Adil Qeybulla: “Ebola” quduzluğa oxşar xəstəlikdir”
Ümumiyyətlə, əgər söhbət yoluxucu bir infeksiyadan gedirsə, əlbəttə, bu sərhəd tanımır və istənilən bir ölkə üçündə təhlükə mənbəyi ola bilər. İnanmıram ki, Azərbaycan bu təhlükədən qorunur”. Bunu Modern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. “Ebola” virusu ilə bağlı danışan alimin sözlərinə görə, xarici ölkələrdən Azərbaycana gələnlər barədə tədbirlər görülməlidir: “Transsərhəd zonalarda da nəzarət hansı səviyyədə təşkil olunub bilinmir. Afrikadan gələnlər, xüsusilə də hansısa xəstəlik əlaməti olanlar dərhal sərhəddə karantində saxlanılmalı, yoxlanılmalı sonra ölkəyə buraxılmalıdır”.
A. Qeybulla deyir ki, belə situasiyalarda müəyyən qərarlar qəbul edilməlidir: “Yəni belə situasiyalarda müəyyən sanitar-epidemioloji karantin vəziyyəti elan edilir və ona uyğunda qərarlar qəbul edilir və həyata keçirilir. Hər halda Azərbaycanda öz təhlükəsizliyi baxımından müəyyən tədbirlərini görməlidir. Nə vaxta qədər ki, situasiya lokallaşmayıb, konkret vaksin yaradılmayıb, təhlükə ocağı söndürülməyib, o qədər də ehtiyatlı olmalıyıq.
“Ebola” virusu hava damcı yolu ilə keçən infeksiya deyil. Bu virusa yoluxan xəstələri müalicə etmək demək olar ki, qeyri-mümkündür. “Ebola” virusu öz genetik xüsusiyyətinə görə quduzluğa daha yaxındır”. Professor hesab edir ki, bu virusun yayılmasına qarşı kompleks tədbirlər görülməlidir: “Səhiyyə Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Fövqaladə Hallar Nazirliyi (FHN), bir sözlə bütün aidiyyatı strukturlar bu işə cəlb olunmalıdır”. Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Afrikanın qərbində yayılan “Ebola” virusunun qurbanlarının sayı 1069 nəfərə çatıb. Son açıqlamalara əsasən ölümcül virusa yoluxanların sayı 1975 nəfər təşkil edir. “Ebola” ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionedə aşkarlanıb.