Generaldan etiraf:“İstəsəydik, Ərdoğanı öldürə bilərdik”

0
5

Zaman keçdikcə, 15 iyul hərbi qiyamının bəzi detalları aydınlığa qovuşur. Hərbi çevriliş zamanı Marmarisdə dincələn prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı hotelə basqın əməliyyatına rəhbərlik edən general Gökhan Şahin Sönmezateşin də mətbuata sızdırılan ifadələri müəmmayla doludur.

General ifadəsində çox önəmli etiraflar edib. Onun sözlərinə görə, çevriliş ya təsadüf, ya da daha yüksək bir iradənin himayəsi nəticəsində baş tutmayıb.

Türkiyənin “Hürriyyət” qəzetinin yayınladığı ifadədə bildirilir:

 “Vəzifəm prezidenti ələ keçirib Akıncıya gətirmək idi. MAQ (Müharibə Axtarış Qurtarma) üzvlərinə hədəfin kim olduğunu elan etmədim. Pilotlara da söyləmədim”.

Əməliyyat planını əməliyyatda iştirak edən hər kəsdən gizli tutan general vertolyotda gözləyərkən, təxminən, yarım saat itirdiklərini bildirib: “Yanacaq məsələsində bizi çətinliyə salan ana səbəb bu oldu”.

Onun sözlərinə görə,  əməliyyata başlamaq əmri əvvəl ləğv olunub. Yarım saatdan sonra isə yenidən əməliyyata başlamaq əmri verilib. Maraqlıdır ki, generala bu əmri verən Şükrü adlı bir mayor imiş: “Şükrü minbaşı yenidən əməliyyata başlayacağımızı söyləyincə, havalaya qalxdıq”.

General bu cür geçikdirilmələrinin səbəbini hansısa bir üstün iradənin planı pozmaq ehtimalı ilə izah edib:

“İndi düşünəndə bir üst iradənin bizi qəsdən gözlətdiyini anlayıram. Zamanında yola çıxsaydım, hədəfimizlə yerində qarşılaşacaqdıq”.

Sönmezateş Rəcəb Tayyib Ərdoğanı fizikən məhv etməyi düşünmədiklərini, sadəcə diri ələ keçirmək istədiklərini də boynuna alıb:

“Onu öldürmək məqsədimiz yox idi, elə olsaydı, bomba atar, öldürərdik. Əksinə, missiyamız onu canlı ələ keçirib Akıncı hərbi bazasına aparmaq idi”.