Xərçəng yaradan filtersiz siqaretlər yenidən satışda – Nazirlik baş nazirin qərarına qarşı

0
5

Səhiyyə Nazirliyi 31 oktyabr 2001-ci ildə Nazirlər Kabinetinin istehsalına qadağa qoyduğu filtersiz siqaretlərin istehsalı üçün yenidən sertifikat verib.

Bu barədə AzNews.az-a Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verir. Onu sözlərinə görə, artıq 5 aydır ki, “Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən “Azəri” korporasiyası (VÖEN № 3000012891) və Şəki şəhəri, Baş Küngüt kəndində yerləşən “Mehdi” MMC tütün və tütün haqqında Azərbaycan Respublikası qanununun və dövlətin tütün məlumatlarına dair AZS335-2009 standartının 5.1.1.9; 5.1.1.10; 5.1.1.11; 5.1.1.12; 5.1.1.13 tələblərini pozmaqla “Karvan” və “Şəki” adlı filtersiz siqaretlərin istehsalına başlayıb: ““Şəki” siqaretlərinin üstündə dövlətin hətta AZS işarəsi də qoyulub. Hamıya məlumdur ki, sovet dövründə bu siqaretlər istehsal olunub. Həmin vaxt əhali arasında ağciyər xərçəngi xəstəlikləri geniş yayılmışdı. Məhz buna görə həmin siqaretlərin istehsalı bizim birliyin və mətbuatın sayəsində 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilmişdi. O vaxt bizim birlik Londonun müstəqil laboratoriyalarında bu siqaretlərin ekspertizasını keçirib və onun insan həyatı üçün ciddi təhlükə olduğunu sübuta yetirən rəy almışdı”.

E.Hüseynovun fikrincə, dövlətin bisnes qurması üçün yaradılan toxunulmazlıq şəraitindən su-istifadə olunub və yenidən bu təhlükəli siqaretlərin istehsalına başlanılıb: “Hətta bu siqaretlər 40-50 qəpiyə satılaraq azyaşlılar arasında geniş yayılıb. Hər gün regionlardan mənə müraciətlər olunur. Deyirlər ki, bu siqaretlərin istehsalının qarşısını almaq lazımdır. Bununla bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyinə məlumat verdim. Səhiyyə Nazirliyi bu siqaretlərə sertifikat verib. Orada qeyd edilib ki, həmin siqaretlərin təhlükəsizlik göstəriciləri müəyyən olunub və guya bunlar təhlükəsizdir. Halbuki filtersiz siqaretlər tərkibində 5 minə kimi kimyəvi birləşmə olan mürəkkəb bir məhsuldur”.

Ekspert hazırda həmin siqaretlərin ekspertizası üçün İsveç, Krosnadar, Belorusiya, Türkiyə kimi ölkələrlə əlaqə saxladığını vurğulayıb: “Siqaretlər yalnız iki ölkədə ekspertiza oluna bilər. Həmin siqaretlər o ölkələrə aparılacaq, bu malın Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olduğu sübut ediləcək. Filtersiz siqaretlərin hamısı təhlükəlidir. Bu, məişət nakomaniyasıdır. İnsanlar bundan uzaq olmalıdır. Təsəvvür edin, siqaretlərin tərkibində həşəratları öldürən zərərli maddələr var. Görün indi insan orqanizmi üçün nə qədər təhlükəlidir”.

E.Hüseynov həmin siqaretləri çəkən insanlara müraciət də edib: “Rəhbərlik etdiyim təşkilat onları pulsuz müayinə edəcək. Bizə müraciət etsinlər. Müraciət etdiyim qurumlardan cavab ala bilmədiyim üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edəcəyəm”.