“Dəyişiklik 18 yaşda vətəndaşın deputat və ya prezident seçilməsi anlamına gəlmir” –YAP sədrinin müavini

0
5

“Seçki hüququnun müxtəlif formalarda istənilən məhdudlaşdırılması demokratik düşüncəyə mahiyyətcə ziddir. Ancaq burada aşağı yaş həddinin ağlabatan formada məhdudlaşdırılması sadəcə qaçılmazdır. Bu da insanın siyasi və ictimai həyata iştiraka hazır olması baxımından optimal yaş həddinin müəyyən edilməsi ilə bağlıdır”.

Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov yeni Konstitusiya Aktında seçki hüququ ilə bağlı yaş həddi məhdudiyyətinin götürülməsinə münasibət bildirərkən deyib.

Ə. Əhmədov deyib ki, hazırkı Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır: “Söhbət seçmək və seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan qədər aradan qaldırmaqdan gedir. İnsan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmırsa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətcə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir”.

Baş nazirin müavini bildirib ki, Azərbaycan haqqında söhbət gedən məhdudiyyəti aradan qaldıran yeganə ölkə deyil: “Səhv etmirəmsə, Fransada prezident seçilmək üçün yaş senzi adlanan məhdudiyyət mövcud deyil. Burada seçilmək hüququ seçmək hüququ olan bütün vətəndaşlara şamil edilir. Əlbəttə, bu cür normanı qəbul etmiş digər ölkələr də var və mən onların hamısını sadalamaq fikrində deyiləm.

İkincisi, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir.

Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçicilərin rəyindən asılıdır. Fikrimin təsdiqi olaraq bir faktı nümunə gətirmək istərdim. Ölkələrin çoxunda prezident seçilmək üçün aşağı yaş həddi 35-dir. Lakin həmin ölkələrdə kiminsə 35 yaşında prezident vəzifəsinə seçildiyini xatırlaya bilmirəm.

Məsələnin nəzərə alınması çox vacib olan bir cəhəti unutmamağınız gərəkdir. Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyil. Bununla əlaqədar digər şərtlər də yerinə yetirilməlidir. Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını genişləndirir.

Üçüncü bir məqam da var ki, onu da gözardına almaq düzgün olmazdı. Müxtəlif dövrlərdə ayrı-ayrı xalqların tarixində çox gənc yaşlarında qeyri-adi istedadlı tarixi şəxsiyyətlərin yetişdiyi heç kimə sirr deyil. Bu cür şəxsiyyətlər elmdə, mədəniyyətdə olduğu kimi, siyasət sahəsində də olub.

Etiraf etməliyik ki, həmin tarixi şəxsiyyətlər bəşəriyyətin inkişafına müstəsna töhfələr verib. Deməli, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etmək üçün, əslində, yaş həddi anlayışı yoxdur. Ona görə də prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm”.