Azərbaycanda daha 4 bank bağlandı –Vüqar Bayramovdan yeni təhlükə haqda anons

0
6

“Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Təbii ki, bu qərar gözlənilən idi”.

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov bu gün 4 bankın lisenziyalarının ləğv edilməsiylə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, bunlar da bağlanan sonuncu banklar olmayacaqlar:

“Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan “ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hal-hazırda əmanətçilərin öz halal pullarını qaytara bilmədikləri banklar var, amma təəssüf ki, palata onların lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmir. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsi təmin edilməlidir”.

İqtisadçı bildirib ki, dörd bankın hammısı Əmanətlərin Sığortlanması Fondunun üzvləri olduğundan onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir:

“Əmanətçilər öz sığortalanan pullarını fonddan geri almalıdırlar. Bu zaman artıq əmanətlərin hissə-hissə deyil, tam şəkildə qaytarılması həyata keçirilməlidir. Gözlənilir ki, palata bu banklara müvəqqəti inzibatçı təyin ediləcək. Əmanətçilər bundan sonra öz pullarını geri ala bilməlidirlər. Əmanətlərin Sığortlanması Fondu tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir. Qeyd edim ki, mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır”.