‘Bakı-Baltika’ Azərbaycandan gedə bilər

0
5

“İki dəfə devalvasiyadan sonra iqtisadiyyat da, adamlar da stressdədir. Ailələr də xərclərinə qənaət edəndə ilk növbədə pivə ixtisar edilir. Ümid edirik ki, “pivə dövrü” tezliklə bərpa olunacaq”

Bir müddət öncə fəaliyyətlərini müvəqqəti dayandıracaqlarını bəyan edən “Bakı-Baltika” şirkətinin rəhbəri Viktor Vladimiroviç Semak Azərbaycanın pivə istehsalçısının durumu barədə sualları cavablayarkən belə deyib. Fins.az-ın xəbərinə görə, V.Semak fəaliyyətlərini dayandırmalarının səbəblərini açıqlayıb.

“Əvvəla, satışlar azalıb. Ötən il devalvasiyadan sonra, bizim satışlarımızın həcmi əvvəlki ilə nisbətən 20 faiz aşağı düşüb ”, deyən şirkət rəhbəri bu ilin əvvəlində nağdsız satış qaydası ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişiklikləri də xüsusi qeyd edib.

Suyun qiyməti, Vergi Məcəlləsinə dəyişikliklər…

“Yeni qayda ondan ibarətdir ki, istehsalçıdan istehlakçıya qədər bütün aksiz mallarının alıcıları ödənişi nağdsız şəkildə etməlidirlər. Doğrudur, bu qaydanın tətbiqinə moratorium qoyuldu. Amma sentyabrın 1-dən yenə qüvvəyə minəcək”.

 

Şirkət rəhbəri suyun qiymətinin bahalaşmasının pivə istehsalına təsirlərindən də danışıb. Onun deməsinə görə, 1 litr pivənin istehsalından ötrü 5,7 litr su sərf edilir. Su tariflərinin artımından sonra su onlara 3,5 dəfə baha baş gəlir.

“Hansısa məhsulun birdən-birə bu qədər bahalaşması gözlənilməzdir və hazırkı vəziyyətdə qeyri-məntiqidir”, V.Semak deyib.

Şirkət rəhbəri ümid edir ki, hazırda yaranmış vəziyyət hökumətdə də bir impuls yaradacaq ki, onlar vəziyyətə təsir edəcəklər.

Böhrandan çıxış yolu

V.Semak hazırkı durumdan çıxış yolunu Vergi Məcəlləsinə qabaqcadan ödənişlə bağlı edilmiş dəyişikliyin ləğvində, suyun qiyməti ilə bağlı hansısa addımların atılmasında görür.

“Bu problemlər həll olunmasa, “Baltika-Bakı” şirkəti bu ölkədə fəaliyyətini dayandıra bilər”, deyə V.Semak bildirib.

“Baltika-Bakı” pivə istehsalı zavodu 2008-ci ildə fəaliyyətə başlayıb. Şirkətdə təqribən 250 əməkdaş çalışır. İş prosesinə ümumilikdə 400 nəfərin cəlb olunduğu bildirilir. “Baltika-Bakı”nın büdcəyə illik vergi köçürmələri 20 milyon manatdan artıqdır.

Şirkətinin məhsulu Azərbaycanın pivə bazarının 75 faizini təşkil edir.

Şirkət bəyan edib ki, avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracaqlar.