Xəbər verdiyimiz kimi, ötən gün saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər dünyasını dəyişib.
Partlayış zamanı yaralanan işçilərə ilk kömək edənlərdən biri Elxan Nəhmədov olub. Partlayışın səngimədiyi vaxtda özünü təhlükəyə atan qəhrəman gənc bir neçə nəfərin həyatını xilas edib.
Elxan Nəhmədov hadisə ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb. O, partlayış səsini eşidən kimi hadisə yerinə getdiyini deyib.
“Mən zavoda daxil olanda hər tərəf alov içində idi. İçəri daxil olmaq mümkün deyildi. Tüstü, duman ətrafı bürümüşdü. Zavoddan qışqırıq səsləri eşidilirdi. Bir təhər içəri daxil ola bildim. Bir neçə nəfər qan içində yerə yıxılmışdı. Onlara kömək edib, çölə çıxardım. Əlimdən gəldiyi qədər zavodda qalan insanlara kömək etdim. 4 nəfəri ölümdən xilas etdim. Elə yaralı var idi ki, çiynimdə daşıyırdım. Yararlıları bir-bir oradan çıxarıb, maşınlara yerləşdirirdik ki, xəstəxanaya aparsınlar”.
E.Nəhmədovun sözlərinə görə, partlayış zamanı silah zavodunda çalışanların çoxu qorxudan şoka düşərək gizlənmişdi: “Yaralılara, içəridə qalanlara yardım etməyə çalışırdım. Bunu bir vətəndaşlıq borcu bilirəm. Onlar da bizim qardaşlarımızdır. Bir azərbaycanlı kimi kimisə darda qoyub qaça bilməzdim. Buna vicdanım yol verməzdi”.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayışa görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.