dəyişməsə həmişə kənardan günahkar axtarışı dayanmayacaq”

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovla müxalifətin hazırkı durumu haqqında ətraflı söhbətləşdik. Maraqlı söhbəti oxucularımıza təqdim edirik.

“Müxalifətin hazırkı siyasi gündəminin monitorinqini aparsaq aydın olar ki, hələ köhnə yanaşmalar, baxışlar və mübarizə üsulları dəyişməyib. Hərə öz cızdığı sərhədlər daxilində oynamaqda, firqə və korporativ maraqlarının təmin edilməsinin yollarını axtarmaqla məşğuldur”

-Bəy hazırda müxalifətdaxili durumu, partiyalar arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

-Təəssüflər olsun ki, bu gün müxalifətdaxili münasibətləri yüksək qiymətləndirmək və təqdirə layiq hesab etmək mümkün deyil. Pərakəndəlik qalsın bir yana, üstəlik də soyuqluq, bir-birlərini bəyənməmək, qısqanclıq, qarşılıqlı inamsızlıqlar ən böyük problem olaraq qalmaqdadır. Partiyalarının hədəfləri, nizazmnamə və proqramları qalır bir kənarda əsas ağırlıq gündəmdə qalmağa verilir. Burda da sanballı fikir və təkliflər, ideyalar, alternativ layihələrin müzakirəsinə, cəmiyyəti və milləti narahat edən mövzulara deyil, cılızlıqlara, lazımsız söz atışmalarına, imitasiyalara, qarşılıqlı ittihamlara da çox üstünlük verilir. Kənarda elə təssürat yaranır ki, bir sıra partiyaların işi gücü qeybətçilik, yaxud da, kimlərəsə xoş gəlmək, yarınmaq üçün ibarə və vasitələrin seçilməsindən ibarətdir. Onların da rəqibləri, opanentləri hakimiyyət deyil, müxalifətin özüdür. Təbii ki, bu da normal qarşılana bilməz. Cəmiyyətdə də bu görüntülər xoş təsir bağışlamır.

-Müxalifət daxilindəki mövcud durum parlament seçkilərinə qədər bu düşərgənin bir araya gələ biləcəyi təsəvvürünü formalaşdıra bilirmi?

-Ortada kifayət qədər problemlərin və neqativ halların olduğunu, eyni zamanda vaxt amilini darlığını nəzərə alaraq müxalifət daxilində hər hansı bir uğurlu birlik formatının, yaxud da, genişprofilli əməkdaşlığın yaradılacağını proqnozlaşdırmaq çətindir. Nəzərə almaq lazımdır ki, parlament seçkilərindən öncə Azərbaycan bələdiyyə seçkilərinə gedəcək. İlin sonuna yaxın baş tutacaq bu seçkilər müxalifət partiyalarının öz potensilallarını sınaqdan keçirmək, həm daxili səfərbərlik, həm hakimiyyətin gücünü yoxlamaq, cəmiyyətlə birbaşa təmasların qurulması, ən əsası isə ölkədə köklü islahatların və dəyişikliklərin demokratik yolla dəyişdirilməsinin birinci pilləsi baxımından bələdiyyə seçkiləri olduqca əhəmiyyətlidir. Bu seçkilərə hazırlaşmağın vaxtı artıq çoxdan keçib. Doğrudur, Azərbaycanda bələdiyyələrin imici və səlahiyyətləri o qədər də geniş olmadığından, habelə icra hakimiyyətlərinin əlavəsinə çevrildiyindən yerli özünüidarəetməyə insanların həvəsi və maraqları azdır. Lakin əvvəl-axır Azərbaycan hökuməti bələdiyyələrin statuslarının artırılması və maliyyə iqtisadi-maliyyə bazasının yaradılması sahəsində beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri və müasir dövrün tələblərini nəzrə almaq məcburiyyətində qalaraq bu seçkili qurumun müstəqilliyinə imkan yaradılması qaçılmaz olacaq. Ona görə də hesab edirəm ki, siyasi partiyalar bələdiyyə seçkilərinə hazırlıqlarını sürətləndirməlidilər. Bələdiyyə seçkilərinə daha çox insan və maliyyə resursları tələb edirsə, parlamanet seçkilərinin başqa cür spessifik xüsusuiyyətləri var. Adətən, partiyalar gücünü daha çox parlament və prezident seçkilərinə yönəltdiyindən cəmiyyəydə də bu seçkilər ərəfəsində hərəkətlilik müşahidə olunur. Bəzən bu gərginliyə, qarşıdurmayadək gedib çıxır. Mən dəfələrlə vurğulamışam ki, müxalifət partiyalarının əksəriyyəti seçki strategiyalarını və taktikalarını düzgün qura bilmirlər. Vaxt amilini nəzərə almırlar. Ona görə də hər hansı bir birlik və əməkdaşlıq formatları yarananda da bu basabasa düşür, tələskənliyə yol verilir, partiyadaxili müzakirələrə vaxt qalmır, yerli təşkilatların və digər qurumların təklif və rəyləri nəzərə alınmır. Nəticədə isə həmin birliklər partiyaların deyil, şəxslərin birliyi olur. Belə birliklərin də sonluğu və ömrü partiya liderlərinin şəxsi iradəsinə bağlı olduğundan uzun müddət varlığını saxlaya bilmir və iflasa uğrayanda da qarşılıqlı günahkar axtarışına çıxılır. Eyni hal hər dəfə təkrar olunur. Ona görə də hesab edirəm ki, əməkdaşlıq formatları axtarılarkən, ilk növbədə sosial sifariş və mövcud reallıqlar nəzərə alınmalıdır. İkincisi, bu təkbaşına qərarlardan çəkinilməli, daxili müzakirələrə geniş yer verilməli, xüsusən də yerli təşkilatların “dərkənarı” olmalıdır. Bəzi məsələr, o cümlədən bir yerdə olacaq siyasi təşkilatların və qüvvələrin siyasi və ideoloji baxışları, verə biləcəyi töhvələr, hətta, reputasıyalarına diqqət yetirilməlidir. Müxalifətin hazırkı siyasi gündəminin monitorinqini aparsaq aydın olar ki, hələ köhnə yanaşmalar, baxışlar və mübarizə üsulları dəyişməyib. Hərə öz cızdığı sərhədlər daxilində oynamaqda, firqə və korporativ maraqlarının təmin edilməsinin yollarını axtarmaqla məşğuldur. Bir qismi isə qazanda nəyin qaynamağını, nəyin bişdiyini bilmədən çömçəsini, qaşığını hazırlayıb növbə tutmaq mücadiləsi verir. Ancaq fərqli məsələlərə pozitiv yanaşan, səhvlərdən nəticə çıxardan, reallıqları dəyərləndirə bilən, vaxtını və diqqətini səmərsəsiz məsələlərə sərf etməyən siyasi qüvvələr də var ki, bunların bir araya gəlib geniş əməkdaşlığı cəmiyyət üçün də, dövlətçiliyimiz üçün də faydalı olardı. Bu baxımdan düşünürəm ki, həlli mümkün olan müxalifətdaxili problemlər tezliklə aradan qaldırılmalıdır ki, daha vacib problemlərin həlli üçün düsturu tapmaq da asan olsun.

-Maraqlıdır ki, belə bir vəziyyətə görə müxalif partiyaları bir-birini ittiham edir, günahlandırır. Bəs reallıqda müxalifət daxili gərginlikdə əsas günahkar kimdir?

-Mən bu sualınıza qismən də olsa yuxarıda toxundum. Bilirsiz bu vəziyyət hardan qaynaqlanır. Bu ilk növbədə cəmiyyətin özünün çatışmazlıqlarının əksidir. Nə yazıqlar ki, heç kəs öz “ayranına turş demir”. Yanlış olaraq elə düşünürük ki, səhvimizi etiraf etdikdə, çatışmamazlığımızı bildirdikdə “qılıncımızın qaşı düşəcək”, kənardan kiçik görünəcik. Lakin fərqinə varılmır ki, fəaliyyət olan yerdə səhvlər də, yanlışlıqlar da olur. Bunu etiraf etmək və təkrar belə yanlışlığa yol verməmək əksinə böyüklük əlamətidir. Uğurlara şərik çıxan çox olur, amma məğlubiyyəti, səhvlərin isə sahibi tapılmır. Digər tərəfdən liderlərin yaxud da rəhbərlərin ideallaşdırılması, “onlar nə edirsə, düz edir” prinsipləri də şüurlarda möhkəm yer tutmaqdadır. Ona görə də həmin rəhbərlər də, liderlər də ona verilmiş bu qeyri-məhdud səlahiyyətlərdən və imtiyazlardan, “toxunulmazlığından” öz bildiyi kimi bəhrələnir. Partiya funksionerləri də sıravi üzvlər də harizmatik liderlərinə toz qondurmamaq üçün nəinki onun səhvlərini, yanlış addımlarını deməyə cəsarət etmir, əksinə onun müdafiəiçisinə çevrilir. Ona görə də heç bir partiya, heç bir lider səhvləri yaxına buraxmır, beləliklə də, qarşılıqlı ittihamlar başlanır. Daha nəzərə alınmır ki, kənar müşahidəçi, seçici, yaxud da vətəndaş həqiqətləri süzgəcdən keçirə və ağı qaradan ayıra bilir. Burada gühahkarın kimiliyi deyil, yanaşmanın və düşüncələrin günahından danışmaq daha doğru olardı. Sabah tutaq ki, indi üzdə olan müxalif partiya rəhbərləri bir başqası ilə əvəz edilsin, əgər təfəkkür, şüur dəyişməsə həmişə kənardan günahkar axtarışı dayanmayacaq. Ona görə də mən belə məsələnin fərdiləşdirilməsindən daha çox ictimai mahiyyətinə üstünlük verərdim. Bununla belə şəxslərin rolunu da azaltmaq istəməzdim.

Turan Türk

LEAVE A REPLY