TQDK-dan keçid balları ilə bağlı –Açıqlama

0
5

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları haqqında açıqlama verib.

Komissiyadan verilən məlumata görə, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyill: “Çünki bu, ixtisas seçimindən sonra bəlli olur. Abituriyentlər imtahan versələr də, ixtisas seçimini etməyiblər. İxtisas seçiminə iyulun 29-dan başlanacaq və avqustun 10-dək davam edəcək. Ona görə də biz indi deyə bilmərik ki, hansı ixtisas üzrə keçid balı nə qədər olacaq? Yalnız ixtisas seçimi bitdikdən sonra məlum olacaq ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir”.

Komissiyadan əlavə edilib ki, keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

TQDK-dan qeyd edilib ki, abituriyentlərin ixtisas seçimi zamanı müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında ümumi məlumat əldə edib, təxmini istiqamət götürə bilmələri üçün TQDK tərəfindən əvvəlki illərin keçid balları dərc olunur. Ötən ilki qəbul zamanı formalaşmış keçid balları həmin ötən il qəbul imtahanları yekunlaşdıqdan sonra “Abituiriyent” jurnalında çap edilib. Onların elektron versiyaları da TQDK-nın saytında yerləşdirilib. Amma həmin məlumatları əldə edə bilməyən abituriyentlər üçün ötən ilin keçid balları bu il yenidən çap edilib.

Komissiyadan qeyd edilib ki, bəzi abituriyentlər müsabiqə şərti ilə keçid balları anlayışlarını qarışdırırlar. Müsabiqə şərti TQDK tərəfindən hər hansı bir ixtisas qrupunun, yaxud ixtisasın müsabiqəsində (ixtisas seçimində) iştirak etmək üçün qoyulan minimal tələbdir. Belə ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Bu il I-IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

“Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Baytarlıq”, “Su bioehtiyatları və akvabitkilər” ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, “Ekologiya” və “Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

I-IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)”, Bakı Dövlət Universitetinin I, II, III qruplarda tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Trend