Terror turizm sektorunun “cibini yırtıb”

0
5

Son həftələr bir-birinin ardınca sıralanan terror hücumları minlərlə turisti Avropa ölkələrinə səfər etmə niyyətində dəyişiklik məcburiyyətində qoyub.

Yayın bu qızmar çağı Köhnə Dünyanın əksər ziyarət məkanlarında ölü sükut hökm sürür. Tur operatorları, otel zəncirlər şəbəkəsi, aviaşirkətlər və dəbdəbəli əşyalar istehsal edən şirkətlərin qara günləri bitmir.

Terror qorxusu turistləri ekzotik istirahət arzusundan məhrum edib, turist xidməti sektoruna gəlincə, bəlkə də onlar süqut ərəfəsindədir.

“The Wall Street Journal” yazır ki, aviabilet və otel otaqlarının öncədən sifariş verilməsində kəskin azalma demək olar ki, bütün Avropada müşahidə olunur. Hətta heç bir terrorun baş vermədiyi və olması ehtimal olunmayan ölkələrdə də.

Ekspertlərin fikrincə, bəzi Avropa ölkələrinin iqtisadiyyatında mühüm rol oynayan turizm sektorundakı bu durumu tənəzzül hesab etmək olar. Nitsa və Münhendəki terror aktlarına iqtisadi çətinlikləri əlavə etmək gərəkdir. Qoca Qitə iqtisadi baxımdan heç də yaxşı dövrünü yaşamır.

Avropalılar istirahət üçün getdikcə daha az pul toplaya bilir. Bundan başqa, “brexit”dən (referendumdan) sonra avroya münasibətdə funt sterlinq təxminən 9 faiz dəyərsizləşib. Buna görə də Avropa Birliyində almanlardan sonra ikinci ən böyük “turist xalq” olan britaniyalılar üçün istirahət xərcləri nisbətən artıb. Belə bir çətin şəraitdə, əksəri turizm şirkətlərinin səhmləri qiymətini itirir.

Məsələn, məşhur ingilis tur operatoru “Thomas Cook Group PLC”nin səhmləri 52% ucuzlaşıb. “Ryanair Holdings PLC” və “British Airways”in səhmlərində ilin əvvəlindən qiymətdə azalma (müvafiq olaraq 23% və 34%) var. Alman aviaşirkəti “Deutsche Lufthansa AG“ ilin sonunadək gəlirlərinin 8-9% azalacağını güman edir.

Bir xüsusi fakt: Nitsadakı terror hücumdan sonra turistlər əhalinin sıx məskunlaşdığı otellərdən qalmaqdan çəkinir. Buna görə də, məsələn, 2015-ci ilin yayı ilə müqayisədə Londonda otellərdə məskunlaşma 2,7%, Amsterdamda 8,3% azalıb, dəbdəbəli mallar istehsalı sektoru da itkilərlə qarşılaşıb. Bu sektorda Paris liderlik edirdi, lakin indi lüks malların ən böyük istehsalçıları bəyan edirlər ki, vəziyyət acınacaqlıdır.

Durumun bu qədər pisləşməsi əslində, Avropada sürpriz deyil. Tur operatorlar əvvəlcədən çətin mövsümün olacağını duymuşdu. Hətta Avropa çempionatının finalına baxmaq üçün də otel otaqları və aviabiletlərə sifariş sayı aşağı idi.

“ForwardKeys” analitik şirkətinin açıqlamasına görə, ötən yayla müqayisədə qitədə bütün qitə üzrə bu göstərici 2,1%, o cümlədən Fransada (11%), Belçikada (23%) və Türkiyədə (31%) azalıb. Sonuncu ölkəyə münasibətdə Rusiya ilə pozulan əlaqələri və dövlət çevrilişi cəhdini xatırlamaq yerinə düşər.

Türkiyədə otelçilik və turizm ən pis dönəmini yaşayır. Avropa ilə müqayisədə tur, aviabilet və otel sifarişlərinin sayı, Çin və Avstraliya daxil olmaqla, Asiya-Sakit okean regionunda 2015-ci ilə müqayisədə 7,8% artıb. Hindistan, Yaponiya və Cənubi Afrikaya turistlərin artan marağı var. Bu marağın getdikcə daha çox artması turizm istiqamətlərində köklü dəyişiklik edə bilər.

M.Rzasoy