Azərbaycanda fəaliyyət göstərən dönərxanaların sanitar-texniki, gigiyenik vəziyyətindən razı deyilik.
Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
O bildirib ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar dayandırılsa da, müşahidələr dönərxanalarda natəmizliyin hökm sürdüyünü göstərir: “Əsasən də, yol kənarlarında fəaliyyət göstərən dönərxanaların vəziyyəti qənaətbəxş deyil. Hazırda Bakı şəhərində 1000-ə yaxın dönərxana fəaliyyət göstərir. Yoxlamaların dayandırılmasından sonra dönərxanaların sayı artıb. Bu məsələdə əhali də diqqətli, tələbkar olmalıdır. Təklif və tələb olanda artıq üçüncü tərəf kənarda qalır. Əhali, xüsusilə də gənclər dönərdən çox istifadə edirlər. Hazırda toyuq ətindən dönər hazırlayanların sayı artıb. Əslində, hər iki ətdən hazırlanan dönərdə problem ola bilər. Toyuq dönərində infeksiya, mal ətindən hazırlanan dönərdə mənşə problemi ortaya çıxa bilər”.
İ.Abdullayev at ətindən dönər hazırlanması probleminə də toxunub. O bildirib ki, at ətinin satışının qarşısını almaq üçün bu məsələ qanunvericilikdə əksini tapmalıdır: “Qanunvericilikdə dəyişiklik olmalıdır. Qanunda at əti satan şəxsləri konkret hansı cəzanın gözlədiyi göstərilməlidir. Belə olarsa, həmin insanlar bu addımı atmaqdan çəkinərlər. Əks təqdirdə, cüzi cərimə ödəməklə bu qanunsuz əməllərini davam etdirəcəklər”.
Report.az